Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Ukraynanı dağıdan QRU zabiti ilk dəfə üzə çıxdı və özünü komandan elan etdi

Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən İqor Strelkov ilk dəfə üzə çıxıb və özünü komandan elan edib.

Rusiya xüsusi xidmət orqanlarına bağlı LifeNews internet telekanalı Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində mətbuat konfransı keçirən Strelkovun görüntülərini yayıb.

Reportajda bildirilir ki, qondarma “Donetsk Xalq Respublikası”nın müvəqqəti “hökumətinin” rəhbəri Denis Puşilin özünümüdafiə qüvvələrinin komandanının bundan sonra İqor Strelkov olduğunu və Ukraynanın cənub-şərqində qurulmuş blok-postların ona tabe olduğunu açıqlayıb. Bu zaman İ.Strelkovun hansı ölkə vətəndaşı olduğu və əvvəl nə işlə məşğul olduğu açıqlanmayıb.

Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti Strelkovun yüksək rütbəli QRU zabiti olduğunu müəyyən edib və onun Moskva ilə telefon danışıqlarını qeydə alıb. Telefon danışıqlarından məlum olur ki, Strelkov bundan əvvəl Krımda QRU- nun diversiya əməliyyatlarına rəhbərlik edib, daha sonra Ukraynanın şərqinə göndərilib. Hazırda o, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Slavyanskda keçirdiyi mətbuat konfransında Strelkov qısa yazılı bəyanat oxuyub.

Daha sonra o, “Komsomolskaya Pravda” qəzetinə videomüsahibə verərək deyib ki, onun tabeçiliyində olan qüvvələr Ukrayna hərbçilərinə və onların blok postlarına atəş açmaq əmri alıb. QRU zabiti deyib ki, əgər özünümüdafiə qüvvələrinin mövqelərinə hücumlar dayandırılmasa onlar Ukrayna hərbçilərini öldürməyə hazırdır. “Biz başa düşürük ki, əgər biz onları öldürməyə başlasaq, hansı ki, bizim belə imkanımız var, biz öz qardaşlarımızı öldürmüş olacağıq. Bunu bizim düşmənlərimiz başa düşür və istifadə etməyə çalışır, çağırışçı əsgərləri üstümüzə göndərir. “Sağ sektor”un və Milli Qvardiyanın üzvləri isə onların arxasında gizlənir. Belə vəziyyət yaranıb ki, biz ekstremistlərə və muzdlulara atəş açmalı olsaq istər-istməz Ukrayna ordusunun əsgərlərini də vurmuş olacağıq” deyə Strelkov bildirib.

Strelkov onun dəstəsinin üzvlərinin yaxşı döyüş təcrübəsinə malik olduqlarını,Rusiya və Ukrayna ordusunun sıralarında xidmət keçdiyini deyib. Bildirib ki, Çeçenistanda, Orta Asiyada, keçmiş Yuqoslaviyada, İraqda döyüşən çoxlu adamlar onlara qoşulub. QRU zabiti sərəncamlarında kifayət qədər silah-sursat olduğunu da deyib. Bildirib ki, bu silahlar milis bölmələrindən və Ukrayna ordusunun hərbi hissələrindən ələ keçirilib. Strelkov “əhalinin 80 faizdən çoxunun Rusiyaya birləşmək istədiyini” də deyib.

LifeNews kanalının bu gün səhər saatlarında yaydığı digər xəbərə görə, Donetskin “özünümüdafiə qüvvələri” Ukrayna Təhlükəsizlik Xidmətinin üç yüksək rütbəli zabitini ələ keçiriblər. Kanal əsir götürülən hərbçilərin görüntülərini də yayıb.

Kadrlardan görünür ki, onların şalvarları soyundurulub və ikisinin gözləri bağlıdır. Bildirilir ki, əsir götürülənlər podpolkovnik, mayor və kapitan rütbəlidir. Onların Qorlovka şəhərinə daxil olaraq yerli milis idarəsinə nəzarət edən separatçı İqor Bezleri tutmaq əmri aldıqları açıqlanıb. İqor Strelkov Ukrayna təhlükəsizlik Xidmətinin zabitlərinin ancaq bir şərtlə azad oluna biləcəyini deyib: onların “oğurlanan” əməkdaşları və yoldaşları buraxılsın. Əsirlərin “Alfa” xüsusi təyinatlı dəstəsinin üzvləri olduqları bildirilir./virtualaz/
1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35