Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

"Mənə 1 milyon təklif etdilər ki..."

Pərviz Həşimli MTN-in planını ifşa etdi; məhkəmədə dava düşdü; jurnalistin halı pisləşdi

«Dedilər əməliyyat qrupu hazırdır, Cavid Qurbanovla Nağıyevlərin əleyhinə ifadə ver, götürəcəyimiz pulun yarısı sənindir»


Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclas bir sıra səs-küylü açıqlamalarla yadda qaldı. Məhkəmə iclası başlayan kimi Pərviz Həşimli həbs olunduğu gün evinə MTN əməkdaşlarının hücum etdiyini, pəncərələrdəki dəmir barmaqlıqların sındırıldığını nümayiş etdirən fotoşəkillər və diski məhkəməyə təqdim etdi. Bildirdi ki, həmin vaxt jurnalistlər onun həbs olunduğunu eşidərək, dərhal evinə gediblər və baş verənləri lentə alıblar.

Diskdəki görüntülər də həmin kadrlardır: “MTN-nin ştatlı şahidlərindən biri burada yalan ifadə verib bildirdi ki, guya, sadəcə, qapını döyüblər və həyat yoldaşım da açıb, onlar da axtarış aparıblar. Ancaq bu şəkillərdə və videoçəkilişdə evin pəncərəsinin dəmir barmaqlıqlarının çıxarılıb yerə qoyulması, təhlükəsizlik kameralarının istiqamətinin dəyişdiyi və yaddaşının götürüldüyü aydın görünür”.
Lakin məhkəmə prosesinə sədrlik edən hakim Novruz Kərimov fotoşəkillər və diski qəbul edib sübut kimi araşdırmaqdan imtina etdi.
Vəkillər və Pərviz Həşimlinin etirazlarına baxmayaraq, hakim qərarını dəyişmədi.

Daha sonra ötən məhkəmə iclasında Pərvizin vəkili Elçin Sadıqovun əlavə şahidlərin dindirilməsi haqda qaldırdığı vəsatətlər müzakirəyə çıxarıldı. Vəkil MTN əməkdaşı Kamal Rəsulzadə, bu iş üzrə istintaqı aparmış müstəntiq Elşən Murtuzov, Pərvizin həbsinin şahidi olmuş “moderator.az” saytının əməkdaşı Sədi Əliyev, eləcə də Pərvizi indi onun üzünə duran Təvəkkül Qurbanovla tanış etmiş Ilqar Musayevin məhkəmədə dindirilməsini istəyirdi.
Vəsatət müzakirə olunarkən prokuror onun təmin edilməməsini istədi.

Vəsatətə münasibət bildirmək üçün Təvəkkül Qurbanova söz verilərkən o, Pərvizdən şikayətləndi və nəticədə əlbəyaxa dava həddində insident yaşandı.

Təvəkkül Qurbanov:
- Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, bu, (Pərviz Həşimlini göstərir) yenə də mətbuatda ağzına gələni yazır.

Pərviz Həşimli:
- Mən MTN-nin istintaq təcridxanasında yazı yazıram, şərəfsiz?

Təvəkkül Qurbanov:
- Nə fərqi var, sənin tanıdığın jurnalistlərdir, deyirsən, yazırlar.

Pərviz Həşimli:
- Bu şərəfsizi bura öyrədib göndəriblər. Bunun üçün yaşadığı yerdən müsbət xasiyyətnamə alıblar. Halbuki, o ərazidə heç kim bununla danışmır. Hətta doğma bacısı da onunla düşməndir.

Təvəkkül Qurbanov:
- Sənin özünü öyrədiblər, sənsən hamını tanıyan. Mənə maşında deyirdi ki, sən hər şeyi olduğu kimi etiraf elə məhkəmədə, səni də azad elətdirim, özümü də...

Pərpiz Həşimli:
- Ondan soruşdum ki, nəyin müqabilində bu şərəfsizliyə əl atdın, niyə yalandan mənim üzümə durursan, dedi ki, mən işin bu həddə gəlib çatacağını bilmirdim. Elə bilirdim, 2-3 ay həbslə qurtaracaq. Şərəfsiz, qurumsaq...
Bu zaman Təvəkkül Qurbanov Pərviz Həşimlini vurmaq istəsə də, nəzarətçilər müdaxilə etdi.

Daha sonra Pərviz Həşimli vəsatətə münasibət bildirərək, məhkəməni vəsatətlərə ciddi yanaşmağa çağırdı: “Vəkil Elton Quliyev tanınmış şəxslərdən birinin müdafiəçisi olub. O şəxs vəkildən soruşub ki, necə olacaq bu cinayət işinin axırı? Elton Quliyev də deyib ki, istintaq qurtaracaq, iş məhkəməyə göndəriləcək, məhkəmədə məlum olacaq ki, sənin heç bir günahın yoxdur, amma sənə 10 il iş verəcəklər. Indi bu məhkəmə prosesi mənə o əhvalatı xatırlatdı. Istintaq materiallarında göstərilir ki, guya, məni Təvəkkülün maşınında həbs ediblər, onun maşını ilə MTN-nin yaxınlığına aparıblar. Halbuki, məni Təvəkkül Qurbanov zəng eləyib, ”moderator.az"ın ofisindən çıxmışam, orada həbs eləyiblər. Həmin vaxt Sədi Əliyev eyvanda siqaret çəkirdi və baş verənləri görüb. Müstəntiq Elşən Murtuzov iş materiallarında yazıb ki, Təvəkkülün Iran vətəndaşları ilə görüşəcəyi barədə əməliyyat məlumatları olub. Gəlib cavab versin ki, məlumat var idisə, onları elə silah alınan yerdə - cinayət başında niyə tutmayıblar? Gəlib cavab versin ki, niyə məndən Cavid Qurbanovu, Vəli Nağıyevi nə vaxtdan tanıdığımı soruşurdu? Niyə soruşurdu ki, Nağıyevlərin sifarişilə hansı yazılar yazırsan? MTN əleyhinə yazdığım yazılar barədə niyə suallar verirdi? Ilqar Musayevin dindirilməsi mənim üçün prinsipial məsələdir. Çünki məni bu şərəfsizlə o tanış eləyib. Onu istintaqda dindiriblər, lakin məhkəməyə çağırılası şahidlər sırasına daxil etməyiblər. Çünki istintaqda ona təzyiq göstəriblər o ifadəni almaq üçün. Özü də sonradan mətbuata müsahibəsində deyib ki, müstəntiq məni onun yazdıqlarının altına qol çəkməyə məcbur elədi".
Lakin məhkəmə vəsatəti bütünlüklə rədd elədi.

Hakim Ilqar Musayevin isə istintaqa ifadəsini elan etdi. Onun istintaqa ifadəsində yazılıb ki, Pərvizlə Təvəkkül 2005-ci ildən tanış olublar. O, bunların tanışlığından xəbər tutanda münasibətləri o qədər yaxşı olub ki, Pərvizlə Təvəkkül öpüşüb-görüşürmüş.
Bu ifadənin elan olunmasından sonra Pərviz Həşimli orada yazılanlara sərt reaksiya verdi: “Bu qədər də şərəfsizlik olmaz axı... Müstəntiq başından böyük yalan yazıb”.

Hakim Pərvizin sözünü kəsdi. Bu zaman əsəbdən Pərvizin vəziyyəti pisləşdi və su veriləndən sonra özünə gələn jurnalist bildirdi ki, indiyədək demədiyi bir məsələni məhkəmənin nəzərinə çatdırmaq istəyir: “Həbs olunan gün mənə 1 milyon pul təklif elədilər. Dedilər ki, Nağıyevlərdən (MTN-nin sabiq nazir müavini, hazırda Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyev və onun qardaşı Vəli Nağıyev nəzərdə tutulur-red.) götürüb, bir hissəsini sənə verəcəyik. Səhər saat 7-yə qədər Elçin Quliyevlə Ilqar Əliyev məni dilə tutmağa çalışdılar. Istəyirdilər ki, Cavid Qurbanovla Nağıyevlərin əleyhinə ifadə verim. Bildirdilər ki, xüsusi təyinatlı əməliyyat qrupu hazırdır, sən ifadə ver, ”Azəryolservis"in maliyyə idarəsinin rəisi və Vəli Nağıyevi həbs edəcəyik. Mən isə razılaşmadım. O insanlara böhtan atsaydım, mənim bu şərəfsizdən (Təvəkkül Qurbanovu nəzərdə tutur-red.) heç bir fərqim olmazdı".

Pərviz Həşimli daha sonra MTN əməkdaşlarının onun evindən götürdüyü təhlükəsizlik kamerasının yaddaş kartının alınması məsələsini yenidən qaldırdı. Hakim bildirdi ki, kartın MTN-dən alınması barədə vəsatətə baxılıb və təmin olunmayıb.
“O yaddaş kartına baxış keçirilsəydi, evimə silahların MTN əməkdaşları tərəfindən qoyulduğu açıq-aşkar görünərdi. Amma siz obyektiv məhkəmə aparmaqda maraqlı deyilsiz”, - deyə Pərviz Həşimli bildirdi.
Bundan sonra hakim məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsinin başlandığını elan etdi.
Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub. Ona qarşı silah qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları irəli sürülüb. Lakin Pərviz Həşimli ittihamları qəbul etmir, Təvəkkül Qurbanovun MTN-nin adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və jurnalist, hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğunu bildirir.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da Pərviz Həşimlini “vicdan məhbusu” elan edib.
1887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP