Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

“Akkord”un tikdiyi yollar niyə çökür?

Çəkilişinə milyardlar xərclənmiş Quba-Bakı, Bakı-Şamaxı, Zığ-aeroport yolunun ardınca şirkətin təmir etdiyi Nobel prospekti də çökməyə başladı
Bir neçə gün öncə Nobel prospektində asfaltın çökməsi bu yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub. Asfaltın 3 metr diametrə yaxın çökməsi xeyli suallar ortaya çıxarıb. Yoxlama zamanı müəyyən edilib ki, torpaq qrunt sularının nəticəsində çöküb, yeraltı kommunikasiyalardan su sızması ilə bağlı şübhələr özünü doğrultmayıb.Bir qədər öncə Bakı-Quba-Rostov avtomobil yolu (yol 2009-cu ilin fevralında istifadəyə verilib, 30 illik təminatla) baxımsızlıq ucbatından dağılır. Beynəlxalq əhəmiyyətli, magistral, beton örtüklü yol Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində tamamilə yararsız vəziyyətə düşmüşdü. Beton yolun Giləzi qəsəbəsindən keçən hissəsində çökmə baş vermişdi.

Bakı-Şamaxı asfalt yolu istifadəyə verildikdən sonra 4 dəfə təmirə dayanıb. Həmçinin Zığ-aeroport yolu da istifadəyə veriləndən az sonra dağıldı. Dağılan hər üç yolun tikintisini tikinti bazarının əsas oyunçularından sayılan “Akkord” həyata keçirib. Şirkətin işində ciddi qüsurlar olmasına baxmayaraq, yenə də kifayət qədər böyük həcmli layihələrin icrası ona həvalə olunur. Hazırda “Akkord” ən iri yol layihələrindən sayılan ipək yolunun tikintisinə cəlb edilib. Yolun ümumi uzunluğu isə təxminən 500 kilometrdir və bir neçə milyard manata başa gələcək.

Təbii ki, Azərbaycanda həyata keçirilən yol-nəqliyyat layihələrinin keyfiyyətsiz olmasında ölkədə cəzasızlıq mühitinin mövcudluğu ciddi rol oynayır. Ən yuxarı səviyyədə məmurlar qanun qarşısında heç bir məsuliyyət hiss etmirlər. Normalda qanunvericiliyin tələblərinə görə, yol çəkiləndə podrat və tender müqavilələri bağlanır. Həmin müqavilələrdə tərəflərin öhdəlikləri əksini tapmalıdır. Azərbaycanda icra edilən layihələr bu baxımdan istisnadır. Şübhəli tenderlər vasitəsilə layihələr konkret şirkətlərin sərəncamına verilir.

Bu da azmış kimi, layihələrə heç bir ictimai nəzarət mexanizmləri yoxdur, bütün müqavilələr, şərtlər qapalı saxlanılır. Belə bir şəraitdə təbii ki, belə keyfiyyətsiz yollar meydana çıxır. Normalda yolların istismara təhvil verildikdən nə qədər müddət sonra əsaslı, yaxud cari təmirə dayana bilməsi haqda şərtlər olmalıdır. Bu şərtlər olmadığı üçün yol istifadəyə verildikdən dərhal sonra təmirə dayansa da, bunun məsuliyyətini heç kim daşımır.

Azərbaycan qanunvericiliyinə görə, yolların istismara qəbulu üzrə dövlət komissiyası var və bu komissiyada ali ranqlı dövlət məmurları təmsil olunur. Ancaq həm onların, həm də digər məmurların qanun qarşısında ciddi şəkildə məsuliyyəti yoxdur. Çünki istədikləri vaxt qanunun müəyyənləşdirdiyi tələblərdən yayına biləcəklərinə əmindirlər.

Vəziyyətə təsir edən çox ciddi amil korrupsiya risklərinin yüksək olmasıdır. Layihəni həyata keçirən insanlar, cavabdeh məmurlar işin keyfiyyətindən çox nə qədər qazana biləcəkləri haqda düşünürlər. Belə bir hədəf olandan sonra keyfiyyətin arxa plana keçəcəyi şübhəsizdir.

“Akkord” şirkətinə böyük layihələrin etibar edilməsinə gəldikdə isə bu, rəqabət mühitinin olmamasından irəli gəlir. Bazar bir neçə şirkətin monopoliyasındadır. Tender prosesinin şəffaf olmaması, rəqabət mühitinin yaradılmaması ona gətirib çıxarıb ki, əsas böyük tikinti işləri konkret bir-iki şirkətin əlində cəmlənir. Absurddur ki, “Akkord” eyni vaxtda çoxlu böyük yollar tikir, körpülər salır, bu, o deməkdir ki, rəqabətsiz mühitdə çalışır. Şirkət bilir ki, tenderlər görüntü xarakterlidir, sonda layihə paket şəklində ona təqdim olunacaq. Görünən odur ki, bu şirkət ciddi şəkildə himayə edilir. Ona görə də çəkdiyi yol istifadəyə verildikdən sonra mütəmadi olaraq çökür. Bakı-Quba yolunun təmirinə 650 milyon manat, Bakı-Şamaxı yoluna 450 milyon manat ayrılıb (mənbə: dövlət investisiyalarının bölgüsü üzrə Nazirlər Kabinetinin qərarları). Bu, xırda vəsait deyil. İpək yolunun tikintisinə çəkilən xərcləri də buraya əlavə etsək, söhbətin bir neçə milyarddan getdiyi üzə çıxar.

Deməli, nəhəng dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı araşdırma aparmağın vaxtı çoxdan çatıb, hətta hökumət bu məsələdə çox gecikib. Şübhəli tenderlər vasitəsilə nəhəng dövlət sifarişlərini əldə etmiş “Akkord” Şirkətlər Qrupunun qanun qarşısında məsuliyyətin təmin etmək lazımdır./musavat/
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07