Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Vəkil: "Pərviz Həşimli onu nəyin gözlədiyini bilir"

Həbsdə olan jurnalist Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesləri dəyərləndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun mühakiməsi yekunlaşmaq üzrədir. Hər iki şəxs ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və satmada, eləcə də qaçaqmalçılıqda günahkar bilir.

Vəkil Bəhruz Bayramov bildirib ki, məhkəmə istintaqı başa çatıb: "Çıxışlara hazırlaşırıq. Uzatmağın mənası yoxdur. Bu günə qədər məhkəmə heç bir vəsatətimizi təmin etməyib. Yuxarıdan neçə il iş istəsələr, hakim onu da oxuyacaq. Yəni obyektiv məhkəmə araşdırmasından söhbət gedə bilməz".

Bəhruz Bayramov mühakimə prosesinin qeyri-obyektiv olduğunu vurğulayıb: "Elə sübutlarımız var idi ki, onu məhkəmənin sorğusu ilə əldə edə bilərdik. Lakin məhkəmə işin obyektiv, ədalətli araşdırılmasında maraqlı olmadı. Kamera görüntüləri, silahların hazırlandığı zavoda sorğu verilməsi, onlarda olan 2800 ABŞ dollarının üzərində Pərviz Həşimlinin əl-barmaq izlərinin olub-olmaması barəsində ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verdik. 2013-cü il sentyabrın 18-də Təvəkkül Qurbanovun telefonunun Biləsuvar rayonunda olub-olmaması barəsində Rabitə və İnformasiya Texnologiyaları İdarəsinə sorğu verilməsini xahiş etdik. Əgər Pərviz Həşimlinin evində olan kameranın yaddaş kartını əldə edə bilsəydik, məlum olardı ki, silahları Pərvizin evinə, həyətinə kim yerləşdirib. Özü yerləşdiribsə, cəzasını da alardı. Bunlar birbaşa sübutlar idi. Məhkəmə prosesi boyunca digər vəkillərlə birlikdə 15 vəsatət verdik, heç biri də təmin olunmadı. Məhkəmədən ədalətli hökm gözləmirəm.

Pərviz Həşimli onu nəyin gözlədiyini bilir. Ədalətli hökmə inanmır. Sadəcə, hökmün tez oxunmasını və MTN-in İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir"./Media forum/
1945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09: