Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Pərviz Həşimlinin üzünə duran adam məhkəmədə ifşa olundu

Təvəkkül Qurbanovla bağlı xeyli ziddiyyətlər ortaya çıxdı

Ötən ilin sentyabrında həbs olunmuş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə dünən Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası keçirildi.

Məhkəmə Pərviz Həşimlinin vəsatəti ilə başladı. Jurnalist hakimdən onun evinin qarşısındakı müşahidə kamerasının yaddaşının MTN-dən sorğu vasitəsilə alınması haqda vəsatət qaldırdı: “Kameranın yaddaş kartı məhkəməyə təqdim olunsa, silahları mənim evimə MTN-in Antiterror Mərkəzinin işçilərinin özlərinin atdığı məlum olacaq. Məhkəmədən xahiş edirəm, vəsatəti təmin etsin, yaddaş kartının MTN-dən gətirilməsini tələb etsin, onda hər şey məlum olacaq”.

Bundan sonra Pərviz Həşimlinin vəkilləri digər müttəhim Təvəkkül Qurbanova suallar ünvanladılar. Hansı şəraitdə həbs olunması haqda suala cavabında Təvəkkül Qurbanov dedi ki, onun maşınında həbs olunublar. Ibtidai istintaqa ifadəsində isə yazıb ki, Pərviz Həşimli avtomobilin yanında saxlanılıb.

Bundan başqa, o, məhkəmədə dedi ki, guya, Pərviz ona 15 min dollar verib. Bunun 12 min dollarını Irandan silah gətirən şəxsə verməliymiş, qalan 3 mini də özünə götürməliymiş. Ancaq istintaqa ifadəsində göstərilib ki, Pərviz əvvəlcə ona 12 min dollar, sonra da əlavə olaraq 3 min dollar verib.

Təvəkkül Qurbanovun ifadələrindəki başqa bir uyğunsuzluq silahları alan zaman onların sellofana bükülü olması məsələsində ortaya çıxdı. Məhkəmədə çıxışında isə bildirmişdi ki, silahlar kağıza bükülüb.
Təvəkkül Qurbanov bu ziddiyyətlərin heç birinə aydınlıq gətirə bilmədi.

Təvəkkül iddia edir ki, guya, bu hadisədən əvvəl Pərvizi 2005-ci ildə görüb. Hakim ona belə bir sual ünvanladı: “Necə oldu ki, bu neçə ildən sonra Pərviz birdən-birə sizinlə Irandan silah gətirmək barədə söhbət etdi?”.
Təvəkkül Qurbanov bu suala da cavab verə bilmədi.

Pərviz Həşimli də növbəsində Təvəkkül Qurbanovun yalan danışdığını bildirdi. Qeyd etdi ki, 2005-ci ildə o, hərbi xidmətdə idi: “Mənə bunun özü zəng eləyib. Telefonuma baxsanız, bu adamın adını belə, yaddaşa yazmamışam. Çünki mənim üçün əhəmiyyətli adam olmayıb”.
Bu iş üzrə məhkəmə prosesi mayın 1-də davam edəcək.

Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı qanunsuz silah saxlama və silah qaçaqmalçılığı ittihamları irəli sürülüb.

Pərviz Həşimli ittihamları qəbul etmir, həbsinin jurnalist və hüquq müdafiəçisi kimi peşə fəaliyyətilə bağlı olduğunu bəyan edir. Elə yerli və beynəlxalq ictimaiyyət də onun sifarişlə həbs olunduğu qənaətindədir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb./azadlıq/
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı