Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Leyla Yunusun pulunu sayanlar...

Arif Paşayevin 100 milyonlarını niyə araşdırmır?

Bir qayda olaraq hakimiyyət müxalif fikrin daşıyıcılarını vətənə xəyanət, xaricdən maliyyələşmə, narkotik ittihamaları ilə şərləyir. Artıq ictimai-siyasi proseslərdən xəbərdar olan hər bir adam bu “tendensiya”nı davamlı olaraq müşahidə edir. Ancaq bu proseslərin müsbət tərəfi də var. Belə ki, bu proseslər zamanı özünü vətənpərvər, həqiqətpərsət, dövlətçiliyə sədaqətli adam kimi qələmə vermək istəyənlər, faktlar qarşısında dərhal ifşa olurlar.

Son olaraq hüquq müdafiəçisi Leyla Yunusa qarşı baş verənlər, növbəti dəfə bu saxta qəhrəmanları ifşa etdi. Diqqət edirsinizsə, Leyla Yunusa qarşı hakimiyyətin hücumundan sonra, bu xanım haqqında kompromat yığmağa başladılar və guya onu ifşa etdilər. Ifşa da ondan ibarət oldu ki, Leyla Yunusun Antalyada evi, 155000 manat, 230000 dollar, 100000 avro pulu var. Əksər hökumətyönlü qəzetlər, saytlar bu pul məsələsini başlığa çıxardı, televiziya kanalları bunu korrupsiya faktı kimi tirajladı və bu pulların mənbəyini araşdırmağa başladılar.

Əvvəla qeyd edək ki, Leyla Yunus 30 ildən çoxdur hüquq müdafiəçisidir. Müxətlif layihələrdə iştirak edib, fəaliyyət göstərmək üçün maliyyə əldə edib və.s. Indi bu adamın fəaliyyəti gərəyi əldə etdiyi pulu korrupsiya, xəyanət kimi qələmə verirlər. Əgər deyilənlər həqiqətdirsə, Leyla Yunusun 400-500 min arası vəsaiti var.

Indi qayıdaq, “vətənpərvər”, “dövlət sevdalı”larının yanına.

2 gün öncə məlum oldu ki, Ilham Əliyevin qayınatası Arif Paşayev nəvələrinə 5 milyard bağışlayıb. Və Arif Paşayevə məxsus otellərin, restoranların, bankların, şirkətlərin adları da açıqlandı. Leyla Yunusun Antalyadakı evinin üstünə qırğı kimi şığıyanlar, bu xəbəri niyə işıqlandırmadılar? Leyla Yunusun 100000 avrosunu xəyanətin nəticəsi kimi görənlər, 5 milyardın qarşısında niyə susdular.

Leyla Yunusun uzun illər ərzində göstərilən məbləği qazanması inandırıcıdır. Digər tərəfdən hamıya aydındır ki, bu pullar Azərbaycannın sərvətlərinin talanması hesabına əldə edilməyib. Ancaq, prezidentin yaşlı qayınatasının onlarla şirkətə, banka, restoranlara sahib olması dəhşətli faktdır. Bu gün Leyla Yunusun qarşısında cəsarətlənənlər, Arif Paşayevə niyə eyni sualları ünvanlaya bilmir?

Dövlət, vətən sevgisindən danışanlar Vircin adasındakı 48 milyardı, Çovdar qızıl yataqlarını, Dubay mülklərini də təftiş etsələr yaxşı olar. Bir qadının zəhməti hesabına əldə etdiyinin mənbəyin axtaranlar, ölkənin milyardların oğurlayan məmurlara növbə çatanda susub dayanırlar. Bu faktlar Leyla Yunusun üstünə “arqument”lə gedənlərin, əslində kim olduqlarını sübut edir. Yazırlar ki, Leyla Yunus başgicəlləndirici məbləğdə pullar qazanıb. Başa düşməkdə çətinlik çəkirik bu necə başdır ki, 100000 dolların qarşısında gicəllənir, milyardların qarşısında susub dayanır.

Bir sözlə, bu gün Leyla Yunusu hədəf seçənlərin məqsədi hansısa həqiqətləri üzə çıxarmaq deyil, verilən göstərişi yerinə yetirməkdi. 20 ildir sərasər ölkədən oğurlanan milyardların, korrupsiya ləyihələrinin şahidi olan insanlar üçün, hüquq müdafiəçisinin Antalyadakı evi təəccüblü sayıla bilməz. Ən azı ona görə ki, Ilham Əliyevin sonuncu təyyarəsinin qiyməti, Leyla Yunusun evindən 1000 dəfə bahadır. Ona görə də məsləhət görərdik ki, Leyla Yunusun pulunun miqdarın qəzetinizin başlığına çıxaranda, ölkənin başında duranların sərvəti barədə düşünün./azadlıq/
1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber