Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Hacıbaba Əzimovdan Siyavuş Novruzova sərt cavab

Hacıbaba Əzimov: «Siyavuş Novruzov 50 il Kommunist partiyasına xidmət edənləri görmək istəyirsə, YAP-ın sıralarına, hakimiyyətdə təmsil olunanlara nəzər yetirsin»

“Indiki Milli Məclisin əsas fəaliyyəti 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra birinci çağırışla başlayıb. ”Deputat statusu haqqında" qanun da Milli Məclisə birinci çağırışın tələbləri əsasında formalaşıb".

Bunu Modern.az-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov 1990-1995-ci illərdə Ali Sovetdə deputat olan şəxslərin pensiya təminatında yaranan problemləri şərh edərkən deyib. Onun sözlərinə görə, 1990-cı ilin parlament seçkiləri müstəqillik dövrünə təsadüf etmədiyindən həmin ildə deputat olanların pensiya məsələsi əvvəlki qanunvericiliyin tələblərinə uyğun tənzimlənməlidir. YAP rəsmisi Ali Sovetə seçkilərin SSRI qanunvericiliyi tələbləri çərçivəsində həyata keçirildiyinə diqqət çəkib. O bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: “Müstəqil Azərbaycanda qanun qəbul olunubsa, ondan sonra deputat seçilən şəxslərə şamil olunur”.

YAP funksioneri “istiqlalçı deputatlar”ın da pensiya və sosial təminatına da toxunub. O qeyd edib ki, 1990-1995-ci illərdə deputat olan adamların pensiya məsələsində qanunun yeni formalarını axtarıb tapmaq lazımdır: “50 il Kommunist Partiyasına qulluq edənlər bu gün özünü ”istiqlalçı deputat" adlandırır. Ali Sovetdə Azərbaycan müstəqilliyi ilə bağlı məsələ səsə qoyulub və kimlərsə lehinə səs verib. Səsvermənin nəticəsi ilə insan “istiqlalçı” olmur. Hər şeyin əsasında isə qanun dayanır. Pensiya məsələsi də qanun çərçivəsində tənzimlənməlidir".

Istiqlalçı deputat, VAMBP sədri Hacıbaba Əzimov bildirdi ki, baş verənlər pensiya məsələsi deyil, bu, hakimiyyətin müstəqilliyimizə olan münasibətidir: “Siyavuş Novruzov 50 il Kommunist partiyasına xidmət edənləri görmək istəyirsə, YAP-ın sıralarına, hakimiyyətdə təmsil olunanlara nəzər yetirsin. Bu adamların əksəriyyəti millətə zülm etmiş, nalayiq əməllər törətmiş şəxslərdir. Azərbaycan xalqına divan tutan, bizim görkəmli ziyalılarımızı repressiyalara məruz qoyan DTK-nın agentləri də bu gün YAP da təmsil olunur. Istiqlalçı deputat məsələsinə gəlincə, yaxşı olar ki, cibində mandat daşıyan, hüquq diplomlu Siyavuş Novruzov tarixi öyrənsin. O zaman Azərbaycanda istiqlal mübarizəsi gedirdi. Biz istiqlalçı deputatlar o zaman DEMBLOK yaratdıq və 1 il ərzində kəskin mübarizə apardıq, təzyiqlərə məruz qaldıq. Müstəqillik üçün aclıq aksiyaları keçirdik. SSRI-nin saxlanması ilə bağlı səsvermə oldu və 43 nəfərin cəsarəti çatdı ki, müstəqilliyə səs versin. Bu adamlar sübut etdilər ki, Azərbaycanın istiqlalının tərəfdarıdırlar”- deyə Hacıbaba Əzimov bildirdi.

Pensiya məsələsinə gəlincə, Hacıbaba Əzimov bildirdi ki, bu, Azərbaycanın müstəqilliyinə verilən qiymətdir: “Siyavuş Novruzov deyir ki, qanun əvvəlki deputalara şamil olunmur. Necə olur ki, keçmiş polis işçilərinə, KQB əməkdaşlarına, hakimlərə bu qanunlar şamil olunur? Siyavuş Novruzovun cəsarəti çatsın, bu faktlara münasibət bildirsin. Fakt budur ki, hakimiyyət sosial siyasətində də ikili standartlar tətbiq edir, bu, istiqlalçı deputatlara qarşı diskriminasiyadan xəbər verir və insanlığa, qanuna zidd hərəkətdir. Bu yalnız pensiya məsələsi deyil, Azərbaycanın müstəqilliyinə hakimiyyətin münasibətinin göstəricisidir. Azərbaycanın müstəqilliyinə səs vermiş adamlara bu qədər haqsızlıqlar edilməsi, repressiv münasibət göstərilməsi biabırçılıqdır. Bunu edənlərə ayıb olsun”./azadlıq/
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber