Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Kəbirə Məmmədova ticarətçilərə “divan tutur”

“Binə” bazarında işləyənlərə təzə “haqq” qoyulub və aylıqlar daha 200-300 manat artırılıb; icarəçilər üsyan həddindədir...
Binə yarmarkasında ticarətçilərə edilən zülm ərşə çatıb. Yarmarkada obyektləri olan sahibkarlar bazarın rəhbəri Kəbirə Məmmədovanın qoyduğu “qanunlar”dan cana doyublar. Ticarət mərkəzində elə bir ay yoxdur ki, sahibkarlardan xərac yığılmasın. Ticarətçilər deyirlər ki, artıq “bıçaq sümüyə dirənib” və yalnız rəhbərliyin cibinə işləyirlər.

Bu günlərdə “Yeni Müsavat”ın redaksiyasına ticarətçilərdən biri zəng edərək baş verən haqsızlıqlardan danışdı. Onun sözlərinə görə, onlardan yerli-yersiz pul yığılır, icarə haqları artırılır və tələb olunan məbləği ödəyə bilmirlər. Ticarətçi deyir ki, onlardan təhlükəsizlik kamerası, işıq sayğacı üçün əlavə pul istənilir.

Dükan sahibləri isə təhlükəsizlik kamerasına ehtiyacları olmadığını söyləyirlər. Onlar deyirlər ki, yarmarka rəhbəri öz yerinin dərdini çəkirsə, pul xərcləyib təhlükəsizlik kameraları yerləşdirsin. Bundan əlavə isə ticarətçilərdən mühafizəçilərin maaşını ödəmək üçün də pul yığılır. Bütün bu qeyri-rəsmi ödənişlər, qanunsuz xərac toplanması ilə yanaşı yer haqlarının da qaldırılması bazarda çalışanları boğaza yığıb.

* * *
Bazarda işləyən bəzi ticarətçilər “Binə”ni tərk ediblər. Hələ yarmarkada 2013-cü ilin yanvarında baş qaldıran etirazlar və üsyandan sonra xeyli sayda ticarətçi işləməkdən imtina etdi. Bazar rəhbərliyi bunu gizlətməyə çalışsa da, reallıq ticarətçilərin işləməkdən imtina etdiyini deməyə əsas verir. Bazarda bəzi mağazaların qabağında “köçdük”, “icarəyə verilir” sözləri yazılmış lövhələrə rast gəlinir.

Ticarətçilərdən yığılan xəraclar onları elə müflisləşmiş vəziyyətə salıb ki, işləmək üçün mal gətirməyə pul tapmırlar. Onların əksəriyyəti banklara borcludur, çoxları müvəqqəti çətinliyə son qoymaq üçün kredit götürüb. Ancaq bazar rəhbərinin qanunsuz yığdığı pullar ticarətçilərin gününü “göy əskiyə büküb”, onlar nə kredit ödəyə bilir, nə də işləyə. Nəticədə baş götürüb bazardan qaçırlar.

Onların qapısını qıfıllayıb qoyduqları boş dükanlara isə kimsə sahib çıxmır. K.Məmmədovanın gəlirləri isə günbəgün o həddə çatıb ki, bir qrup ticarətçinin yarmarkanı tərk etməsi onu narahat etmir. Həm bazara girən maşınlardan giriş-çıxış pulu yığması, həm dükanları bir neçə dəfə ayrı-ayrı adamlara satması, yer haqlarını süni şəkildə artırması onun vəziyyətinə mənfi təsir etmir. Ticarətçilər deyirlər ki, onlar təhlükəsizlik kamerası və mühafizəçilər üçün pul vermək istəmirlər.

“Nə buna imkanımız var, nə də qanuni əsas. Əgər Kəbirə Məmmədova bazarın qayğısına qalırsa, bir ətək pul qazanır, xərc çəkib kameralar alsın, yerləşdirsin. Bunların məqsədi budur ki, kameraları yerləşdirməklə həm mühafizəçiərə ehtiyac qalmasın, onları işdən çıxarsınlar, həm də bazarda tez-tez yanğın olur, bunu kimlərin elədiyini öyrənsinlər.
Guya şəffaf işləyirlər. Bizim mağazalarımıza heç kim girmir, arxayınıq, axşam olur, qapısını bağlayıb gedirik. Hələ bu günə kimi kimsə girib oğurluq eləməyib. Yanğın olanda da özləri bilirlər ki, bu kimin işidir. Ona görə də zəhmət çəkib kameralar alıb qoysunlar", - deyə bazarda çalışan ticarətçi Vidadi deyir.
***
Onun sözlərinə görə, burada rəhbərlik tərəfindən satıcılara heç bir güzəşt yoxdur: “İndiyə qədər görməmişik ki, Kəbirə Məmmədova nədəsə bizə kömək etsin, ya bir işdə nəzərə alsın. Bu adamlarda qətiyyən humanistlik yoxdur. İşləri pul yığmaqdır, elə hey deyirlər ki, gətir ver, gətir ver.

Millət də yaxşı bilir ki, “Binə”də milyonlar dövr eləyir. Amma bu pullar yuxarının cibinə gedir. Tək Kəbirə Məmmədova yemir, onun da himayəçiləri var. Bunu da hamı tanıyır ki, onlar kimlərdir. Bizi maraqlandırmır da. İmkan versinlər işləyək, evimizə çörək aparaq, kreditlərimizi ödəyə bilək. Hər 3 aydan biri gəlirlər ki, yer pulları artırılır. A bala, niyə, səbəb nədir, hansı əsasla, hansı kitabda yazılıb? Heç kəsin şikayətinə baxmırlar. Elə bilirsiz yanvarda camaat qalxdı, yolu bağladı, qorxdular? Veclərinə də deyil. Ondan sonra Kəbirə Məmmədova acığa düşüb bir az da yer pullarını qaldırdı. Bu dəqiqə batıb gedirik, təmiz iflasdır, qardaş. Çünki bu qiymətə şəhərin mərkəzindəki dükanlarda da mal almaq olur. Şəhərlə kənarın fərqi qalmayıb. Gedib Türkiyədən alırlar, “karqo”ya vurub gətirirlər, ucuz qiymətə satırlar".

***
Ticarətçilərin sözlərinə görə, hər dükandan ayda 3 manat işıq pulu yığılır. Özü də bu 3 manat bir işıq lampasına görə nəzərdə tutulub. Hər dükanda isə ən azı 7-8 işıq lampası var. Ən çoxunda isə 12-dir. Orta hesabla 10 lampa götürsək, bu, bir mağaza üçün 30 manat deməkdir. Beləliklə, işlək 2000 dükandan aya 60 min manat pul əldə edilir.
Sahibkarlar deyirlər ki, gün ərzində bir neçə dəfə işıq sönür. Hər bir dükana sayğac qoyulub. Amma işıq pulunu bu minvalla alırlar. Sayğacı onlara göstərəndə deyirlər ki, buna ehtiyac yoxdur. İşıq lampası aya ən yaxşı halda 70-80 qəpik yazır. Bazarda gündə işıq bir neçə dəfə söndürülür. Bu, aya heç 50 qəpik də eləmir. Ancaq əlavə olaraq 2 manat 50 qəpik alırlar.

Lakin nə narazılıqlar, nə də pul yığımları bununla bitmir.

Bildirilir ki, hər dükan sahibindən kondisioner üçün 30 manat alırlar. Bu yığımdan da Kəbirə Məmmədovanın cibinə azı 65-70 min manat girir. “Binə”də 50-60 kvadratmetr dükan üçün aylıq 1050 manat idisə, indi 1300 manata qaldırılıb. Mağazasının kvadratı 60-dan çox olan ayda 1250 manat yer haqqı ödəyirdisə, yeni qaydalara görə, indi 1500 verməlidir./musavat/
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber