Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Azərbaycanda əhalinin sayı ilə bağlı böyük saxtakarlıq

Təhsil Nazirliyi və Statistika Komitəsinin məlumatlarının təhlili ölkədə cəmi 7 milyon nəfərin yaşadığını təsdiqləyir; bu göstərici sovet dövrü ilə müqayisədə 7 faiz azdır; hökumət ya statistikanın saxtalaşdırıldığını boynuna almalıdır, ya da etiraf etməlidir ki, 641 min uşaq təhsildən kənarda qalıb...
Azərbaycanda əhalinin sayı rəsmən 9 milyon 500 min nəfərdən çoxdur. Ölkədə kütləvi mühacirətin artdığı dövrdə bu rəqəmin dəqiqliyi şübhə doğursa da, rəsmi qurumlar demoqrafik durumun normal həddə olmasını sübut etmək üçün ölkədə məhz 9,5 milyon nəfər sakinin olduğunu bəyan edir. Araşdırmalar isə əhalinin sayında ciddi şişirtmələrin olduğunu ortaya çıxarıb. Özü də istinad mənbələri elə rəsmi dövlət qurumları - Təhsil Nazirliyi və Statistika Komitəsidir.

Təxminən 25 il öncəki rəsmi statistikaya görə, Azərbaycanda 7,5 milyon nəfər adam yaşayıb. 1990-cı ilin statistikasına görə, həmin illərdə orta məktəblərdə təhsil alan şagirdlərin sayı 1 milyon 394 min nəfər olub. 2013-cü ildə isə rəsmi versiyaya görə, əhalinin sayı 9,5 milyon nəfəri ötüb. Yəni 1988-ci illə müqayisədə əhalinin sayı 27 faiz artıb. Ancaq bir elə ciddi artım fonunda bu gün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 25 il öncəki göstəricidən təxminən 103 min nəfər azdır. Təhsil Nazirliyinin rəsmi məlumatına görə, bu gün orta məktəbdə 1 milyon 291 min şagird təhsil alır.
Burada çox vacib bir detalı da qeyd etmək yerinə düşər. 25 il qabaq Azərbaycanda 10 illik təhsil sistemi mövcud olub. Hazırda isə 11 illik təhsil sistemi fəaliyyət göstərir. Yəni hətta real əhalinin sayı 7,5 milyon nəfər olsaydı belə, bu gün şagirdlərin sayı 1990-cı il səviyyəsindən 139 min nəfər və yaxud 10 faiz çox olmalı idi, çünki 25 il öncə ümumtəhsil məktəbləri 7-17 yaşlıları əhatə edirdisə, indi bu göstərici 6-17 yaş arasındadır.
1988-ci il göstəricilərini əsas götürsək, əhalinin 18,5 faizini məktəb yaşlı uşaqlar təşkil edib. Bu hesabla, bu gün orta təhsil məktəblərində 1 milyon 757 min şagird olmalı idi. 6 yaşlı uşaqların da orta təhsil məktəbin təsir dairəsinə aid olduğunu nəzərə alsaq, rəqəm 1 milyon 932 min nəfərə çatmalı idi. Ancaq Təhsil Nazirliyinin rəsmi məlumatı bundan ibarətdir ki, gerçəkdə bu gün 1 milyon 291 min nəfər şagird orta məktəblərdə təhsil alır. Bəs 641 min nəfər hanı?

Bu, elə böyük rəqəmdir ki, onu gizlətmək, yaddan çıxartmaq mümkün deyil. Əhalinin sayının 9,5 milyon nəfəri ötməsi ilə bağlı rəsmi məlumata inansaq, belə çıxır ki, məktəb yaşlı uşaqların 33 faizi təhsil almır. Əgər hökumət rəsmən elan edirsə ki, ölkədə əhalinin sayı 9,5 milyon nəfəri ötüb, onda 466 min nəfər şagirdin təhsildən kənarda qalması ilə bağlı izahat verməlidir. Ya da etiraf etməlidir ki, əhalinin gerçək sayı 7 milyon nəfərdən çox deyil. Bunun başqa izahı yoxdur.

Sovet dövrünün statistikasını istinad nöqtəsi kimi qəbul etsək, o dövrdə 7,5 milyon əhalinin 18,5 faizi (1 milyon 394 min nəfəri) 7-17 yaşlı uşaqlardan ibarət idi. Bu nisbətdə götürsək və hazırda orta məktəblərdə 1 milyon 291 min nəfər şagird olduğunu nəzərə alsaq ölkə əhalisinin gerçək sayının təxminən 7 milyon nəfər olması üzə çıxar. Bu, hətta sovet dövrünün əhali sayından (7,5 milyon nəfər) belə 7 faiz azdır.

Təbii ki, ölkədə 9,5 milyon əhalinin yaşamasına ciddi ekspertlər şübhə ilə yanaşırdı. İndi rəsmi rəqəmlərin analizi də bunun blef olmasını çılpaqlığı ilə ortaya qoyur. Əhalinin sayının sovet dövrü ilə müqayisədə nəinki artmasına, hətta azalmasına çox ciddi və ən başlıcası isə hamıya bəlli amillər (kütləvi mühacirət, doğumun azalması, ölüm yaşının cavanlaşması) təsir edib (Bu, artıq başqa söhbətin mövzusudur - Q.İ.). Rəsmi təbliğat bunu gizlətməyə çalışsa da, bunu danmaq mümkün deyil.

Belədə hökumətin yalnız bir bəhanəsi qalır ki, Azərbaycan Boloniya sisteminə keçdiyindən icbari orta təhsil məcburi deyil. Yəni bu göstəriciyə əsaslanıb əhalinin sayı barədə mühakimə yürütmək olmaz. Ancaq Azərbaycan hələ yenicə bu sistemə keçdiyindən onun tam tətbiqindən danışmaq çox tezdir. İkincisi isə, ölkədə aztəminatlı təbəqə uşağı məktəbə göndərməsə də, onun adı məktəb jurnallarında olur. Bu məsələdə həm məktəb, həm də valideyn maraqlı olur. Məktəb direktorları üçün bu, həm rüşvət mənbəyi, həm də leqal qazanc mənbəyi deməkdir.

Təhsil Nazirliyinin normativlərinə görə, uşaqların sayı 20-dən az olanda yeni sinif açmaq mümkün olmur. Bu isə müəllimlərin ixtisarı və dərs saatının azalması deməkdir. Ona görə də nəinki kənd, hətta iri şəhərlərdə də birinci sinfə dərs deyəcək müəllimlər özləri qapı-qapı düşüb şagird axtarırlar ki, sinif formalaşdıra bilsinlər. O səbəbdən dərsə gəlməyən uşaqların belə jurnalda adının yazılmasında maraqlı olurlar. Təhsil Nazirliyi də məhz jurnalda adı gedən şagirdlərin sayını hesablamaqla, hazırda 1 milyon 291 min nəfərin orta məktəblərdə təhsil aldığını açıqlayır.

Mümkündür ki, bunun haradasa 50-60 mini adı jurnalda olub, məktəb üzü görməyənlərdir. Bu, artıq əhalinin sayı ilə bağlı yox, təhsil sisteminin və ölkənin sosial mühitinin yaratdığı problemdir (Bu da ayrı bir söhbətin mövzusudur). Əsas odur ki, Azərbaycanda 9,5 milyon əhali ancaq kağız üzərində mövcuddur və əhalinin gerçək sayı 7 milyon nəfərdən çox deyil. Rəqəmləri şişirtmək xəstəliyinə tutulan hökumət bu məsələdə də “prinsiplərinə” sadiq qalıb./musavat/
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber