Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

«Əlil olsam da, mənim də yaşamağa haqqım var!»

İsmayıllı sakini Rasim Şahməmmədov İ. Əliyevdən kömək istəyir
Birinci qrup əlil, İsmayıllı rayon sakini Rasim Şahməmmədov qəzetimizin elektron ünvanına məktub ünvanlayıb. Məktubda bildirir ki, o 2010-cu ildə keçirdiyi avtomobil qəzası nəticəsində onurğa sütunu sındığından yatağa məhkum olub. Hazırda o nə gəzə, nə də otura bilir: "İsmayıllının Aşağıbaş kəndində yaşayıram. 35 yaşım var. Oturmaq, gəzmək - bunlar artıq mənim üçün imkansıza çevrilib. Ailələliyəm, 5 yaşında oğlum var. Yaşam şəraitimiz olduqca ağırdır. Bəzən sağlam insanlara uşaq böyütmək çətin gəlir, bir də məni düşünün. O zaman nə vəziyyətdə olduğumu anlayarsınız".
R. Şahməmmədov daha sonra əlavə edir: "Əlil olduqdan sonra işləyə bilməmişəm. Həyat yoldaşım da mənə baxmaqdan ötrü işdən imtina etdi. Hazırda evimiz olmadığından atamın evində qalırıq. Balaca iki otaqlı evdə yeddi nəfər yaşayırıq. Yoldaşım, oğlum, mən, qardaşım, iki bacım və anam…".
Rasim Şahməmmədov daha əvvəl 67 manat müavinət aldığını, prezidentin sonuncu fərmanından sonra həmin müavinətin yüksələrək 127 manat olduğunud deyir: "Sonuncu dəfə müavinətimi alanda artım olduğunu gördüm, sevindim. Mən deməyim, siz deyin - 127 manat ailə dolandırmağa yetərmi? İnanın bu pul heç mənim iynə, dərmanlarımı ödəməyə yetmir, qaldı ailə, uşaq saxlamağa yetsin".
R. Şahməmmədov deyir ki, 4 il öncə həmin qorxunc qəzadan sonra həkim ona "ancaq əməliyyat olunub otura bilərsən", - deyib. Yeriməyinin mümkün olmadığını yazan R. Şahməmmədov əlavə edir ki, artıq bu ümidini də itirir: "Əməliyyat sadəcə bir xəyaldır, çünki pul yoxdur. Heç olmasa oturmaq istəyərdim. Hazırda vəziyyətim çox pisdir. Həm səhhətimdə, həm də maddi baxımdan. Demək olar ki, özümə məxsus heç nəyim yoxdur".
R Şahməmmədov dəfələrlə aidiyyatı orqanlara ona ev verilməsi ilə bağlı müraciət edib. Ancaq "heç bir nəticəsi olmayıb", deyir: "Dövlətə mənə ev verilməsi üçün dəfələrlə müraciət etmişəm. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məktub yazdım, vəziyyətimi anlatdım. Cavab verdilər ki, ümumi əlillərə yaşadığı yerin icra başçısı ev verə bilər. İsmayıllı Rayon İcra Hakimiyyətinə də müraciət etdim. Oradan da bildirdilər ki, "bizlik deyil". İndi mən neynəməliyəm? Dərdimi kimə deməliyəm?".
Sosial problemlərin içində boğulduğunu deyən Rasim Şahməmmədov ölkə başçısına müraciət edərək ondan kömək istəyir. Dövlətdən yaşaması üçün ehtiyacı olan evin onlara verilməsini xahiş edir: "Prezidentimizdən mənə ev verməsini xahiş edirəm. Nazirlik icra hakimiyyətinin üstünə göndərir, icra hakimiyyəti isə deyir ki, bizim səlahiyyətimizdə deyil. Tək ümidim prezidentimizdir. Əlil olsam da mənim də yaşamağa haqqım var. Ailəsinə baxa bilməyən bir ata olaraq oğlumun ən azından rahat evdə yaşamasını istəyirəm. Cənab prezident, sizdən yaşadığım ağır şəraiti və əlilliyimi nəzərə alaraq məni evlə təmin etməyini xahiş edirəm".
1555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber