Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Prokurorluqdan Leyla Yunusu zorlama ilə hədələyiblər

«Telefonla təhdid elədilər ki, sənədi imzalamasan, yoldaşının gözü önündə səni zorlayacağıq»

Eldar Sultanov: «Hədələyən şəxsin telefon nömrəsini istintaqa təqdim etsə, müvafiq tədbirlər görüləcək»


Sülh və Demokratiya Institutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus ətrafında baş verənlər ölkədə əsas müzakirə mövzularından biri olaraq qalır.
Xatırladaq ki, Leyla Yunus və həyat yoldaşı aprelin 28-də Bakı hava limanında Dohaya gedərkən saxlanılıb. Sərhəd Xidmətində qeydiyyatdan keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olunduğu bildirilib. Ancaq Leyla və Arif Yunusları müşayiət edən Qərb diplomatları - Fransa və Amerika səfirlərinin müavinləri Prezident Administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra onları sərhəddən buraxıblar. Amma cütlük təyyarəyə minərkən onları yenidən saxlayıblar.
Leyla Yunusun sözlərinə görə, 4 nəfər mülki geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib. Lakin onlar vəkilsiz suallara cavab verməkdən imtina edib. Təxminən axşam saat 23.00 radələrində onlara saxlanıldıqlarını bildiriblər. Deyiblər ki, əvvəl çantaları yoxlanılacaq, sonra isə ofis və mənzillərində axtarış aparılacaq.
Aprelin 29-da Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində 9 saat dindirildikdən sonra onun ofisində və evində axtarış aparılıb.

Fransa prezidenti ilə görüş qüvvədədir

Arif Yunus aprelin 28-də gecə ürəyində ağrılar başladığından 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda xəstəxananın kardiologiya şöbəsində müalicəsi davam edir. Bu olaylardan sonra ilk dəfə “Azadlıq” radiosuna müsahibə verən Arif Yunus son 4-5 ildə yüksək təzyiqdən əziyyət çəkdiyini, Bakıda bir neçə tibb mərkəzində müalicə aldığını söyləyib: “Gündə azı 3 dərman qəbul edirəm, yoxsa, təzyiq qalxır. Təzyiqimin 150-160-a qalxdığı olur. Beşinci gün gördüm ki, halım pisləşir, ABŞ səfirliyi ilə üzbəüz klinika var, getdim ora. Içəri girən kimi halım pisləşib, təcili yardım çağırılıb. Təzyiqim 240/140-a qalxıbmış. Aparıblar Neftçilər Xəstəxanasına, birinci günədək orada qalmışam, nə lazımdırsa, ediblər. Mən və xanımım EED (European Endowment for Democracy) təşkilatından dəvətnamə almışdıq, Brüsselə tədbirə getməli idik. Birinci gün xəstəxanadan çıxdım. Pasportlarımız əlimizdə getdik aeroporta. Uşaq deyilik, təxribat ola biləcəyini hiss edirdik. ABŞ və Fransa səfirliklərinin təmsilçilərilə görüşdük, dedilər ki, ”narahatsınızsa, sizinlə aeroporta gedərik". Aeroportda pasport nəzarətindən keçdik, möhür vuruldu. Ancaq minik zolağında gözləyərkən bizə bir polkovnik yaxınlaşıb dedi ki, uça bilməzsiniz, ardımca gəlin. Bizi bir otağa apardılar. “Baqaj”ı yoxlamağa başladılar. Gecə 3, ya 4-də Nərimanovdakı evimizə gəldik. Orada vəziyyətim pisləşdi. Sonra məni “Semaşko”ya aparıblar".
A.Yunus onu da qeyd edib ki, bu yaxınlarda Bakıya səfəri gözlənilən Fransa prezidenti ilə görüşləri qüvvədədir: “Fransua Olland mayın 12-də Bakıya gəlir. Xanımımla mən siyahıdayıq, bizimlə görüşəcək. Yəni, biz Bakıya qayıtmalı idik, bir həftəlik seminara gedirdik. Hara qaçırdıq? Həm də bizə ölkədən çıxmaq qadağan olunmamışdı”.
Arif Yunus bankdan pul çıxarmaq istəməsi barədə yayılan məlumata da münasibət bildirib: “Neftçilər Xəstəxanasından çıxanda getdim banka ki, pul götürüm, axı pul ödəməli idim. Deyirlər ki, hələ aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şəxsi hesabım bağlanıb. Pul vermədilər mənə. Məhkəmənin qərarı varsa, niyə vətəndaşın bundan xəbəri yoxdur? Həmin qərar nəyə əsaslanıb? Biz indiyədək protokolu görməmişik. Niyə saxlayıblar, niyə axtarış aparıblar? Pul külli miqdarda olsaydı, başqa cür hərəkət edərdim”.

“Arifin bu duruma düşməyinə həmin sözlər səbəb olub...”

Leyla Yunus isə evlərinin dövlət qeydiyyatına dair sənədlərinin (kupça) əllərindən alındığını bildirib. Üstəlik, hüquq müdafiəçisindən ölkədən çıxmamağa dair iltizam alınmayıb. Bu səbəbdən Leyla Yunus son günlər baş verənlərin tam qanunsuz həyata keçirildiyini bildirir.
Hüquq müdafiəçisi prokurorluq əməkdaşları tərəfindən təhdid olunduqlarını da qeyd edib.
“Prokurorluğun adını çəkməyən əməkdaşı birinci gün (aprelin 28-də-red.) mənə zəng edib qorxutmağa çalışıb. Deyir, ”səni Arifin, Arifi sənin gözünün qabağında zorlayarıq. “Butulka” sözünü işlətdilər. Arifin bu duruma düşməyinə məhz həmin sözlər səbəb olub.
35 ildir ki, insan hüquqlarının müdafiəsi ilə məşğulam. Siyasi və vicdan məhbuslarının siyahısını hazırlamışıq. Bizdə məhkəmələr notariat kontoru rolunu oynayır. Siyasi sifarişlə qərar verirlər. 2009-cu ildən bu yana məhkəmələrin monitorinqini aparırıq. Azərbaycanda qanun işləmir. Məni 24 saat ərzində prokurorluqda saxlayıblar, qanunsuz olaraq pasportlarımızı alıblar. Prokurorluqdan zəng edib təhdid edirlər ki, sənədi imzalamasan, yoldaşının gözü önündə səni zorlayacağıq, yoldaşına “butulka” soxacağıq. Mənə bütün bunlar təəccüblü gəlmir artıq", - deyə Leyla Yunus “Azadlıq” radiosunun “Işdən sonra” verilişindəki çıxışında bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, onlar qanunsuz hökm çıxaran hakimlərin siyahısını hazırlayırlar: “Biz qanunsuz hökm çıxaran hakimlərin adlarını, siyahısını çıxarırıq. Beynəlxalq təşkilatlar bu siyahıdan istifadə etməlidir, həmin hakimləri seminarlara çağırmamalıdılar, səfirliklər viza verməməlidir.
Biz heç bir sənədə qol çəkməmişik ki, ölkədən çıxmayacağıq. Hava limanında saxlanılanda üzərimdə 3000 avro olub. Arif müalicə üçün bankdan pul çıxarmalı idi. Buna da imkan vermədilər. Mən açıq danışıram. Bank hesabımızda cəmi 8 min 741 avro var. Biz Parisə, Brüsselə konfransa getməliydik. Brüsseldə hər şeyi açıq danışmaq istəyirdim. Rauf Mirqədirovu həbs edəndə dedim ki, məqsəd məni və Arifi tutmaqdır. Ona görə də Fransa səfirliyinin nümayəndələri bizi müşahidə edirdi".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Leyla Yunusun iddialarına cavabı belə oldu: “Leyla Yunus onu hədələyən şəxsin telefon nömrəsini istintaqa təqdim etsə, zəng edənin şəxsiyyəti müəyyənləşərək müvafiq tədbirlər görüləcək”.

“Əvvəl Leyla xanımın xaricdə mülkünü müəyyən etsinlər...”

Bu arada, Baş Prokurorluğun mətbuat xidməti Leyla və Arif Yunusların saxlanılması ilə bağlı rəsmi məlumat yayıb:
“Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyətilə saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb. Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb”, - deyə Baş Prokurorluğun məlumatında qeyd edilir.
Leyla Yunus və həyat yoldaşının hüquqlarını müdafiə edən vəkil Xalid Bağırov isə “axar.az”a açıqlamasında müvəkkilinin xaricdə evi olması barədə yayılan məlumatlara belə münasibət bildirib: “Əvvəl qoy əziyyət çəkib, Leyla Yunusun xaricdə əmklakını müəyyən etsinlər, sonra da həmin əmlaklar üzərinə həbs qoyarlar və ya dondurarlar. Kim Leyla xanımın külli miqdarda pulunun olmasını müəyyən etdi? Hələ əvvəlcə müəyyənləşdirsinlər ki, onun xaricdə evi var, bankda külli miqdar pulu var, sonra həbs qoyarlar”.
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34