Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

İlham Əliyevə ilginc müraciət

Əli Hüseynov elm sahəsində baş vermiş biabırçı faktları diqqətə çatdırır

İqtisadçı Əli Hüseynov ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir surəti də ölkə başçısının xanımı Mehriban Əliyevaya, xarici işlər naziri Elmar Məmmədyarova Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə, Rusiya səfirliyinə və KIV-lərə göndərilib. Əli Hüseynov müraciətində elm sahəsində baş verənlərlə bağlı maraqlı faktları diqqətə çatdırır. Müraciəti olduğu kimi təqdim edirik: 

“Bizi başa düşmək üçün, məmurların qapılarında ”sürünmək" lazımdır"
“Cənab prezident, artıq bir dəfə Sizə müraciət etmişik və bir nəticəsi olmayıb. Odur ki, ikinci və çox yəqin ki, sonuncu dəfə Sizə və YUNESKO-nun Azərbaycandakı təmsilçilərinə müraciət edirik. Bu müraciəti bəzi dəyişikliklərlə (monoqrafiyalarım, məqalələrim və s. barəsində daha geniş məlumatlarla) hələ 25 fevral 2014-cü il tarixində Ali Attestasiya Komissiyasının (AAK) sədri, akademik Arif Mehdiyevin adına qeydiyyatdan keçirmişdik (H H-175). Yenə heç bir yazılı cavab ala bilmədiyimizdən ”Bizim yol" qəzetində “Bəlkə mən də Zaur Həsənov kimi özümü yandırım?!” başlağı ilə çap etdirdik. Amma, susmağı razılıq əlaməti saymasaq (yəni “yandırırsansa yandır”) hər hansı bir cavab verilmir. Onda bir vətəndaş kimi nə etməliyik və yaxud da Siz bizim yerimizdə olsaydınız nə edərdiniz və yaxud da bu qədər “sındırılan” vətəndaşlardan bəziləri dözməyib intihar edəndə niyə təəccüblənirlər və qınayırlar?!
Doğrusu ümid etmirik ki, Siz də bizi başa düşərsiniz: 1. Başa düşülsəydik, elə birinci dəfədən, yəni çoxdan başa düşülərdik. 2. Atalar demişkən “ağacdan yıxılanın halını yalnız acadan yıxılan bilər”. Bizi başa düşmək üçün, ən azı “kolxozçunun oğlu” olaraq doğulmaq və 15 il ərzində məmurların qapılarında “sürünmək” lazımdır. Yoxsa intihar edənlər, canlarını məmurlardan azmı sevirlər?! Insanları o həddə çatdırırlar ki, artıq onlar üçün heç nəyin fərqi qalmır! Məsələn, AAK-ın belə süründürməçiliyindən infarkt olaraq, dünyasını dəyişmiş ən azı 3-4 adamı şəxsən tanıyırdıq. Adlarını da sadalaya bilərik. AAK isə yəqin ki, onların məhz bu səbəbdən infarkt olduqlarını “sübut” edən həkim arayışını tələb edəcək..!
Beləliklə, Azərbaycan AAK-ın və müxtəlif məmurların diqqətinə çatdırmaqdan hədsiz yorulduğumuz bir problemi bir daha diqqətinizə çatdırırıq. Birinci müraciətimizdə də qeyd olunduğundan, bildiyiniz kimi, 08 fevral 2000-ci ildə Sankt-Peterburq Dövlət Iqtisad və Maliyyə Universitetində (SPbDIMU), yekdil səsvermə ilə müdafiə olunmuş doktorluq dissertasiyamızın, artıq 15-ci ildir ki, AAK-da təsdiqinə heç cürə nail ola bilmirik. Ən problemlisi də budur ki, Azərbaycan AAK-dan yazılı müraciət və ərizələrimizə heç cürə yazılı cavab ala bilmirik.
Bu necə ölkədir, necə cəmiyyətdir?
Cənab prezident, özünüz deyin, nə etməliyik ki, tələbəsi kimi 1993-cü ildə fərqlənmə diplomu ilə bitirdiyimiz, aspirantı kimi namizədlik və doktorantı kimi doktorluq dissertasiyalarımızı da oradaca vaxtından qabaq müdafiə etdiyimiz, bütün dünyada iqtisad elminin ən güclü tədris və tədqiqat mərkəzlərindən biri sayılan SPbDIMU-in “Müdafiə Şurası”nda, səsvermənin nəticələrinə əsasən “yekdilliklə” bəyənilmiş dissertasiyamızın, Azərbaycan AAK-nı heç cürə qane etməməsinin sirrini bilək?! Bilək ki, dissetasiyamız Azərbaycan AAK-ın hətta ən “minimum” tələblərinə belə niyə heç cürə uyğun gəlmir?!
Hazırda bizim dissertasiyamıza qarşı qoyulan irad ondan ibarətdir ki, xaricdə çap olunmuş əsərlərimizin sayı (ən azı 3 məqalə) yetərli deyil. Halbuki xaricdə (RF) iki monoqrafiyamız və 4 məqaləmiz çap olunub, 6 məqaləmiz isə Rusiya Elmlər Akademiyasının (REA) INION curnalında deponentə qoyulub. Amma, bunların hamısı Azərbaycan AAK-na 3 məqalə əvəzinə kifayət etmir. Şifahi bildirilir ki, REA INION curnalında deponentə qoyulmuş, Rusiyada az qala ən nüfuzlu sayılan 6 məqaləmiz qəbul edilmir. “Niyə”sini də bilmək olmur.
Yenidən 3 məqaləni xaricdə çap etdirmək üçün, vaxt itkisindən başqa, xeyli vəsait lazımdır. Həqiqi elmi yeniliyi olan məqalələri çap da etmirlər. Məsələn, neçə ildir ki, hazır məqaləmizi (“Yazıkovıe barerı kak ekzoqennıy faktor inflyaçionnıx proçessov”) heç yerdə çap etdirə bilmirik. Halbuki, iqtisadi nəzəriyyədə “dil baryerləri” inflyasiya amili kimi əvvəllər heç vaxt araşdırılmamışdır. Bunula belə, açıqdan-açığa internetdən köçürmə məqalələrin “bəh-bəhlə” çap olunması adi haldır. Odur ki, çarəsiz qalıb aparıcı alimlərimizin əsərlərini araşdırmaq və nəticələrini mətbuatda “işıqlandırmaq” məcburiyyətindəyik. Onlar da bizim əsərlərimizi konstruktiv təhlil etsələr. Minnətdar olarıq!
Azərbaycanda yüksək vəzifə tutan məmurların əksəriyyəti postsovet dönəmində Rusiyada təmənna ilə müdafiə ediblər. Məsələn, bizim universitetdə bu prosses “Azərbaycan üzrə seleksioner” (hansı ki, sonralar yoxa çıxdı və 3-4 aydan sonra cənazəsi Neva çayında tapıldı) Rafiq Nuruş oğlu Quliyev - dissertasiyaları “hazırlayan” Rusiyanın Əməkdar elm xadimi Aleksandr Ivanoviç Dobrınin - Rusiya AAK-da “məsələləri həll edən” Qalina Pavlovna Juravleva “konveyeri” vasitəsi ilə həyata keçirilirdi. Sonralar Rusiya AAK-da bəzi şəxslərin həbsi təsadüfi deyildi. RF AAK-da bizə yaradılan problemlər də bu “konveyerdən” kənarda olmağımızla bağlı idi.
Şübhəsiz, bu qədər zəhmətimizə heyfimiz gəlsə də, bu elmi dərəcəsiz də yaşaya bilərik. Amma, bir halda ki, bu ölkədə anadan olmuşuq və bu ölkənin vətəndaşıyıq, sadəcə bilmək istəyirik, bu necə ölkədir, necə cəmiyyətdir? Yoxsa özümüzü tərifləməklə iş bitirmi? Bir sözlə, başa düşə bilmirik ki, niyə qafqazlıları, xüsusən də azərbaycanlıları bu qədər sevməyən Rusiyada 2 il 2 aya yazıb, müdafiə etdiyimiz dissertasiyanın “taleyini”, doğma Vətənimizdə, 14-15 il ərzində, heç cürə həll edə bilmirik?! Onda, təəsüf ki, belə suallar da meydana çıxır: 1. Rusiyamı bizim kimilərə daha ədalətli və “doğma” münasibət göstərir, yoxsa “doğma” Vətənimizmi?! 2. Niyə “doğma” Vətənimiz bizə qarşı, “ögey” Rusiyadan da “ögeydir”?! və s.
Doğrusu bu “ögeylik”dən yalnız tədqiqatçılar və alimlər əziyyət çəksəydilər, fikir verməmək də olardı. Çünki, bir neçə yüz “imkansız” tədqiqatçının və alimin AAK tərfindən “sındırılması”, elmdən soyutması, ümidsizliyə qapatması və sairə, cəmiyyət miqyasında heç kimi narahat etməyəcək. Ancaq, vətənimizin belə “ögeyliyinə” görə, RF yaşayan 2 milyondan artıq həmyerlilərimiz (əksəriyyəti də cavan oğlanlar və kişilər), orada kütləvi surətdə sıxışdırılmalarına - əhalisi tərəfindən təhqir olunmalarına, milisi tərəfindən dəyənəklərlə döyülmələrinə, skinxedlər tərəfindən öldürülmələrinə və şikəst edilmələrinə və sairəyə baxmayaraq heç cürə geri “doğma” Vətəninə - Azərbaycana qayıtmaq istəməmələri, “ögey” Rusiyada qalmağa üstünlük vermələri, bəlkə narahat edər?! Axı bizə heç olmasa Qarabağ müharibəsi üçün əsgər lazımdır. Doğrusu, ruslar da başa düşmürlər ki, niyə bu “qaralar”, bu qədər sıxışdırmağımıza və hətta qoca ata-analarının yalvarışlarına baxmayaraq, elə “yaxşı” Azərbaycana qayıtmayıb, belə “pis” adlandırdıqları Rusiyada qalırlar?! Doğrudan da maraqlı deyilmi?! Doğrudur, Vətənimizi sevməliyik! “Imkanlılar”a qarşı “doğma”, bizlərə-"imkansızlar"a qarşı isə “ögey” olmasına da dözməliyik. Amma, həqiqətən şair demişkən “vətən, çoxmu sevir məni bu vətən?!”. 

Zaur Həsənov kimi özümüzü yandıraq?
Cənab prezident, onu da bilmək istərdik ki, əgər kolxozçunun yox, məmurun oğlu olsaydıq, rəhmətlik atamız da Böyük Vətən müharibəsinin əlili olmasaydı, bir çox elmlər doktorlarının və onlara bu elmi dərəcələri verənlərin ataları kimi, “imkan” (yenə “imkan”!) tapıb “arxa cəbhədə” qalaraq, özünə karyera qurmuş olsaydı, biz də “imkanlı” olmazdıqmı?! Bəlkə buna görə “imkanlılar”ın balaları 1 milyon dollara ayı kababını yeyəndə, Qarabağ əlilləri özlərini yandırası, biz isə məmur “qapılarında” 15 il (hələ nə qədər davam edəcək də bilinmir) “sürünəsi” oluruq?! Hazırda bütün bu problemlərimizi bir çox beynəlxalq təşkilatlar və o cümlədən də Rusiya səfirliyi qarşısında qaldırmaqdan və lazım gələrsə məhkəmə istinsiyalarının bütün pillələrini keçməkdən başqa carəmiz qalırmı?! Yoxsa həqiqətən də Zaur Həsənov kimi biz də özümüzü AAK-ın qarşısında, uşağımızın “ata!”, “ata!” çığırtıları altında yandırmalıyıq ki, problemlərimizə müəyyən qədər diqqət verilsin?!
Yeri gəlmişkən, Zaur Həsənov özünü yandıranda deyirdilər ki, Siz çox sarsılmısınız. Allah eləməsin, biz də özümü AAK-ın qarşısında yandırası olsaq, yenə, heç olmasa bir az, sarsılacaqsınızmı, cənab prezident?! Yoxsa digər Qarabağ qazilərinin də özlərini yandırmaları nəticəsində buna artıq alışmısınız?! Onda biz Azərbaycanda “ƏDALƏTI” harda axtaraq və necə tapaq?! Bəlkə buna görə, hazırda Azərbaycanda elmi dərəcələri və rütbələri almaq üçün elm nəinki əsas meyar deyil, hətta o qədər vacib də deyil. Bunu da hamı bilir, amma demir. Çünki, şair demişkən “kəsilmiş nə qədər düşünən başlar, boğulmuş nə qədər haqq danışanlar!”. Fikirləşirlər ki, “ədalətdən” ümidləri kəsilsə də, başları “kəsilməsin”!
Cənab prezident, inanın bizə, məmurların belə ədalətsizliyi o qədər boğaza yığır ki, ölmək yaşamaqdan üstün olur. Son dövrlər Azərbaycanda intihar hadisələrinin bu qədər çoxalmasının əsas səbəbələrindən birisi də budur. Milli Məslisdə (MM) Sosial-iqtisadi siyasət komitəsinin sədri Hadı Rəcəblinin, son dərəcə qəribə məntiqlə əlaqələndirdiyi “ailələrdə uşaqların azlığı” ilə deyil. “Sosial problemlər”imizin həlli ilə məşğul olan komissiyanın sədrinin heç ağlına da gəlmirsə ki, bu olan uşaqları da dolandıra bilməməyindən də ola bilər, “sosial problemlərimiz” necə həll olunar?! 

“Məmurlar balalarını intihar edənlərin yerində təssəvvür etsinlər”
MM-də “Insan hüquqları”mızla (əcəba!) məşğul olan Daimi Komissiyanını sədri, yeri gəlmişkən fəlsəfə elmləri doktoru(!) Rəbiyyət Aslanovanın məntiqi isə ondan da qəribədir. Çünki o, bütün bunların “günahını”, cəmiyyətin güzgüsü sayılan KIV-də görür. Yəqin buna görə camaatımız MM-si öz aralarında “deputatxana” adlandırırlar?! Belə deputatlara və məmurlara demək istərdik ki, intiharların qarşısını almaq üçün, “imkanlı” məmurların, imkan tapıb özlərini və yaxud da balalarını intihar edənlərin yerində təssəvvür etmələri kifayət edər. Nə qədər yaxşı təsəvvür edə bilsələr, intiharların sayı da bir o qədər az olar!
Çox hörmətli prezident, bu müraciətimizin də hansısa bir nəticə verəcəyinə bir o qədər də ümid etmirik. Çünki, “bura Azərbaycandır” ifadəsinin mənası “onsuz da düzələn deyil, işi bir Allaha qalıb” imiş! Odur ki, təşəkkürümüzü əvvəlcədən bildirmək istəyirik! Onu da bildirmək istəyirik ki, bu problemlərimizə “həsr olunmuş” yazılarımızı (o cümlədən də bu müraciətimizi) “birləşdirmək” yolu ilə hazırlayacağımız kitabçanı tarix üçün qoymaq niyyətindəyik. Söz və mətbuat azadlıqlarına baxmayaraq, çap etməkdən çəkinməyəcək KIV tapa bilsək, çap da etdirəsiyik ki, sonradan heç bir məmur və ya qurum onların xəbəri olmadığını deyə bilməsin. Bundan sonra da heç nə dəyişilməsə, çarəsiz qalıb, beynəlxalq təşkilatlara və məhkəmələrə müraciətlər etmək, hətta, Azərbaycan AAK-ın artıq nostrofikasiya etdiyi “namizədlik” diplomunu geri (ola bilsin YUNESKO-ya) qaytarmaq, bizə ögey münasibət bəsləyən doğma vətənimizi isə tərk etmək (və s.) barəsində düşünmək məcburiyyətində olasıyıq. Ümidvarıq, soradan bizi heç olmasa qınamazlar. Çünki, 15 il ərzində vaxt tapıb, özlərini də qınayaydılar!
Böyük hörmət və ehtiramla, amma, tam ümidsizliklə"./azadlıq/
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi