Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Şillə

NIDA- çılara hökm oxundu. Və bu ədalətsiz hökm sabahımızın çarmıxa çəkilməsi yönündə taleyimizə vurulan paslı bir mismar oldu. Bunu nəinki absurd, heç sürrealist qərar da saymaq olmaz. Çünki sürrealizm əsasən, yuxunun reallığı kimi izah olunursa, baş verənlər eyni ilə, reallığın yuxusunu xatırladır.

Bir neçə gün əvvəl məhkəmədə son söz əvəzi NIDA - çı gənclərin çıxışını unutmayaq. KIV səhifələrində bu möhtəşəm monoloq hakimiyyətə vurulan tərs şillə kimi təqdim olundu. Əlbəttə, bu sayaq dəyərləndirmədə böyük həqiqət payı vardı. Amma eyni zamanda, etiraf etməliyik ki, bu ŞILLƏ elə hamımızın ünvanına yönəlmişdi: yəni qanunları, ədalət və insaniyyəti göz görə-görə tapdalayıb-əzən hakimiyyətin əməllərinə susan hər kəsə vurulmuşdu...

Bu ŞILLƏ heç bir cinayət işlətməmiş, istək və arzuları yalnız və yalnız öz məmləkətini, cəmiyyətini azad və demokratik görməkdən ibarət olan gəncləri dəmir barmaqlılar arasına salan avtoritar rejimə qarşı etiraz səsini qaldırmayan və kifayət qədər dirəniş göstərməyən hər birimizə dəyməliydi. Dəydi də!

Sizi bilmirəm, amma mən həmin o çıxışı oxuyan andaca... yanağım od tutub yanmağa başladı. Elə bil, gözəgörünməz bir əl qəfildən sərrast bir ŞILLƏ çəkmişdi üzümə!..

Yerinə düşdüyü üçün, dəfələrlə dediyim fikri təkrar edim: sual işarəsi də yəqin ki, nə vaxtsa NIDA olub. Sonradan, hansı metamorfoza nəticəsindəsə, yəni nə hadisə baş veribsə, o, qatlanıb-büzülməyə, təzim edib-yalmanmağa, əyilməyə, bükülməyə məcbur olub, nəticədə - SUALA çevrilib. NIDA-çı gəncləri şərləyib qanunsuz həbs edənlər, saxta və məkrli istintaq hərəkətləri aparıb, ağır ittihamlar irəli sürənlər, ədalətsizlik və vicdansızlıq nümunəsi göstərib, onlara ağır və sərt cəzalar tətbiq edənlər - əsl SUALlardılar. Ancaq düşünürəm ki, bu SUALlar heç əvvəlcədən də nida-zad olmayıblar, - onların kökündə, mayasında, zatında böyük, çox böyük SUAL olub! Əks təqdirdə, bu boyda riyakarlıq, bu qədər Allahsızlıq və bunca amansızlıq nümayiş etdirib, YALANA ayaq düzəltməzdilər!

20 gün ərzində gənc NIDA - çı dostlar keçirdikləri aclıq aksiyası ilə 20 illik “doydum” deməyən təpəgöz bir hakimiyyətə toxluq dərsi keçdilər. Toxluq,cəsarət və səmimiyyət dərsi! Onlar çəkinmədən, qorxmadan və heç belə “uf” da demədən, hakimiyyətin repressiv və şər-şəbədə maşınının müqabilinə ŞƏRƏFLI və qibtə ediləcək AMAL çıxartdılar. Bu, əsl “master-klass” idi !

Məhz elə buna görə də, bu gün biz, onları qorumağa borcluyuq. Çünki onlar

NIDAnın LƏYAQƏT hissinə söykəndiyini və heç vəclə əyilməyəcəyini sübut etdilər!/azadlıq/
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi