Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2014

Oqtay Şirəliyevi bitirəsi hesabat

Səhiyyədəki korrupsiyanın qeydə alınan bəzi detalları; hətta psixi xəstələrin də pulu yeyilib...

Büdcə vəsaiti hesabına alınan dərmanlar anbarda saxlanılıb, satınalmalar şəffaf olmayıb, başqa sahələrə ayrılmış pula avtomobillər alınıb və s.

Hesablama Palatasının apardığı auditlər korrupsiya hallarının ölkənin sərhədini belə aşıb. Hər il olduğu kimi, ötən il də müxtəlif dövlət qurumlarında büdcə vəsaitlərinin mənimsənilməsinə dair faktlar aşkarlanıb. Təcrübə göstərir ki, Hesablama Palatasının təqdim etdiyi audit hesabatında mənimsənilmə faktlarının bir hissəsi təqdim edilir. Eyni zamanda onu da demək olar ki, bir çox sahələrdə baş verən korrupsiya hallarının qarısının alınmasında Hesablama Palatası acizdir. Ancaq hətta mənimsəmə hallarının baş verdiyi dövlət qurumlarında Hesablama Palatasının auditinin nəticələrinə nəzər salanda korrupsiyanın hansı miqyasda olduğunu təsəvvür etmək olur.
Yalnız bir sahədə, Səhiyyə Nazirliyinin müəssisələrində qeydə alınan pozuntular və mənimsəmələr hər il dövlətin milyonlarla manat vəsaitinin necə mənimsəndiyini görmək olur.

İşçilərə nəzərdə tutulmayan əməkhaqqı verilib

Auditin nəticələrinin kiçik bir hissəsinə nəzər salaq. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Innovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin icrasının auditi zamanı məlum olub ki, müvafiq normativ aktların tələblərinə riayət edilməməsi nəticəsində nöqsanlara yol verilib. Belə ki, Mərkəz tərəfindən büdcə vəsaiti üzrə proqnozların tərtibi zamanı qanunvericiliyin bir sıra tələbləri gözlənilməyib. Mərkəzin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib və nəticədə xərclər smetasının icrası prosesində bəzi xərc paraqrafları üzrə icra səviyyəsi aşağı olub, bəzi xərclər isə, ümumiyyətlə, icra olunmayıb. Mərkəzin aparatının ştat vahidləri tam komplektləşdirilməyib, vakant vəzifələr üzrə qənaət olunmuş vəsait hesabına Mərkəzin işçilərinə xərclər smetasında nəzərdə tutulmayan əlavə əmək haqqı ödənilib, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinə yanacaq üçün normadan artıq vəsait xərclənib, müvafiq dövlət orqanının razılığı olmadan vəsaitin təyinatı dəyişdirilib, mərkəzləşdirilmiş tədbirlər üzrə ayrılmış vəsait hesabına avtonəqliyyat vasitələri alınıb, satınalmalar zamanı bəzi hallarda qanunvericiliyin tələbləri gözlənilməyib, şərtlər toplusunda nəzərdə tutulmasına baxmayaraq, iddiaçı təşkilatlar tərəfindən təqdim edilmiş sənədlərdə malların (işlərin və xidmətlərin) təsvirinə dair tələblər təqdim edilməyib, malların alınması barədə ilkin təsdiqedici sənədlərdə alınan malların texniki və keyfiyyət göstəriciləri tam göstərilməyib, tenderlərdən daxil olmuş iştirak haqqından tender xərcləri çıxıldıqdan sonra qalan vəsait dövlət büdcəsinə ödənilməyib, Mərkəzə müxtəlif adda inventar və avadanlıqlar alınıb, müvafiq icra hakimiyyəti orqanından razılıq alınmadan satınalma müqaviləsinin razılaşma protokolunda dəyişiklik edilib.

Xəstələrə pulsuz veriləsi dərmanlar anbarda qalıb

Auditin nəticələrindən məlum olur ki, şəkərli diabet üzrə proqramın icrası zamanı bəzi hallarda bu xəstəliyə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları dərman preparatlarının, inyeksiya və özünə nəzarət vasitələrinin dəyərinin ödənilməsi ilə bağlı qaydalara əməl olunmayıb. Nəticədə Mərkəz tərəfindən respublikanın bölgələrindən yerləşən tibbi müəssisələrinə insulin və digər şəkərsalıcı dərman preparatları verilib, dövlət proqramında şəkərli diabet xəstələri üçün qlükometrlərin alışı nəzərdə tutulsa da, bu tədbir eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına da həyata keçirilib, 2013-cü ildə isə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna Mərkəzin anbarında saxlanılıb.

Alınan qlükometrlər bölüşdürülərkən qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı nəzərə alınmayıb, bəzi tibb müəssisələrinə xəstə sayından artıq, bəzilərinə isə xəstələrin sayından az qlükometr verilib. Bakı şəhərində qeydiyyatda olan şəkərli xəstələrin sayı haqqında xəstələrin qeydiyyatda olduqları tibb müəssisələrinin baş həkimlərinin təqdim etdikləri məlumatlarla Səhiyyə Nazirliyi tərəfindən verilmiş məlumatlar fərqli olub, 2012-ci ildə tibb müəssisələrində bir şəkərli diabet xəstəsinə orta hesabla düşən xərc müxtəlif olub, eyni zamanda dövlət proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər, o cümlədən şəkərli diabet xəstələrinin dərman preparatları ilə təmin olunmasının monitorinqini keçirmək məqsədilə kompüter proqramının hazırlanması və tətbiq edilməsi həyata keçirilməyib.

Avadanlıqlar xəstəxanalara çatdırılmayıb

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair dövlət proqramı çərçivəsində alınan dərman preparatlarının müəyyən hissəsi xəstələrin qeydiyyatda olduqları M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına verilib, bir hissəsi isə istifadə müddətinin bitməsinə az qalsa da, Mərkəzin anbarında saxlanılıb. Hesabatda dağınıq skleroz xəstəliyini tutulmuş şəxslərin aşkar edilməsi və vaxtaşırı müayinələrinin təmin edilməsində də ciddi qanun pozuntularına yol verildiyi əksini tapıb.

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Planında nəzərdə tutulmuş xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin və məlumat bazasının yaradılması təmin edilməyib, xəstələr üçün alınmış dərman preparatlarının mərkəzin anbarında saxlanılması onların istifadə müddətinin azalmasına səbəb olub, bəzi dərman preparatlarının 80% yararlılıq müddətində təhvil verilməsi barədə tender müqavilələrinin tələbləri gözlənilməyib, proqram üzrə tələbat düzgün müəyyənləşdirilməyib.

“Ana və uşaqların sağlamlığını qorunması üzrə Tədbirlər Proqramı” çərçivəsində alınan dərman preparatlarının müəyyən hissəsi anbarda qalıb və istifadə olunmayıb.

Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramının icrası üçün alınmış həm tibbi təyinatlı vasitələrin, eləcə də tibbi avadanlıqların il ərzində proqramın icrasını həyata keçirən müəssisələrə vaxtında paylanması təmin edilməyib, dərman preparatları anbarda saxlanılaraq səmərəli istifadə edilməyib, hemofiliya və talasemiya xəstələrinin registri yaradılmayıb, müalicə vasitələrinə olan tələbatın təmin edilməsi və xəstələrə çatdırılma mexanizmi hazırlanmayıb.

Bundan əlavə, Respublika perinatal Mərkəzində olan “Çiller” soyuducu sisteminin təmirini iqtisadi cəhətdən səmərəsiz olmasına baxmayaraq, həmin soyuducu sisteminin təmirinə vəsait ayrılıb, bəzi hallarda vəsaitlər təyinatdan kənar xərclənib, müxtəlif illərdə büdcə vəsaiti hesabına alınan tibbi təyinatlı avadanlıqlar, tibb ləvazimatları, eləcə də digən inventar və avadanlıqlar təyinatı üzrə tibb müəssisələrinə vaxtında paylanmayaraq Mərkəzin anbarında saxlanılıb. Mərkəzin anbar sahəsinin məhdudluğu səbəbindən mal-material dəyərləriləri müvəqqəti saxlanc üçün müqavilə üzrə malgöndərən təşkilatın anbarına təhvil verilib, bəzi hallarda büdcə vəsaiti səmərəli istifadə olunmayıb, bəzi avadanlıqlar üzrə ehtiyatların olmasına baxmayaraq satınalmalar zamanı eyni avadanlıqlar alınıb, lakin istifadəyə verilməyib.

Əsaslı təmir və detal dəyişmə eyni qiymətə rəsmiləşdirilib

Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin balansında olan tibbi texnikanın, digər avadanlıqların təmiri üzrə müqavilələr bağlanılan zaman görüləcək işin həcmi məlum olmadığı halda, müqavilənin dəyəri əvvəlcədən müəyyən edilib, bir sıra hallarda texniki rəylərdə və qüsur aktlarında avadanlıq üzrə zəruri məlumatlar göstərilməyib, müxtəlif tibb avadanlıqlarının təmirinə fərdi yanaşılmadan, təmir işlərinin xarakterləri bilinmədən və ona uyğun təmir haqqı müəyyən edilmədən, təmir işlərinin və texniki rəylərin dəyəri təsdiq edilmiş qiymət cədvəlinə əsasən ödənilib. Görülən işin həcmindən asılı olmayaraq, avadanlığın bir detalının dəyişdirilməsi, yaxud əsaslı təmir olunmasının dəyəri eyni məbləğlə qiymətləndirilib, iş və xidmətlərin görüldüyü tarixə müqavilə olmadan bəzi tibb müəssisələrində təmir işlərinin yerinə yetirilməsinə dair tərtib olunmuş aktlar əsasında vəsait ödənilib, nazirliyin inzibati binasında istifadə olunan avadanlıqların təmiri və rəy verilməsi üçün vəsait Səhiyyə Nazirliyinin mərkəzi aparatına ayrılmış vəsait hesabına ödənilməli olduğu halda Mərkəz tərəfindən ödənilib, bir sıra hallarda fiziki və mənəvi cəhətdən tam köhnəlmiş, müasir tələblərə cavab verməyən və istismar müddətini başa vurmuş avadanlıqlara zavod mütəxəssisləri tərəfindən texniki rəy verilərək vəsait ödənilib.

Bəzi avadanlıqların təmirinə ayrılmış vəsaitin məbləği yeni avadanlığın (sistemin) qiymətinə uyğun olub, görülmüş işlərin tərkibində eyni işlərin təkrar olunmasına baxmayaraq qiymət fərqi üzrə artıq vəsait ödənilib.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında istismar olunan rentgen aparatı zavodun mütəxəssisləri tərəfindən təmir olunduğu və bu məqsədlə vəsait ödənildiyi halda, ondan bir neçə ay sonra aparatın yarasız olması barədə müvafiq akt tərtib edilib, avadanlıq sökülərək istismardan çıxarılıb və bu işlərə görə, habelə avadanlıq istismardan çıxarıldıqdan sonra texniki rəyə görə də əlavə vəsait ödənilib. Balansdan silinmiş əsas vəsaitlərin söküntüsündən əldə edilən yararlı ehtiyac hissələri, detallar və digər materiallar müvafiq komissiya tərəfindən cari bazar dəyəri ilə qiymətləndirilməyib və müvafiq hesabda uçota alınmayıb. Iki halda gömrük rüsumları və ƏDV avadanlığın qiymətinə əlavə olunaraq tibb aparatının dəyəri azaldılaraq mədaxil olunub, əsas vəsait, o cümlədən mal və material, antivirus proqramları müvafiq icra hakimiyyəti orqanından razılıq alınmadan əvəzsiz olaraq Səhiyyə Nazirliyinin mərkəzi aparatına verilib.

Auditlə əhatə olunan dövrdə debitor və kreditor borcu olmuş, borcların ləğv edilməsi üçün müvafiq tədbir görülməyib, debitor və kreditor borclarının reallığı barədə qarşılıqlı üzləşmə aktları tərtib olunmayıb. Mərkəzin mühasibatlığında Milli Mühasibat Uçotunun yeni standartları tətbiq edilməyib. Audit nəticəsində dövlət büdcəsinə 22669,5 manat ödənilib.

Psixiatriya xəstəxanasında yeyinti

Dövlət Büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat, Mamalıq və Genikologiya Institutuna ayrılan vəsaitlərin icrasının auditi aparılıb. Nəticədə bir sıra nöqsanlar və yeyintilərin olduğu aşkar edilib və 4890,0 manat dövlət büdcəsinə qaytarılıb. 
Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi nəticəsində nöqsanlara yol verildiyini aşkarlanıb.

Səhiyyə Nazirliyinin 3 saylı şəhər klinik xəstəxanasına  ayrılan vəsaitlərin icrasının auditi aparılıb. Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə təqdim olunmuş məlumatda dövlət büdcəsinə 48544,7 manat vəsaitin bərpa olunduğu qeyd edilib.

Biləsuvar və Sabirabad Mərkəzi rayon xəstəxanalarına ayrılan vəsaitin proqnozlaşdırılması və icrasının auditi nəticəsində də nöqsanlar aşkarlanıb. Hər iki rayon xəstəxanasından dövlət büdcəsinə müvafiq olaraq 5088,7 və 33066,8 manat bərpa edilib.
Bütün bunlar Hesablama Palatasının audit yoxlamasınını kiçik bir hissəsidir./azadlıq/

1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber