Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Milli Şuradan Leyla Yunus bəyanatı

“Leyla Yunus insan haqlarını güzəştsiz və cəsarətlə müdafiə etdiyi üçün hədəfə alınıb”

Milli Şura hüquq müdafiəçisi Leyla Yunusa qarşı təzyiqləri pisləyən bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycan hakimiyyəti bütün imkanlarını səfərbər edərək, tanınmış hüquq müdafiəçisi, ictimai xadim Leyla Yunusa qarşı 1937-ci il üslubunda repressiya fəaliyyətinə başlayıb. Heç bir əsas olmadan, həm də qanuna zidd addımlarla, işgəncə və təhqirlərlə onun özü və həyat yoldaşı istintaqa cəlb edilib. Hədə və təzyiqlər, təhqir və özbaşınalıqlar nəticəsində Leyla Yunusun həyat yoldaşı Arif Yunusun sağlıq durumu kəskin pisləşib və xəstəxanaya yerləşdirilib.

Hazırda da dövlət orqanları, hakim partiyanın təmsilçiləri, hakimiyyətin korrupsiya pulları ilə maliyyələşdirdiyi KİV-lər Leyla Yunusa qarşı nifrət kampaniyası aparır, onu xalq düşməni elan edir və haqqında böhtanlar yayır. Hətta hüquq mühafizə orqanları rəsmi açıqlamasında onun banklarda külli miqdarda pulunun olması kimi yalan məlumatları yaymaqdan çəkinməmişdir. Bütün bu yollarla Azərbaycan hakimiyyəti özünün ən cəsarətli tənqidçilərinin birindən intiqam alır.

Leyla Yunus ölkədəki haqsızlıqlar barədə susmayan, siyasi məhbusların müdafiəsi ilə yorulmadan və güzəştsiz çalışan bir ictimai xadimdir. Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Leyla Yunusla bağlı baş verənlərə kimin necə yanaşmasından asılı olmayaraq, bu əməllər siyasi motivli cinayətdir və ölkədə qanunun aliliyini istəyən hər kəs Leyla xanımın müdafiəsinə qalxmalıdır. Mövcud hakimiyyət ölkədə qanun, ədalət, demokratiya və rifah tələb edən insanları ləkələyəndə vətəndaşlar bu böhtan kampaniyalarına qarşı çıxmağı bacarmalıdır. Qanunun aliliyi, insan haqları hər şeydən üstündür və özünü buna həsr etmiş bir insanın müdafiə etmək də cəmiyyətin borcudur.

Milli Şura hakimiyyətdən bu qurumun Koordinasiya Mərkəzinin üzvü olan, hüquq müdafiəçisi Leyla Yunusa qarşı repressiv addımları dayandırmağı tələb edir. Ona qarşı qanunsuz əməllərə, kobudluq və təhqirlərə yol vermiş polis əməkdaşları, prokurorluq işçiləri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır.

Bir daha bəyan edirik ki, 8 nəfər gənc NİDA-çıya sifarişlə həbs cəzası verməyə hazırlaşan hakimiyyətin yeni repressiya və həbs dalğasına başlaması ölkədə vəziyyəti dəyişməyəcək. Bununla cəmiyyəti susduracağına ümid etməklə YAP hakimiyyəti səhvə yol verir. Siyasi məhbusları artırmaq yox, onları dərhal azad etmək barədə düşünülməlidir”.
1883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP