Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Korrupsionerə qız vermək olar?

“Hərbi xidmətə gedənlərin sayı 4-5 dəfə artmalıdır. Fərarilik biryolluq ləğv olunmalıdır. Fərari oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq”. Bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən konfransda deyib. Əslində, bu sözlərdə qəbahətli, yanlış heç nə yoxdur və biz arzu edərdik ki, ölkədə belə bir düşüncə tərzi formalaşsın.

Amma bu fikirlər indiki Azərbaycanda və yüksək çinli məmurun dilindən səslənəndə, adam susa bilmir. Ona görə də bu fikirlərə iki istiqamətdən münasibət bildirmək zərurəti hiss edirik. Əvvəla sual etmək istəyirik: Əli müəllim, bu ölkədə neçə nazirin, icra başçısının, deputatın, komitə sədrinin övladı hərbi xidmət keçib? Vətənə xidmət etmək yalnız fəhlənin, həkimin, müəllimin övladının borcudurmu? Siz fərariliyə qarşı mübarizəni niyə yuxarılardan başlamırsınız? Bunu məmur övladlarının nümunəsində bizə niyə göstərmirsiniz?

Suallar çoxdur, cavab isə yoxdur. Biz, özümüzü tanıyandan onun şahidi olduq ki, məmur oğlu avtoşluq edir, dünya ulduzlarına bahalı hədiyyələr bağışlayır, şirkət prezidenti olur və digər “qabiliyyət”ləri özündə birləşdirir. Amma elə bir nümunə görmədik ki, məmur övladı cəbhə bölgəsində xidmət etsin, məktəbdə müəllim işləsin, intellektual səviyyəsini nüməyiş etdirsin və s.

Yəni bu gün gənclər fərariliyə meyllidirsə, hərbi xidmətdən yayınırsa, bunun birbaşa günahkarı Azərbaycan hakimiyyətidir.

Uzun illərdir bu ölkədə həqiqi vətənpərvərlər, dövlətinə ləyaqətlə xidmət edənlər, müharibədə sağlamlığını itirənlər zülmə məruz qalıb. Bu ölkədə vətənin sevənlərə “vətən xaini” “fəxri” adı verilir.

Təmsil olunduğunuz hakimiyyətin sayəsində “vətənpərvərlik” anlayışı ikrah doğurur, qeyri-səmimi təsir bağışlayır. 20 ildir hakimiyyət insanlara elə bir nümunə göstərib ki, həqiqi vətənpərvərlərə də “pafoslu danışma” söyləyirlər. Bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində hərbi xidmət Əzrayılın iş yerinə çevrilib. Atəşkəs dövründə mərmi səsləri deyil, gənclərin nəfəsi kəsildi.

Siz, fərari oğlana qız verilməməsi ənənəsinin yaranmasından danışırsınız. Amma bu ölkədə uzun müddətdir ki, qızlar sevdiyi oğlanın tabutunu qarşılayır. Indi bu ənənə dəbdədir. Bu ölkənin təhsilli, cəsarətli, vətənpərvər 8 gəncini şərləyərək zindana atdıran hakimiyyət gənclərə vətənpərvərliyi necə aşılamaq istəyir?

Hakimiyyət həqiqətən vətənpərvər gəncliyin yetişməsində maraqlı olsaydı, hərbi bilet pulla satılmazdı, valideynlər övladlarını daha yaxşı hərbi hissəyə yerləşdirmək üçün borca düşməzdi. Vəziyyət o həddə çatıb ki, balaca bir ölkədə insanlar “təhlükəli və təhlükəsiz” yer axtarışına çıxıblar. Bəli, insanlar övladlarını itirməkdənsə, fərari etməyi daha üstün tuturlar. Bu ölkədə hərbi xidmət çoxdandır ki, “kişilik məktəbi” sayılmır. Başqa tərəfdən, belə bir sual meydana çıxır. Niyə korrupsionerə qız vermək olar, fərariyə olmaz?

Fərari vətəninə xidmətdən boyun qaçırır. Korrupsioner isə vətənin sərvətini ölkədən qaçırır. Oğruya, böhtançıya, yaltağa, rüşvətxora qız vermək fəxrdirsə, fərariyə qız verməmək ədalətsizlik deyilmi? 5-10 manata görə “hal şahid”liyi edib, vicdanlı adamları şərləyən “kişi”yə qız vermək ayıb sayılmırsa, fərariyə qız vermək də qəbahət deyil.

Mənim üçün oğru da, yaltaq da, rüşvətxor da, FƏRARIDI. Fərari, vətənə xidmətdən boyun qaçırıb. Oğru, yaltaq, korrupsioner isə, insanlığa xidmətdən boyun qaçırıb, vicdanın əsgəri olmaqdan imtina edib. Həqiqətən fərarilik pis şeydir. Bütün sahələrdəki fərarilik.

İlham Hüseyn/azadlıq
1733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber