Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

İctimaiyyətdən Leyla Yunusa böyük dəstək

Hakimiyyət hüquq müdafiəçisinə qarşı etdiklərinə görə sərt reaksiyalarla üzləşdi

Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunusla bağlı baş verənlər Azərbaycan ictimaiyyətini ayağa qaldırıb.

Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri qətiyyətlə pisləyib: “Baş verənlər gözlənilən idi. Milli Şuranın bəyanatında hadisələrin belə inkişafı ehtimalı proqnozlaşdırılmışdı. Yunusların başına gələnlər Konstitusiya və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla bir araya sığmır.
Leyla Yunus fədakar hüquq müdafiəçisidir. Uzun illərdir, o, siyasi motivlərlə təqib olunan şəxslərin hüquqlarını ardıcıl olaraq müdafiə edir. O, öz vicdanını satmayan və ədalətsizliyə qarşı uzun mübarizə yolu keçən azsaylı insanlardan biridir".

Onun fikrincə, Yunus məhz fəal hüquq-müdafiə fəaliyyətinə və Milli Şuranın üzvlüyünə görə təqib edilir.
“Martın 3-də AXCP ofisi partladıldıqdan sonra Koordinasiya Şurasının iclasları Rövşən Əhmədlinin rəhbərlik etdiyi QHT-nin ofisində keçirilirdi. Lakin məkan sahibi onunla icarə müqaviləsini ləğv edib. Bundan sonra Milli Şuranın Koordinasiya Şurasının iclasları Sülh və Demokratiya Institutunun ofisində keçirilirdi. Biz artıq yarı zarafat - yarı ciddi hakimiyyətin bu ofisi də abadlaşdırma bəhanəsi ilə sökəcəyini proqnozlaşdırırdıq. Amma görünür, biz səhv etmişik, hakimiyyət daha ağır yol seçərək, Leyla Yunusu dövlətə xəyanətdə ittiham etməyə cəhd edib”, - deyə Həsənli qeyd edib.

İbrahimbəyovdan Leyla Yunusun saxlanmasına etiraz

Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun rəhbəri, nüfuzlu kinodramaturq Rüstəm Ibrahimbəyov da Leyla Yunusun həyat yoldaşı ilə birlikdə saxlanılaraq istintaqa cəlb olunmasına münasibət bildirib. O, “deyerler.org”un sorğusuna cavab olaraq deyib ki, baş verənlər dəhşətli hadisələrdir:
“Azərbaycan avtoritarizmdən totalitarizmə keçir. Hökumət, iqtidar cəmiyyəti məhv edir. Hakimiyyət ölkədə az da olsa, qalan ictimai rəyi məhv etməyi qarşısına məqsəd qoyub. Leyla Yunus və Arif Yunus ən dəyərli, ən hörmətli ziyalılardandır. Neçə illərdir biz onların fəaliyyətlərini izləyirik. Leyla Yunus Azərbaycanda vətəndaş hüquqlarının müdafiəsi sahəsində liderdir. Onları belə vəziyyətə salmaq açıq-aşkar cinayətdir. Bu səhnələr dünyanın istənilən yerindən baxıldıqda həyacan və nifrət yaradır”.

“Bu həbslərlə hökumətinizi bütün dünyada rüsvay etmisiniz”

AXCP sədri Əli Kərimli isə baş verənlər barədə Facebook səhifəsində yazıb:
“Maskalarını çıxarıblar. Açıq şəkildə, bağıra-bağıra deyirlər ki, heç bir keçilməyən qırmızı xətt tanımırlar.
Hakimiyyət Leyla Yunusu saxlamaqla, ona qarşı edilən əxlaqsızlıqla nəinki qanunları, həm də hər zaman arxasında gizləndiyi, sui-istifadə etdiyi milli mentalitetimizi ayaqladı. Bir daha hamımıza bəyan etdilər ki, onlar üçün müqəddəs heç nə yoxdur.
Leyla xanımdan açıq-aşkar qisas alırlar. Evi sökülənləri, siyasi məhbusları qorxmadan müdafiə etdiyi üçün ondan qisas alırlar. Onu repressiyaya məruz qoymaqla, digərlərini də qorxutmaq və beləliklə, ölkədə bütövlükdə hüquq müdafiəçisi institunu sıradan çıxarmaq istəyirlər.
Rusiya bölgədə aranı qatıb, bunların nefti, qazı yenə də Qərb üçün önəmli olub. Müvəqqəti əllərinə düşmüş bu fürsətdən istifadə edib, demokratik düşərgəni zəiflətmək istəyirlər. Amma alınmır və alınmayacaq. Ictimai-siyasi fəalları qorxutmaq onsuz da mümkün olmur. Onlar kiminlə mübarizə apardıqlarını da, nə uğrunda mübarizə apardıqlarını da yaxşı bilirlər.
Görün, 13 gündür aclıq edən 8 nəfər NIDA-çı gənc hansı cəsarətlə mübarizəni davam etdirir. Qurban Məmmədov, Tofiq Yaqublu, Ilqar Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Tale Bağırzadə, Abgül Süleymanov, Yadigar Sadıqlı və daha neçə nəfər siyasi məhbus həbsxanada belə, mübarizələrini davam etdirirlər. Leyla xanımı da qorxuda bilməyəcəksiniz. Amma əvəzində bu həbslərlə hökumətinizi bütün dünyada rüsvay etmisiniz. Azərbaycan xalqının, hətta “mən siyasətə qarışmıram” deyən kəsimin də gözündən düşürsünüz. Hər bir insanın qəlbində az da olsa ədalət, mərhəmət, azadlıq hissi var. Sadə insanlar bir tərəfdən sizin azğın, harın, oğru həyat tərzinizi, digər tərəfdən başqalarına münasibətdə necə ədalətsiz, haqsız, mərhəmətsiz olduğunuzu görürlər. Hər belə hərəkət sizi xalqdan daha da qoparır, xalqla aranızdakı uçurumu böyüdür. Atılıb-düşməklə deyil. Sizin orta əsr təfəkkürlü idarəetməniz 21-ci əsrdə uzun sürə bilməz. Bilin ki, qorxunun əcələ faydası yoxdur!".

“Leyla xanıma qarşı atılan addımlar biabırçılıqdır”

Müsavat partiyasının başqanı Isa Qəmbər deyerler.Org-a hadisəni şərh edərək baş verənləri biabırçılıq adlandırıb.
“Rauf Mirqədirovun həbsindən tutmuş bu gecə olan hadisələrə qədər baş verənləri biabırçılıq adlandırıram. Rauf Mirqədirov həbs ediləndə mən bildirmişdim ki, ona qarşı irəli sürülən ittihamları ciddi qəbul eləmirəm. Hesab edirəm ki, bu siyasi sifarişlə edilən vətəndaş cəmiyyətini, müstəqil jurnalistləri, ümumiyyətlə azad düşünən insanları çəkindirmək üçün, mübarizədən yayındırmaq üçün atılan addımlardır. Dünən gecə Leyla xanıma qarşı atılan addımlar biabırçılıqdır. Bir qadına qarşı, insan haqları müdafiəçisinə qarşı, mənim 80-ci illərin sonlarında tanıdığım, Azərbaycanın müstəqilliyi və demokratik inkişafı uğrunda mübarizə aparan insana qarşı bu kobudluqlar, bu qanun pozuntuları biabırçılıqdır. Hakimiyyət bu biabırçılığa son qoymalıdır və bu siyasi oyunlardan əl çəkməlidir”.

“Bu, hakimiyyətə heç də uğurlu bir şey vəd eləmir”

KAXCP sədri Mirmahmud Mirəlioğlu baş verənləri deyerler.org-a şərh edərək deyib ki, Azərbaycan hökumətinin, Prezident Adminstrasiyasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin, Respublika Prokurorluğunun bu istiqamətdə görəcəyi işlər varsa, birinci Polad Bülbüloğlundan, xalq diplomatiyasında iştirak eləyənlərdən başlanılmalıdır: “Azərbaycan hakimiyyətinin qorxduğu cümlələrdən biri və birincisi Azərbaycan gəncliyidir. Ikincisi ehtiyat elədikləri insan haqları müdafiəçiləridir və həmçinin beynəlxalq aləmdə tanınmış, Azərbaycanın haqq səsini dünyaya çatdırmış şəxslərdir. Indi də fürsət düşüb ələ deyə bu cür yazarların, hüquq müdafiəçilərin ”ovu başlanıb". Mən hesab edirəm ki, bu da heç də uğurlu ov deyil. Bu Azərbaycan hakimiyyətinə heç də uğurlu bir şey vəd eləmir. Bu düşüncə ilə Azərbaycanda “qayda-qanun” yaratmaq istəyirlərsə, Azərbaycanda sabitliyin nümunəsi olaraq bu işləri görürlərsə, sadəcə buna oturduqları budağı kəsməklə məşğul olduqlarını deyərdim.
Azərbaycan hökumətinin, Prezident Adminstrasiyasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin, Respublika Prokurorluğunun bu istiqamətdə görəcəyi işlər varsa, birinci Polad Bülbüloğlundan, xalq diplomatiyasında iştirak eləyənlərdən başlanılmalıdır. Leyla xanımın açıqlamasından tanışam. Yəqin bir şey bilirdi ki, danışırdı. Dedikləri də, təxminən düz də çıxdı".

“Söz deyə biləcək şəxslərin susdurulması prosesi gedir”

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli baş verənləri şərh edərkən deyib ki, Leyla Yunusun həbsi səs- küy gətirəcək və Azərbaycanın imicinə çox ciddi zərbə vuracaq həbslərdən olacaq: “Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında və vətəndaş cəmiyyətinin formalaşmasında çox mühüm rol oynamış Leyla xanınmın saxlanılmasının təfərrüatlarını çox təəssüf ki, hələ bilmirik. Insanda belə bir təsəvvür yaranır ki, ümumiyyətlə vətəndaş cəmiyyətində söz deyə biləcək şəxslərin getdikcə daha çox susdurulması prosesi gedir. Bu narahatlıq doğuran məsələdir, çünki ölkənin imicinə, ölkənin dünyada tutduğu mövqeyə çox ciddi zərbələr vuracaq. Keçən il fevral ayından bəri Ilqar Məmmədovun həbsindən sonra ölkədə ciddi bir həbs dalğası yaşandı. Leyla Yunusun saxlanılması da bu həbslərin davamı ola bilər.
Mən istər Leyla Yunusla, istərsə də Rauf Mirqədirovun casusuluqla bağlı ittiham olunmasını qəbul etmirəm və bu mənim üçün heç inandırıcı da gəlmir. Sadəcə rəsmi açıqlamaları da gözləmək lazımdır. Çünki, bu çox səs- küy gətirəcək və Azərbaycanın imicinə çox ciddi zərbə vuracaq həbslərdən olacaq. Rəsmi mövqe necə olacağına, hansı ittihamlar səsləndiriləcəyinə də baxmaq lazımdır , amma mən bir vətəndaş kimi belə bir iddiaların əsassız olduğuna əminəm və bu iddiaların hüquqi əsasının olmasına da inanmağım gəlmir".

“Leyla Yunusla o cür rəftar heç bir insanı dəyərlərə sığışmır”

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli bunları deyib: “Ilk olaraq Leyla Yunusa qarşı təqib Rauf Mirqədirovun həbsi ilə bağlıdır. Rauf Mirəqdirovun vəkili Fuad Ağayev bildirib ki, Rauf Mirqədirovun həbsi ilə bağlı heç bir sübut və əsas yoxdur. Rauf Mirqədirovla bağlı heç bir sübut təqdim edilmədiyi bir halda, həmin ittihamla bağlı başqa bir adamın da cəlb olunmsı, hüquq pozuntusudur.
Digər tərəfdən məni məsələnin başqa tərəfi maraqlandırır. Hətta Leyla Yunus qatı cinayətkar olsa belə, onunla saxlanılan vaxtı davranıldığı kimi davranmaq, heç bir əxlaqa sığmır. Leyla Yunus bir xanımdır, anadır, həyat yoldaşıdır. O cür rəftar heç bir insanı dəyərlərə sığışmır. Mən bir Azərbaycan qadını, bir vətəndaş olaraq, sərt bir şəkildə etirazımı bildirirəm".

“Bütün bunlar işgəncə kimi qiymətləndirilməlidir”

Hüquq müdafiəçisi Iradə Cavadova bildirib ki, Leyla Yunusun öz ifadələrində var ki, onu aşağılayıb və təhqir ediblər: “Mən çox təəssüf və təəccüb edirəm ki, Leyla Yunusu bu şəraitdə saxlayıblar. Leyla Yunusun öz ifadələrində var ki, onu aşağılayıb və təhqir ediblər. O çox tanınmış hüquq müdafiəçisidir. Biz hamımız onu yaxşı tanıyırıq. Hər bir insandan ifadə alına bilər. Amma göstərilən şəraitdə ifadə alınmasına heç bir zəruriyyət yox idi. O yaşlı insandır, şəkəri var. Bütün bunlar işgəncə kimi qiymətləndirilməlidir. Onun şəxsiyyətini aşağılayan polis işçisi hökmən cəzalanmalıdır.
Biz bilmirik ki, o nədə ittiham olunur. Onun şahid və ya şübhəli şəxs qismində çağrılması da məlum deyil. Sadəcə olaraq ondan iltizam alına bilərdi ki, şəhəri tərk etməsin və normal şəraitdə dindirilməyə dəvət oluna bilərdi. Hesab edirəm ki, burada xeyli hüquq pozuntusu var. Mənə verilən məlumata görə, Leyla Yunus Rauf Mirqədirovun işi ilə bağlı dindirilib. Amma yenə qeyd edirəm ki, Leyla Yunusun saxlanılması ciddi hüquq pozuntuları ilə həyata keçirilib. Bütün hər bir şeyin sivil qaydası var".

Beynəlxalq təşkilatlar Leyla Yunusla bağlı bəyanat verdi

Beynəlxalq hüquq müdafiə təşkilatları Sülh və Demokratiya Institutunun (SDI) direktoru Leyla Yunusa və onun həyat yoldaşı, ekspert Arif Yunusa qarşı təzyiq haqqında məlumatlardan narahatdırlar.
Xüsusən, Norveç Helsinki Komitəsi Leyla Yunusun Bakı aeroportunda saxlanılmasını pisləyir və onun həbsi ehtimalı ilə bağlı dərin narahatlığını ifadə edir.
“Leyla və Arif Brüsselə konfransa gedirdilər. Heç nə onların yola çıxmasına mane olmamalı idi: onla şübhəli şəxs, hansısa cinayət işində şahid deyillər. Onları hətta dindirilməyə belə çağırmayıblar”, - deyə öz növbəsində Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Riçel Danber bildirir.
Bəyanatda qeyd edilir ki, SDI bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun da iştirak etdiyi bəzi proqramların təşkilatçısıdır.
Bu zaman xatırladılır ki, Yunus Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında körpülər qurulmasına 20 ildən çox vaxt həsr edib.
Denber daha sonra qeyd edib ki, Azərbaycanda hazırda siyasi motivlərlə 30-a yaxın vətəndaş fəalı, jurnalist, müxalifətçi həbs edilib ki, Mirqədirov və Leyla Yunus bunu tənqid edib:
“10 gün sonra Fransa prezidenti Fransua Olland Bakıya rəsmi səfər edəcək. Azərbaycan hökuməti bu səfərə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə eyni vaxta təsadüf edir. Ümid edirəm ki, Olland Leyla ilə görüşdə israr edəcək və Azərbaycanlı həmkarının Yunusun və Mirqədirovun azadlığının Fransa-Azərbaycan münasibətləri üçün çox əhəmiyyətli olduğunu anlamasına şərait yaradacaq”, - deyə Human Rights Watch-un bəyanatında bildirilir.

Hüquq müdafiəçilərindən İlham Əliyevə müraciət

Hüquq müdafiəciləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhramanlı aprelin 28-də Sülh və Demokratiya Insitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Brüssel şəhərinə konfransa səfəri zamanı hava limanında saxlanılması ilə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət ediblər.
Müraciətdə polis tərəfindən L.Yunus və A.Yunusa qarşı kobud və qeyri-etik davranışdan hüquq müdafiəçilərinin ciddi narahatlığı qeyd olunub.
Müraciətdə deyilir ki, Azərbaycanın 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində Leyla Yunusun saxlanılması Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəmizi tənqid etməyə ciddi əsas verir.
Hüquq müdafiəçiləri ölkə başçısından Leyla və Arif Yunusa qarşı qanunsuz hərəkət etmiş və kobud davranmış, Arif Yunusu ağır fiziki duruma gətirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edir, Leyla Yunusa qarşı olan şübhələrin istintaq orqanları tərəfindən obyektiv araşdırılmasını Ilham Əliyevin nəzarətdə saxlamasını xahiş edirlər.

Azərbaycan Liberal Partiyası da baş verənlərlə bağlı bəyanat yayıb və bunu Leyla Yunusa təzyiq kimi qiymətləndirib./azadlıq/
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11