Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Plastik qapı-pəncərəli Qız qalası

Milyonlara təmir olunan tarixi abidə gülməli duruma salınıb

Hündürlüyü 28, diametri birinci mərtəbədə 16,5, birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatan, daxili hissəsi 8 mərtəbəyə bölünən, hər mərtəbə yonma daşlarla tikilən, günbəz formalı tavanla örtülən Bakının düz göbəyində bir qala ucalır. XII əsrə aid hesab olunan bu abidənin yəqin ki, çoxlarınız görüb. Söhbət Qız qalasından gedir.

Bu abidə haqda nə qədər miflər, əsatirlər, rəvayətlər mövcuddursa, başına da bir o qədər işlər gəlib. Min bir hala salınıb, dəyişilib, əvvəlki formasını itirib. Kənardan baxanda ümumi görünüşün ötən əsrdə çəkilən şəkillərlə eyni olduğu anlama gəlir. Di gəl, içərisinə baxanda, mərtəbələri bir-bir gəzəndə hər şeyin əksi olduğunu duyursan. Bilmirsən bura Qız qalasıdır, yoxsa bir imkanlı şəxsin yeni inşa etdirdiyi, villasına qonaq gələn şəxsləri daha da əyləndirmək, onlara xoş görünmək, könüllərini almaq üçün qurduğu məzhəkə. Heç vaxt yeniliyin əleyhinə olmamışıq. Əksinə, yenilik, müasirlik gözəl şeydir. Bu abidələrə də şamil olunmalı, onlar da qorunmalı, nəsildən-nəsilə ötrülməlidir. Di gəl, burada bir nüansı yaddan çıxartmamalıyıq. Xüsusən tarixi abidədən söhbət gedirsə, müəyyən dəyişikliklər olmalı, yenilənməlidir, ancaq bu onun keçmişinə xələl gətirilməməlidir. Qız qalasında isə hər şey əksinədir.

Plastik pəncərələr, nikelli qapılar, abidə ilə bağlı informasiya almaq istəyənlər üçün hər mərtəbədə monitorlar və üstəlik, nəzarətçilər, effektli işıqlar, divarlara vurulmuş gözoxşayan, əllə treaktoriyasını dəyişdirilməsi mümkün olan lampalar, həzin musiqi, daha nələr, nələr... 2 manat ödəyib bilet alıb içəri keçirik. Dəmirdən olan dar pilləkənlər işıldayır. Öncə bunun ağardıldığını zənn edirik. Sonradan məlum olur ki, bərkitmə işləri gedərkən pilləkənlər bahalı nikellərlə dəyişdirilib.

Hər mərtəbədə balaca və böyük pəncərə yerləri var. Əvvəllər ora dəmir “reşotka”lar vurulmuşdu. Indi isə onu plastik pəncərələr əvəzləyib. Diqqətlə oxuyun. XII əsrin abidəsi və plastik pəncərələr. XII əsr hara plastik pəncərə hara?! Heç ötən əsrin sonlarında belə plastik pəncərə yox idi. Ancaq sən demə, bizim Qız qalamızda 9 əsr bundan öncə Avropa istehsalı olan qapı-pəncərələr olub. Gülməlidir, deyilmi? Ola bilsin ağlamalıdır. 

Tarixə diqqət yetirsək, Qız qalasıyla bağlı rəvayətlərə nəzər salsaq, görərik ki, bir xanımı atası (yaxud qardaşı) cəzalandıraraq bura salıb. Düzdür, bu barədə çoxlu əfsanələr mövcuddur. Hələlik, bu qalanın niyə Qız qalası adlandırılması haqda dəqiq bir məlumat yoxdur. Hər şey rəvayətlərə istinaddır. Ancaq hər nədirsə, Qız qalasında o zaman plastik pəncərələr olmayıb.

Yaxud götürək rəngəbərəng çil-çıraqları, işıq effektlərini. Adam bilmir tarixi abidəni seyr etməyə, yoxsa əcnəbi musiqi sədaları altında diskotekaya gəlib. Xəzərin o plastik pəncərələrin der-deşiyindən içəri saldığı küləyin mehi, ətrafda səs-küy, maşınların uğultusu buna əlavə əcaib rəng qatır.

Əgər kimsə plastik pəncərələrin və başqa müasir avadanlıqların Qiz qalası kimi tarixi abidəyə həkk edilməsini anlayışla qarşılayırsa, bunu normal hal hesab edirsə və o cümlədən düşünürsə ki, elə o dövrdə bu belə olub, etiraz etmərik. Sadəcə bir sual vermək lazımdır. Plastik qapı-pəncərələr və bu sayaq avadanlıqlar elə o vaxtda Qız qalasında var idisə, niyə tarixə hələ də məlum olmayan o qız tənhalıqdan bezib intihar edirdi? Adam da o cür musiqi sədaları altında olan bir villadan özünü dənizə atar? Ümumiyyətlə, bu mümkün deyil. Qapıları, plastik pəncərələri sındırmaq müşkül məsələdir. Çünki plastik pəncərələrdən öncə dəmirdən qapı quraşdırılıb. Bu da bir yenilikdir. Yəni Pəncərədən aşağı baxmaq istəyirsənsə, gözətçidən, nəzarətçidən xahiş etməlisən, o da qapını açmalıdır, daha sonra sən plastik pəncərədən aşağı boylana bilərsən.

Texnika daha sürətlə inkişaf edir. Yəqin ki, bir-iki ilə (bəlkə də tez) Qız qalasında ayfonlara (iPhone), aypədlərə (iPad), Samsunq Qalaksi (Samsung Galaxy) planşetlərinə rast gələcəyik. Əgər XII əsrdə plastik qapı-pəncərə, çil-çıraqlar sifariş verən o qızın atası, yaxud da qardaşı, yəqin ki, bu markalı telefonla, planşetlərlə birlikdə “Beko”nun soyuducusunu, “Samsunq”un paltaryuyan, “Siemens”in qabyuyan, “Tefal”ın ətçəkən maşınlarını, “Bosch”un kondisionerlərini, “Sinbo”nun tozsoranını, “Rowenta”nın ütülərini, saçqırxanlarını, “Ariete”nin şirəçəkənlərini sifariş edib.

Bir sözlə, biabır olduq...

/azadlıq/

1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...