Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

“Facebook” fəalının məhkəməsində ürək parçalayan anlar

Əbdül Əbilovun əsa ilə hərəkət edən qoca anası hakimlərə göz yaşı içində oğlunun necə şərlənməsindən danışdı

Hazırda məhkəməsi gedən “facebook” fəallarından biri də Əbdül Əbilovdur. “Facebook”dakı “Yaltaqlara ”dur" deyək!" səhifəsinin admini olmuş Əbdül Əbilov da bir sıra başqa fəallar kimi narkotiklə şərlənərək məhkəmə qarşısına çıxarılıb. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həbs edilən gənc fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə baxılır.
Dünənki məhkəmə iclasında iş üzrə hal şahidi qismində tanınan Anar Şahverdiyev dindirilib. Onun yalan danışmasına dözməyən Əbdül yerindən etiraz edəndə hakim gənc fəala xəbərdarlıq edib.
Anar Şahverdiyevin sözlərinə görə, guya, o, maşınla gedərkən yolda onu saxlatdırıb şahidlik təklif ediblər, ona maraqlı gəldiyindən razılaşıb.
Anar Şahverdiyev sualları cavablandırarkən bildirib ki, istintaqda bir dəfə dindirilib. Halbuki, bir neçə dindirmə protokolunda onun imzası var və o, öz imzasını tanımırdı.
Əbdülün anası da dünənki məhkəmə iclasında şahid qismində dindirilib. Əsa ilə çox çətinliklə hərəkət edən yaşlı qadın göz yaşları içində oğlunun necə şərləndiyini hakimlərə danışıb: “Əbdülü tutub evə gətirmişdilər. Onlara dedim ki, gəlinimin otağını niyə belə ələk-vələk etmisiz? Ağ baş bir kişi əvvəlcə Əbdülün yatağındakı döşəyin altına əlində bükülü bir şeyi qoymaq istəyirmiş. Əbdül əli qandallı olsa da, onu itələyib qışqırdı ki, siz məni şərləmək istəyirsiz. Ağ baş kişi əlindəkini ora qoya bilmədi”.
Ananın sözlərinə görə, daha sonra Əbdülün gödəkçəsinin ciblərində axtarış aparmaq istəyəndə, o, gödəkçəni onların əlindən alıb. Deyib ki, özüm cibləri çıxarıb sizə göstərəcəm. Gödəkçənin cibindən heç nə çıxmayıb.
Əbdül özü də bildirib ki, evə gətirməmişdən əvvəl də onun ciblərini yoxlayıblar, heç nə tapılmayıb. Evdəki axtarışdan sonra isə ona məxsus pul qabının cibinə qoyublar. Idarəyə aparılan zaman yenidən deyiblər ki, ciblərini boşalt. Boşaldanda da həmin bükülü çıxıb.
Daha sonra Əbdül Əbilovun qaynı şahid qismində dindirilib. Qaynı elə Əbdülün öz əmisioğludur. Qaynını da onunla birlikdə idarəyə aparıblar. Orada Əbdülün qarşısına şərt qoyulub ki, istədiyimiz ifadəni verməsən, onu da həbs edəcəyik. Əbdül bildirib ki, bu adamın “facebook”dakı səhifə ilə heç bir əlaqəsi yoxdur. Şahidin sözlərinə görə, dindirmə zamanı ondan hansısa partiya və ya təşkilata üzv olub-olmadığı, mitinqdə iştirak edib-etmədiyi haqda soruşublar.
Məhkəmə prosesi mayın 13-də davam edəcək./azadlıq/
1508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber