Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Moskvaya qaçan azərbaycanlı general kimdir?

Üzeyir Cəfərovdan «Azadlıq»ın məlumatını təsdiqləyən ilginc açıqlamalar

Müdafiə Nazirliyinin generallarından birinin Azərbaycanı tərk edərək Moskvaya getdiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, həmin general Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqovla mübahisə etdiyinə görə ölkəni tərk edib. Bəzi dəqiqləşdirmələr apardığımızdan həmin generalın adını açıqlamamışdıq.

Dünən redaksiyamızla əlaqə saxlayan hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”ın məlumatını təsdiqləyib. O, bildirib ki, həqiqətən də Müdafiə Nazirliyinin generallarından biri Azərbaycanı tərk edib. Üzeyir Cəfərov bizimlə söhbətində bildirib ki, həmin general Bağır Fətullayevdir. “O, Rusiyada ordu komandanının müavini vəzifəsində çalışıb. Səfər Əbiyevin vaxtında Rusiya Silahlı Qüvvlərində xidmətdən təxris edildikdən sonra ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib. Bağır Fətullayev Nəcməddin Sadıqovla mübahisədən sonra heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib. May ayının 2-nə kimi xidmət yerinə qayıtmayıb”,- deyə Üzeyir Cəfərov bildirib.
Qeyd edək ki, “Azadlıq”a daxil olan məlumatda da həmin generalın Bağır Fətullayev olduğu deyilirdi.

Lakin Müdafiə Nazirliyi xəbəri təkzib edib. Nazirliyin mətbuat xidmətindən trend-ə verilən məlumatda iddia edilir ki, Bağır Fətullayev nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb: “Müdafiə Nazirliyi olaraq, bildiririk ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.

Üzeyir Cəfərov nazirliyin məlumatına da münasibət bildirib. Hərbi ekspert deyib ki, Müdafiə Nazirliyinin bu açıqlaması onu dəhşətə gətirib: “Bu qədər də məsuliyyətsizlik, bu qədər də səviyyəsizlikmi olar? Yaxşı, fərz edək ki, bu onların dediyi kimidir. O zaman müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıqov dərhal bu məsələyə münasibət bildirməlidirlər ki, Azərbaycan vətəndaşı olmayan bir şəxsin Müdafiə Nazirliyinin Hərbi Akademiyasında nə işi var? Ona məxfi sənədlərlə tanışmaq olmaq icazəsi hansı əsaslarla verilib? Belə yalan məlumatları Azərbaycan ictimaiyyətinə verməklə guya məsuliyyətdən yaxa qurtardıqlarını düşünürlərsə, çox böyük səhv edirlər. Müdafiə Nazirliyinin sözlərinə inansaq, belə çıxır ki, Rusiya Federasiyasının vətəndaşı, milliyyətcə azərbaycanlı olan general Bağır Fətullayevi kimlərsə xüsusi məqsədlə Silahlı Qüvvələrimizin sıralarına yeridib və hətta ona məxfi qrifli sənədlərlə tanış olmağa belə imkan yaradıblar. Əgər yazdıqlarım yalandırsa, nə əcəb məni onlara böhtan atdığıma görə məhkəməyə vermirlər? Özləri də gözəl bilirlər ki, onlardan fərqli olaraq mən həqiqəti deyirəm və bu işimi də davam etdirirəm. Bu gün Müdafiə Nazirliyinin bu açıqlamasından bir daha əmin oldum ki, doğrudan da bizim hərbi-əks kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi təcili şəkildə bu qurumla dərindən maraqlanmalıdır. Mən ehtimal edirəm ki, Rusiya Baş Kəşfiyyat idarəsi rus generalı olan Bağır Fətullayevi ordumuzun sıralarına yerləşdirməklə öz uzaqgedən məqsədlərinə çatmaq missiyasını uğurla yerinə yetirir. Unutmayaq ki, Rusiya ilə torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusu arasında bizim bildiyimizdən də çox dərin köklərə gedən sıx əlaqələr mövcuddur.

Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən məxfi məlumatlarına malik olan bəzi yüksək postları tutan şəxslər də vardır ki, onların ailəsi Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərində yaşayır. Özləri isə burda min hoqqalardan çıxır, əlləri çirkli işlərə bulaşıb. Onların da adlarını çox yaxın vaxtlarda açıqlayacam".
2004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33