Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

“Elşad Abdullayev Bakıya gəlsə, əllərimlə onu boğaram”

Məhkəmədə Gülər Əhmədovanın vəziyyəti bir neçə dəfə pisləşdi, ilginc şahid ifadələri səsləndi
Aprelin 29-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi. Proses başlayan kimi hakim Əflatun Qasımov elan etdi ki, daha bir ekspertin - İlhamə Quliyevanın dindirilməsi mümkün olmayacaq. Çünki o, xəstə olması ilə bağlı məhkəməyə tibbi arayış təqdim edib.

Daha sonra proses şahid Tavat Şirvanovanın ifadəsi ilə davam etdirildi. Şahid məhkəməyə əsasən youtube.com saytında yayılan “500 min dollarım olsaydı... Seva danışır” başlıqlı videonun çəkilməsi və onun detalları ilə bağlı məlumat verdi. Bildirdi ki, Sevinc Babayeva ilə hüquq müdafiəçisi Novella Cəfəroğlunun ofisinə gedərək orada Elşad Abdullayevin qanunsuzluqları barədə hüquqşünas Məmməd Zeynalovla söhbət ediblər: “Biz orda Elşadın bizim başımıza gətirdiyi oyunlar haqda danışdıq. Orada Lyudmila, operator və mən var idim. Sevinc ofisdəki kişidən soruşdu ki, olarmı çəkiliş aparaq? O da dedi, olar. Çəkiliş apardıq ki, əlimizdə sübut olsun.

Ordan çıxanda da Sevincin halı pisləşdi. Tez-tez ürəyi tuturdu, vəziyyəti pisləşirdi. Elşad Abdullayev Sevinc Babayevanı müflis eləmişdi. Sevinc Babayeva da Gülər Əhmədovadan xahiş eləmişdi ki, bizim pullarımızı geri qaytarmaq üçün Elşad Abdullayevlə görüşüb, danışın. Sevinc hər zaman deyirdi ki, Elşad başıma oyun gətirir. Düz 91 tələbənin attestatını götürüb vermirdi. O tələbələrin valideynləri də Sevinci narahat edirdilər”.

G.Əhmədovanın vəkili Əfsər Talıbovun suallarını cavablandıran şahid dedi ki, N.Cəfəroğlunun ofisindəki çəkilişdə iştirak etmək öz təşəbbüsü olub və buna sabiq deputatın heç bir aidiyyəti yoxdur. S.Babayevanın Türkiyəyə gedən gün və ondan sonra T.Şirvanovaya yazdığı mesajlar da sual-cavab zamanı araşdırıldı. T.Şirvanova dedi ki, Sevinc ona günün istənilən vaxtı mesaj yazırdı. Son mesajlarında isə E.Abdullayevin onları “zibilə” saldığını, buna görə ürəyinin ağrıdığını, G.Əhmədovanın da tələbələrin işinə görə başı ağrıdığını bildirib. S.Babayevanın ona yazdığı “Ya o yaşamalıdır, ya mən. Ölüb eləsəm pullarımı ondan al. Oğlum yazıqdır. Heç kimdən qorxma” mesajı barədə danışan şahid dedi ki, bu mesajda E.Abdullayevdən söhbət gedir: “Elşad içi mən qarışıq çox adamın evini viran qoyub. Əgər bu gün Elşad Bakıya gəlsə onu öz əllərimlə boğaram”.
Hakim daha sonra S.Babayevanın T.Şirvanovaya yazdığı “Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər-böhtan atır. Mən onu mütləq tapacam”, “Qorxma. Yazıq Gülər də bizə görə ... düşüb. Allah bizə kömək olsun” mesajlarını da oxudu. Şahid bildirdi ki, S.Babayeva ürəyini boşaltmaq üçün ona belə sms-lər yazıb.

Prokuror isə şahiddən “Sevinc Babayeva Türkiyəyə getməmişdən əvvəl, 2012-ci ilin 26 sentyabr tarixinə qədər də sizə tez-tez mesaj yazırdı” soruşdu. T.Şirvanova S.Babayevanın tez-tez ona zəng edərək, uzun-uzun danışdığını bildirdi. Onun sözlərinə görə, mərhumun Bakıda olanda ona mesaj yazıb-yazmadığını xatırlamır.

Hakim şahidə ibtidai istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyət olduğunu xatırlatdı. T.Şirvanova istintaqa ifadə verməyə gedəndə evdə uşağını xəstə qoyduğunu xatırlatdı: “Uşaq qızdırma içində idi. Heç bilmədim nəyə qol çəkdirdilər. Danışdım, sonra da gəldim. Amma bundan əvvəlki məhkəmədə dedim ki, o ifadə səhvdir, mən elə sözlər deməmişəm”.

Gülər Əhmədova özünü pis hiss etdiyi üçün məhkəmədə fasilə yarandı.
Fasilədən sonra digər şahid Zülfiyyə Bayramova ifadə verdi. O, Sevinc Babayeva ilə jurnalist Əvəz Zeynallının məhkəməsində tanış olduqlarını açıqlayıb: “Sevinc Babayeva orada mənə yaxınlaşıb Elşad Abdullayevin onun başına açdığı oyunlardan danışdı. Mən də onları Novella Cəfəroğlunun ofisinə apardım. Orada Elşad Abdullayevin qanunsuz hərəkətlərindən danışıldı”.

Z.Bayramova həmçinin dedi ki, o videoçəkilişdə iştirak edən qadınlar könüllü şəkildə N.Cəfəroğlunun ofisinə gediblər. Onun sözlərinə görə, sözügedən videoda G.Əhmədovadan danışılmayıb.

“Mənə 94-cü ildə dedilər ki, Azərbaycanı dağıtsa, bu Elşad dağıdacaq”

Daha sonra şahid qismində Lüdmila Məmmədova ifadə verib. 1939-cu il təvəllüdlü qadın “500 min dollarım olsaydı... Seva danışır” videosunda iştirak etdiyi üçün dindirildi. Şahid dedi ki, S.Babayeva ona bu videoda iştirak edib, Elşad Abdullayevdən olan şikayətlərini ictimailəşdirmək təklifini verəndə tərəddüd edib: “Dedim, Sevinc, biz onunla bacarmarıq. 7 qardaşdırlar. Mənə 94-cü ildə dedilər ki, Azərbaycanı dağıtsa, bu Elşad dağıdacaq. Bin Laden Elşadın yanında yalandır”.

Hakim şahidə mətləbdən yayınmamaqla bağlı xəbərdarlıq etdi. L.Məmmədova sözügedən videoda daha çox S.Babayevanın danışdığını dedi. Məhkəmədə danışmaması üçün E.Abdullayevin ona Fransadan təzyiq etdiyini bildirən şahid daha sonra aşağıdakıları vurğuladı: “Mən ölüb gedəcəm, amma bu Elşad Azərbaycanın adını biabır edir. Mən onu o qədər istəyirdim ki. Amma bu qədər aferist olduğunu sonradan gördüm. Elşad heç kimə pul-zad verməz. Heç mənə 100 dollar yolpulu vermirdi. Mən ölməyəcəm, Sevincə görə yaşayacam”.

Şahid zaldakıların və hakimlərin ona güldüyünü görüb hirsləndi. Zaldakılara “mənim başıma gələnlər sizin də başınıza gəlsin” deyən L.Məmmədova hakimlərə də E.Abdullayev Bakıda olsaydı, onları videoya çəkib, internetdə yayacağını dedi.

Gülər Əhmədovanın vəziyyəti pisləşdiyi üçün prosesdə yenidən fasilə elan edildi.
Fasilədən sonra hakim G.Əhmədovaya məhkəmə çıxışı üçün söz verdi. Sabiq deputat isə məhkəmədən xahiş etdi ki, çıxışa hazırlaşmaq üçün ona vaxt verilsin: “Məhkəmə prosesləri tez-tez keçirilir. Səhhətim buna imkan vermir. Mənə vaxt verin, hazırlaşım. Vəkillərimlə görüşmək istəyirəm. Bəlkə kiməsə adi iş günü kimi gəlir, amma mən hər gün eyni şeyi təkrar yaşayıram”.

Bundan sonra hakim prosesin növbəti gün, aprelin 30-da davam etdiriləcəyini elan etdi. G.Əhmədova isə şüşə kabinanın içindən buna etiraz etdi: “Mən sabah sizə ifadə verə bilməyəcəm”.

Hakimlər onun bu etirazına məhəl qoymadan prosesi yekunlaşdırdılar.
Bu arada məhkəmənin həyətində özünü təqdim etməyən bir qadın jurnalistlərə müraciət edərək, G.Əhmədovanın həbsinin qanunsuz olduğunu dedi. Həmin qadın sabiq deputatı xeyriyyəçi, qadınlara yardım edən biri adlandırdı və ağladı: “Onun yeri o türmə deyil. Gülər Əhmədova heç məni tanımır. Amma mən onun yaxşı əməllərini bilirəm. Ona görə də jurnalistlərdən xahiş edirəm, bunu yazsınlar”.

Bu arada xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsində gedən proses zamanı diqqəti çəkən məqam G.Əhmədova və vəkillərinin prosesin uzanmasına, araşdırmalar üçün vaxt istəməyə çalışmaları, hakimlərin isə buna mane olmasıdır. Hakimlər prosesi maksimum qısa müddət ərzində yekunlaşdırmaq istəyirlər. Güman edilir ki, proses bu həftə yekunlaşa və sabiq deputat barədə qərar verilə bilər.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir./musavat/
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber