Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Hakimiyyətin ikili erməni standartı

«Jurnalisti, yaxud hüquq müdafiəçisini vətənə xəyanətdə ittiham etmək sadəcə absurddur»

«Hakimiyyətdə yüksək post tutanların arasında həyat yoldaşı, yaxud anası erməni olanların sayı az deyil»


Jurnalist Rauf Mirqədirovun Türkiyədən deportasiya edilərək Azərbaycanda vətənə xəyanətdə ittiham olunması, hüquq müdafiəçisi, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun başına gətirilən məlum hadisələr hakimiyyətin ənənəvi kampaniyasının tərkib hissəsidir. Iqtidar ənənəvi olaraq ona qarşı sərt mövqedən çıxış edənləri “ermənipərəst” adlandırır, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edir.

Hətta ortada konkret faktlar və sübutlar olmasa da, rəsmilər və hakimiyyət mətbuatı bu mövzunu uzun müddət gündəmdə saxlayır. Təbii ki, Azərbaycanın ziyanına Ermənistanla hər hansı əlaqə quran şəxsləri cəzalandırmaq hakimiyyətin borcudur. Lakin indiki məqamda söhbət Azərbaycanın ziyanına işləyənlərdən getmir. Söhbət insan hüquqlarının qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarının təmaslarından gedir. Həm Azərbaycanda, həm də Ermənistanda insan haqları ilə bağlı durumun acınacaqlı olması beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb. Yaranmış vəziyyəti düzəltməyə çalışan və bu işdə əməkdaşlıq edən jurnalisti, yaxud hüquq müdafiəçisini vətənə xəyanətdə ittiham etmək sadəcə absurddur. Hakimiyət ilk növbədə anlamalıdır ki, Azərbaycanda insan haqları sahəsində mövcud problemlər məhz bu iqtidarın yarıtmaz siyasətinin nəticəsidir. Azərbaycanı dünyada biabır edən, imicinə zərbə vuran da məhz bu fəaliyyətdir, Leyla Yunusun, yaxud Rauf Mirqədirovun hər hansı sülh məqsədli tədbirə qatılması deyil.

Ümumiyyətlə, ermənilərlə ünsiyyətə gəldikdə, dəfələrlə dövlət başçısı və hakimiyyət təmsilçiləri Azərbaycanda on minlərlə erməninin yaşadığını, ölkədə minlərlə qarışıq ailələrin olduğunu deyib. Həmçinin hakimiyyətdə yüksək post tutanların arasında həyat yoldaşı, yaxud anası erməni olanların da sayı az deyil. Onların və övladlarının erməni dayı və xalaları ilə üçüncü ölkələrdə görüşünə də heç kim mane olmur. Nə də bu görüşlər vətənə xəyanət kimi qəbul edilmir. Heç kim həyat yoldaşı erməni olan məmurun övladını erməni adlandırmır. Baxmayaraq ki, Leyla Yunusdan fərqli olaraq onların görüşü hər hansı tədbir çərçivəsində, mətbuatın gözü qarşısında olmur. Bu qohumlararası görüşdə söhbətin nədən getdiyini də deyə bilmərik.

Bu sıraya erməni iş adamları ilə birgə layihələr həyata keçirən, birgə biznes quran şəxsləri də əlavə etmək olar. Heç kimə sirr deyil ki, MDB məkanında ermənilərlə biznes əlaqələri quran xeyli sayda azərbaycanlılar var və onların Azərbaycana göndərdiyi pullar xeyli sayda ailənin dolanışığına yardım edir. Hərçənd ki, ölkədə normal şərait olsa, bu adamlar nə Azərbaycandan getməz, nə də erməni ilə şərikli pul qazanmaz.

Yaxud “ISR Holdinq” şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivləri olan Isgəndər Xəlilovun oğlu Rəhman Xəlilov Dağlıq Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak edən Robert Köçəryanla biznes ortağı olub. Ancaq hakimiyyətin Isgəndər Xəlilovu, yaxud onun oğlunu ermənipərəst adlandırmasının şahidi olmadıq.

Nəhayət, dövlət başçısı Ilham Əliyev Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu və münaqişə başa çatandan sonra onlara da bərabər hüquqların veriləcəyini vəd edir. Erməni həmkarı ilə görüşən hüquq müdafiəçisinin, jurnalistin həbs olunduğu, vətənə xəyanətdə ittiham olunduğu bir ölkənin, onun rəhbərliyinin belə vədinə inanmaq olarmı? Polis rəisi heç bir erməni qarışığı olmayan Leyla Yunusa “o ermənidir, onunla necə istəsək rəftar edə bilərik” deyən bir ölkədə hansı bərabər hüquqlardan danışmaq olar? Bu sualın cavabını dövlət başçısı daha yaxşı bilər./azadlıq/
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08