Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

“Əli çubuqlu”lar pul ödədikləri ünvanları göstərdilər

Nəqliyyat Nazirliyi və «uçastkovı»lar

İlham Əliyevsə onların yığdığı pulların hara ödənildiyinin bilinmədiyini demişdi


Yəqin ki, İ.Əliyevin ötən ayın ortalarında Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat sektorundakı problemlərdən danışmasından çoxunuzun xəbəri var. Xəbəri olmayanlara kiçik xatırlatma verək.

Deməli, İ.Əliyev bir sıra problemlərlə yanaşı paytaxtın küçələrində avtomobilləri parkinq edən əli çubuqlulardan danışmışdı. “Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər...”

“Uçastkovı” və nazirliyin müfəttişləri...

Bu çıxışdan sonra vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün biz Bakının ayrı-ayrı ünvanlarına baş çəkdik.

Öncədən onu da qeyd edək ki, heç də hər şey ölkə başçısının dediyi kimi deyil. Bu “əli çubuqlu” vətəndaşlarımız gündəlik “haqq” verirlər. “Uçastkovı”ya da, Nəqliyyat Nazirliyinin müfəttişlərinə də.

Binaların qarşısında, marketlərin önündə, hətta avtobus dayanacaqlarının yaxınlığında belə “parkinq”lər fəaliyyət göstərir. Metronun “Nizami” stansiyasının yaxınlığında söhbətləşdiyimiz nəzarətçi deyir ki, onlar pulu Nəqliyyat Nazirliyinin müfəttişlərinə verirlər. “Yer haqqı” kimi, gündəlik 15 manat ödədiyini deyən “əli çubuqlu” onu da qeyd edir ki, bu məbləği ödəməsə, ona işləməyə imkan verməzlər.

Yaşayış binalarının qarşısında, dükanların önündə də sarı gödəkçəli, qoluna qırmızı lent bağlamış nəzarətçilərə rast gəlmək olar. Bu adamların çoxu pulu “uçastkovı”ya ödəyirlər.

“Neftçilər” metrostansiyası yaxınlığında çalışan “parkinq” nəzarətçiləri də “haqqı” Nəqliyyat Nazirliyinə verirlər. “Parkinq” nəzarətçisinin sözlərinə görə, o, hər gün qazandığı puldan Nəqliyyat Nazirliyinin müfəttişlərinə 5 manat ödəniş edir: “Heç kim nə burada, nə da başqa bir ünvanda özbaşına çalışa bilməz. Biz hər gün Nəqliyyat Nazirliyinin müfəttişlərinə 5 manat pul veririk. Bəzən də 2-3 gündən bir xidməti avtomobilləri ilə gəlirlər, pulları yığıb, gedirlər. Başqa cür mümkün deyil. Əgər pul verməsək, bizə işləməyə imkan verməzlər”.

Nəzarətçi işləmək üçün heç bir şeyin tələb olunmadığını deyən parkinq “usta”ları bildirirlər ki, onlardan maşınların daha çox dayandığı yerləri tapmaq tələb olunur: “Orada başqa nəzarətçi yoxdursa, 10 manat verib, yaşıl gödəkçə alırsan. Başlayırsan, işləməyə... Nazirlik işçiləri özləri səni tapır. Gəlib, öz ”dolya"larını alıb, gedirlər". Göründüyü kimi, yerüstü parkinq nəzarətçiləri heç də nəzarətsiz deyillər. Və onlar qazanclarını tək yemirlər.

“Yayın istisi, qışın soyuğu adamı öldürür, bir tikə çörək puluna görə buna məcburuq”

Metronun “Elmlər Akademiyası” stansiyasının ətrafında çalışan nəzarətçilər iş tapa bilmədikləri üçün bu yolla evlərinə ruzi apardıqlarını bildirirlər. Konkret məbləğ təyin etməyən bu “əli çubuqlu” paytaxt sakinləri hər şeyi avtomobil sahibinin ümidinə buraxırlar: “Kim nə verir alırıq. 20 qəpik də, 50 qəpik də, 1 manatda verən olur. 1 manat yer haqqı ödəyənlər çox az olur. Daha çox buradan istifadə edən sürücülər iki-üç gündən bu qədər məbləği ödəyirlər. Həftəlik ödəyən də olur. Bura sürücülərə sərf edir. Elə adam var ki, 300-400 metr aralıda iş yeridir. Saxlamağa yer yoxdur, icazə vermirlər, ya da bahadır, bura üz tuturlar. Bir var 20, yaxud 50 qəpik versinlər, bir də var 2-3 saat üçün 4-5 manat. Üstəlik, nə qədər saxlasalar da biz əlavə pul istəmirik. Elələri olur ki, 9-10 saat maşınlarını saxlayırlar. Yenə də konkret məbləğ tələb etmirik. Bir sözlə, hər şey onların insafına bağlıdır”.

“Uçastkovı”ya da, nazirliyin müfəttişlərinə də yer haqqı ödəyən nəzarətçi deyir ki, bura işlək və şəhərin mərkəzi ünvanlarından olduğu üçün iki yerə ödəniş etməyə məcburdur. Gündəlik 10-15 manat çörək pulu qazanan “əli çubuqlu” vətəndaş bu işin onun üçün xoş olmadığını söyləyir: “Kimə xoşdur burada işləmək? Yayın istisi, qışın soyuğu adamı öldürür. Bir tikə çörək puluna görə buna məcburuq”.

Başqa bir nəzarətçi Həsən Əhmədov ANS-ə iş tapa bilmədiyindən şikayətlənib: “Gündə burda dayanıram, ya pul verirlər, ya da heç vermirlər. Mənim iş yerim olsa, gedərəm öz rayonumda işləyərəm. Mənə nə gəlib ki, burda 20 qəpiyə görə dayanıram. Ancaq məcburam buna, evə çörəkpulu aparmalıyam”.

Işsizlər iş yerini itirir...

Ancaq ölkə başçısının çıxışından sonra müəyyən dəyişikliklər var. Bakının bəzi mərkəzi küçə və prospektlərində əvvəlki qayda da iş yoxdur. Bu işə yol polisləri də cəlb olunub. Onlar həmin küçələrdə avtomobillərin dayanmasına belə icazə vermirlər. Indiyədək həmin yerlərdə dayanan avtomobillər isə şəhərin əsasən “Qış bulvarı” kimi tanınan və Azadlıq Meydanının altında tikilən iki böyük yeraltı dayanacaqlarda park olunur. Eyni zamanda avtomobillərin bir hissəsi şəhərdə fəaliyyət göstərən bir neçə ticarət obyektlərinin altında saxlayırlar. Yəni “əli çubuqlu” vətəndaşların bir hissəsi işindən olublar, onlara yeni görəvin verilib-verilməməsindən hələ ki xəbərsizik.

Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Ilham Əliyevin çıxışından sonra sərəncam imzaladı. Sərəncamda bildirilir: “Heç bir hüquqi əsas olmadan dövlət strukturları, idarə, təşkilat və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış dayanacaqlar ləğv olunsun”.

Şəhərin küçə və meydanları, park və xiyabanları, yaşayış sahələri üzrə ərazilərin abadlaşdırılması, həmçinin tıxacların qarşısının alınması üçün yeni avtoparkların tikilməsi istiqamətində hazırda müntəzəm işlər həyata keçirilir.

Sərəncama görə, tabeçiliyindən asılı olmayaraq, qanunsuz fəaliyyət göstərən duracaq və ya onları təşkil etmək istəyən hüquqi, fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları, o cümlədən də qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər də həyata keçiriləcək.

Bizimlə söhbət edən nəzarətçilər hələ ki, onlara dəyib-dolaşan olmadığını bildirdilər./azadlıq/
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03