Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Aclıq edən "NİDA"çıların durumu kritikdir

Vəkil Fariz Namazlı “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri Bəxtiyar Quliyev və Məmməd Əzizovla görüşüb. “Media forum” saytına danışan vəkil deyib ki, gənclərin durumunda ciddi geriləmə hiss edilir: “Solublar, səsləri zəifləyib, halsızdırlar. Vəziyyətləri ürəkaçan deyil. Amma fikirlərində qətidirlər, aclığı davam etdirirlər. İndiyə qədər hər hansı həkim gəncləri müayinə etməyib. Ümumiyyətlə, Bakı İstintaq Təcridxanasında onlara elə də yaxşı münasibət yoxdur. İki-üç gün əvvəl Ombudsman Aparatından baş çəkiblər, gəncləri aclığı dayandırmağa çağırıblar”. Vəkil bildirib ki, istintaq təcridxanasının rəis müavini aprelin 26-da “Nida” üzvləri ilə görüşüb: “O da aclığı dayandırmağı tövsiyə edib. Əks halda məcburi qidalandırma üsuluna əl atılacağını, qanunun buna imkan verdiyini nəzərə çatdırıb. Amma aclıq edənlər qətiyyətlidirlər”.

Fariz Namazlı əlavə edib ki, gənclər məhkəmə üçün birgə son söz hazırlayıblar, amma son sözü kimin oxuyacağı dəqiq bilinmir. Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib. “Nida”çılar həmin gündən buna etiraz olaraq aclıq aksiyası keçirir. Mayın 1-də “Nida” üzvlərinin məhkəmədə son söz deyəcəyi gözlənir./azadlıq/
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...