Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

“Bu dəqiqə əsəbdən ürəyim partlayacaq”

Gülər Əhmədova: “Bu dəqiqə əsəbdən ürəyim partlayacaq”
Sabiq millət vəkilinin məhkəməsində gərgin anlar yaşanıb

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə ekspert Hümbət Vəliyevin dindirilməsi davam etdirilib.

Ekspert bildirib ki, Sevinc Babayevanın eksperimental səs nümunəsinin olması barədə rəydə yazılanlar texniki səhvdir. Ekspert birinci təqdim olunan diskdə bəzi kəsilmələrin olduğunu, səsin itdiyini bildirib. H. Vəliyev bunun hansı səbəbdən olduğunu bilmədiyini deyib: “İkinci dəfə təqdim olunan diskdə isə pozulma yoxdur”.

Gülər Əhmədovanın vəkilləri ekspertə suallar versələr də, prokuror onların bəzilərinin cavablandırılmasına etiraz edib.

Gülər Əhmədova isə prokurorun bu hərəkətinə etiraz bildirib: “Siz burda qoymursunuz ki, kimsə ağzını aça. Bu dəqiqə əsəbdən ürəyim partlayacaq”.

Daha sonra G. Əhmədova ekspertə suallar ünvanlayaraq bildirib ki, ekspert rəyinin bir neçə yerində “eksperimental səs nümunəsi” ifadəsi işlədilib: “Texniki qüsur bir olar, iki olar, bu ifadə hər yerdə yazılıb. Bircə dəfə mənim üzümə baxın və bu “texniki qüsur”a görə məndə üzr istəyin”.

Dövlət ittihamçısı buna etiraz edərək, şahidə təzyiq edildiyini bildirib.

Gülər Əhmədova videomaterialda bir neçə yerdə onların başının aşağı olduğunu deyib, belə olan halda artikulyasiyanın necə müəyyənləşdirilməsi ilə maraqlanıb.

Ekspert isə ona cavab olaraq artikulyasiyanın aydın göründüyünü deyib.

Dövlət ittihamçısı G. Əhmədovanın suallarına yenidən etiraz edib. Hakim etirazı qəbul edərək, sualları konkretləşdirməyi xahiş edib və prosesdə fasilə elan olunub.

Fasilədən sonra G. Əhmədova Sevinc Babayevanın, Elşad Abdullayevin sərbəst səs nümunələrinin nədən ibarət olduğunu ekspertdən soruşub.

Ekspert isə deyib ki, E. Abdullayevin səs nümunələri onun televiziya çıxışlarından, S. Babayevanın səs nümunələri E Abdullayev haqda danışdığı və internetdə yayılan videomateriallardan, G .Əhmədovanın səs nümunələri televiziyada efirə gedən “Xalq seçir” verilişindən götürülüb.

G. Əhmədova ekspertə müraciətlə ondan videomaterialda pul görüb-görmədiyini soruşub. Ekspert Hümbət Vəliyev isə ona “xeyr” cavabı verib.

Daha sonra prosesdə baş ekspert Lətif Əliyev ifadə verib. O, suallara cavab olaraq həmin materialların montaj olub-olmadığına istintaqın qiymət verə biləcəyini açıqlayıb.

Prosesdə fasilə elan edilib. Məhkəmə günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından alınaraq, hakim Əflatun Qasımovun icraatına verilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir./apa/
1354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber