Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

O qızı tapın!

Bilmirəm sizdə də belədirmi, şəxsən mən kimsə həbs ediləndə ölkəmizdəki uğurları daha yaxşı görürəm. Sanki bu adamlar pərdədir, divardır, hasardır, Azərbaycanımızın iqtisadi-sosial-xarici-daxili-bioloji-geoloji-kosmoloji inkişafının qabağını öz yöndəmsiz, çirkin bədənləri ilə kəsirlər, gözümüzü açmağa qoymurlar.

Məsələn, Müsavat başqanının müavini Tofiq Yaqublu tutulana qədər mən Ümumi Daxili Məhsulun 40 faiz artımına şübhə ilə yanaşırdım. REAL başqanı İlqar Məmmədov həbs edilən gün isə uşaqla həyətdə gəzirdik, birdən dedim, a bala, bir göyə bax, peykimiz uçur! Özü də günün günorta çağı mən birbaşa orbiti görmüşdüm! Bildim bunda nəsə sirr var, tez evə qaçıb xəbərlərə baxdım, məlum oldu Məmmədovu tutublar.
Yadigar Sadıqov tutulan gün Yardımlı-Lənkəran-Astara yolunun təmir edildiyini, Əvəz Zeynallı tutulanda ölkəmizdə söz azadlığını, Anar Məmmədlinin həbsindən sonra demokratik seçkiləri aydın gördüm.

Dünən gecə də çox narahat idim, bilirdim nəsə aydınlıq çağı yaxınlaşır, şair demişkən, “gecə qəfil işıqlanır”. Məlum oldu NKVD-nin qara plaşlı əməliyyat dəstəsi hüquq müdafiəçisi Leyla Yunusu və onun əri, politoloq, tarix üzrə araşdırmaçı alim Arif Yunusu tutub aparıbdır. Dərhal gözüm açıldı, evin pəncərəsindən baxıb gördüm ki, yaxınlıqdakı istirahət və mədəniyyət parkında pion gülləri açıbdır. Sən demə, bu güllər orada çoxdan var imiş, bəs mən niyə görmürdüm? Leyla Yunus imkan vermirdi! Daha sonra polisin başında papaq olmasını gördüm. Buna da indiyə qədər fikir verməmişdim.
İnşallah, gözümüz lap açılacaqdır, tutulanlar çoxaldıqca Azərbaycanımızın panoraması parlayacaqdır, hərəyə bir şəkilli fonar verəcəklər, istədiyin divara salıb şəkillərə baxacaqsan. Hətta istəsən şəkillərə baxa-baxa divarın dibində qılçını qaldırar, xırda-para ehtiyaclarını yola verərsən. Xalqa ayrı nə lazımdır?

Riyazi məntiq, demoqrafiya baxımından da çox adam həbs edildikcə məkan genişlənir, təmizlik, açıqlıq, açıq cəmiyyət yaranır. Sadəcə mən hüquq-mühafizə orqanlarının bir ciddi səhvini onların üzünə vurmaq istəyirəm. Məni bağışlasınlar, ancaq dövlətçilik baxımından məcburam.

Leyla və Arif Yunusların ailəlikcə saxlanması hüquqi baxımdan, sabitlik yönündən çox yaxşıdır. Ailəvi hakimiyyət varsa, ailəvi həbslər də qaçılmazdır. Həm də istənilən ər arvadın cinayətlərini, o cümlədən arvad ərin dövlətə xəyanətlərini hamıdan əvvəl bilir, tək elə bu üzdən “cinayəti bilib xəbər verməmək” maddəsi ailəvi həbslər üçün yetərlidir. Əri Kürdəmirə sürgün edib arvadı Nargin adasında batırmaq, yaxud arvadı Kürdəxanı zindanında güllə ilə vurub ərin dırnaqlarını çıxartmaq kimi mübarizə üsullarına da yeri gəldikcə əl atmalıyıq. Hər on nəfərdən birini itə yedizdirmək, müxalifət partiyalarının üzvlərini Qazax-Salyan kanalının tikintisinə cəlb eləmək, AYB sədri Anarı Xınalıq dağlarında qayaya bağlayıb qartala yedizdirmək (məzə üçün - guya Prometeydir) kimi variantlar, əməliyyat tədbirləri də lazımdır.

Uzun sözün qısası, bəs cəsur əməliyyatçıların yanlışı harda olmuşdur? Yazım, siz də bilin, bu cür məsuliyyətsiz hərəkətə görə hüquq-mühafizə orqanlarını qınayın, cənab prezidentə teleqram vurun: onlar qızı tutmayıblar! Bəli! Məndə olan məlumata görə Leyla və Arif Yunusların bir qızları da vardır, ancaq o, polisin gözündən yayınmışdır. Bəs o hardadır? Bəlkə xaricdə oxuyur? Bəlkə evdə axtarış aparılanda sobanın içində gizlənibdir? Bəlkə onu yəhudi qonşuları çardaqda saxlayır? Hər halda, qızı da tutmaq lazım idi, ailədən gərək kimsə qıraqda qalmazdı.

Ümid edirəm rəhbərlik bu tənqiddən nəticə çıxardacaqdır.

Zamin Hacı/musavat
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı