Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

İmişli sakini İ.Əliyevə üz tutur

Evsizlikdən əziyyət çəkən şəhid ailəsi kömək yolları da göstərir

«Evimizin tikilməsinə və ya 10-15 min manat pul ayrılmasına, o da mümkün olmasa, aşağı faizlə kredit verilməsinə göstəriş verin»


“Azadlıq”a müraciət göndərən Imişli şəhər sakini Nazxanım Cabbarlı şəhid anası olaraq dövlət başçısı Ilham Əliyevə üz tutur. Şəhid anası yazır: “Mən bu məktubu yazmaqla bildirirəm ki, həyat yoldaşımla uzun müddətdir xəstəlikdən əziyyət çəkirik. Yaşadığımız ev oğlumuz, 3-cü qrup əlil olan Seymurun adınadır. Sel daşqınları vaxtı evimiz ciddi zədə alıb. Rayon icra hakimiyyəti və FHN komissiyası evi yoxlayaraq ”Bərpa-gücləndirmə" yazmışdı. Bizə evimizin tikiləcəyini deyirdilər. Amma 2012-ci ildə FHN-nin Imişlidəki tikinti komissiyasına Saleh adlı şəxs təyin olunandan sonra o, evimizə baxaraq çıxıb getdi. Sonra məlum oldu ki, həmin şəxs ümumi komissiyanın rəyini rədd edərək evi təmirə yazıb. Həmin adamın rüşvətlə ev tikdirməsi barədə də əhali arasında söz-söhbət dolaşır.

Biz I.Əliyevə yazdığımız məktublara cavablar almırıq. Görünür, məktublarımız ona çatmır. Odur ki, mətbuat vasitəsilə açıq məktub yazırıq. Biz FHN-ə, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Imişli rayon prokurorluğu, RIH və digər qurumlara Salehin vəzifəsindən sui-istifadə etməsi barədə yazmışıq. Evimizin tikilməsi üçün kömək istəyimizə də cavab almamışıq. Dövlət başçısından bir şəhid anası kimi xahiş edirəm, həmin şəxs barədə tədbir görülməsi barədə göstəriş versin. Evimizin FHN tərəfindən tikilməsinə və ya 10-15 min manat pul ayrılmasına kömək edin. O da mümkün olmasa, bizə aşağı faizlə kredit verilməsinə göstəriş verməyinizi xahiş edirik. Ümidvarıq ki, xəstə və şəhid ailəsi olmağımızı nəzərə alaraq bizə kömək göstərəcəksiniz".
1402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber