Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Xocavənd rayonunun işğalından 21 il ötür

1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər guşələrindən olan Xocavəndi işğal edib.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.

1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.

Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min kubmetr/gün olan yeraltı şirin su yataqları var. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Xocavənd rayonunun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş azat ağacları da mühafizə edilirdi.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

Rayonun Kuropatkin adlanan ərazisində ermənilər tərəfindən 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.

Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlara əsasən yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac növü kökündən məhv edilib. Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər əsasən Beyləqan ərazisində məskunlaşıblar. Onlar üçün 500 ailəlik qəsəbə salınmışdır. Burada rayonun bütün icra strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir./Deyerler
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41