Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

İsa Sadıqovdan sensasiyalı açıqlamalar

Sabiq nazir müavini anası erməni olan polkovnikin Müdafiə Nazirliyi sistemində yüksək post tutduğunu bildirir; “Seyran Qafarov mənə dedi ki, anam ermənidir”

Azərbaycan müdafiə nazirinin sabiq müavini, hazırda Avropada mühacirətdə yaşayan polkovnik İsa Sadıqov moderator.az saytına mayın 6-da verdiyi müsahibədə olduqca maraqlı açıqlamalarla çıxış edib. İsa Sadıqov vaxtilə Zaqafqaziya Hərbi Dairəsində onunla birlikdə xidmət edən anası erməni olan bir zabitin Azərbaycan Müdafiə Nazirliyi sistemində işə gətirildiyini bildirib:
“Biz Zaqafqaziya Hərbi Dairəsində xidmət edən iki azərbaycanlı idik. Hər ikimiz də hərbi akademiyanı qurtarmışdıq. Qarabağ hadisələri başlayanda mən həmin bu Seyran Qafarova dedim ki, gedək Azərbaycana, vətənin dar günüdür. Mən Xocalı hadisəsindən 3 gün sonra mindim maşına, gəldim Rəhim Qazıyevin yanına. Dedim, Rəhim bəy, mən köməyə gəlmişəm və Azərbaycana köçmək istəyirəm, xahiş edirəm xidmət etdiyim yerə bir məktub göndərin, həmin məktubun əsasında hər şeyi qoyub gəlirəm vətənin köməyinə. Rəhim Qazıyev də məni yaxşı qarşıladı. Qayıtdım geri və Seyranı sevincək öpüb dedim ki, Rəhimlə danışdım, gedirik vətənə. Qayıtdı ki, nə vətən? İşin-gücün qurtarıb? Mənə dedi ki, bilirsən Azərbaycanda ermənilərə münasibət necədir? Donub qaldım, soruşdum ki, sən ermənisən? Qayıtdı ki, mənim anam ermənidir. Dedim, olsun da, atan ki azərbaycanlıdır və sənin vətənin dardadır. Dedim mən sənə zəmanət verirəm ki, öz atam-anamı sənin ailənin yanında burda saxlayıram, gəl gedək.
Həyasızcasına qayıtdı ki, azərbaycanlılar mənim xalqıma divan tuturlar, mənim orda nə ölümüm var? Gördüm ki, qarşımda necə bir şərəfsiz dayanıb və mən artıq susdum. Üstündən illər keçdi və mən 1998-ci ildə həbsxanadan çıxdım. 2000-ci ildə maşınla Gürcüstana getmişəm, qayıdanda gördüm yolun kənarında bir polkovnik-leytenant dayanıb. Saxlayıb maşına götürdüm. Danışdırdım ki, mənim keçmiş korpusumdandır. Hal-əhval tutdum. Bu zabit hələ kim olduğumu bilmir. Soruşdum ki, azərbaycanlı zabitlərdən heç yeni gələn varmı? Dedi hə, çoxdur. Soruşdum ki, rütbələri nədir? Dedi, çoxu polkovniklərdi. Qayıtdım ki, müharibənin qızğın vaxtında bu oğraşlar niyə gəlmirdi, indi tökülüb gəliblər, vətən indimi şirin oldu? Polkovniklərin kimliyini soruşdum. Qayıtdı ki, ”naçalnik generalnaya inspeksiyi» Seyran Qafarov».
İ.Sadıqov onu da deyib ki, Seyran Qafarov Səfər Əbiyevlə məktəbi bir qurtarıblar. Sabiq nazir müavini onu da xatırlayıb ki, anası erməni olan, özünü əslində erməni sayan və Azərbaycanın ərazi bütövlüyünü qorumaqdan imtina etmiş birisinin Azərbaycanın Müdafiə Nazirliyində yüksək vəzifə tutduğunu eşidəndə dəhşətə gəlib: “Mən müharibənin məşəqqətlərini görmüşəm, həbsxanada hər cür əzab-əziyyət gəlib başıma, amma heç vaxt sarsılmamışam, ancaq indi əllərim əsməyə başladı. Tez maşını sürdüm MTN-in region bölməsinə, adını demək istəmədiyim bir tanıdığım zabit vardı, onunla görüşdüm. Dedim, eviniz yıxılmasın, rəhbərliyə xəbər verin, bu erməni əliboş gəlməyib, onu araşdırın”.
İ.Sadıqovun haqqında açıqlamalar verdiyi Seyran Qafarov adlı şəxsin hazırda da Müdafiə Nazirliyi sistemində işləyib-işləmədiyini, hansı rütbəni daşıdığını dəqiqləşdirməyə çalışdıq. MN-in sabiq xidmət rəisi Üzeyir Cəfərov bildirdi ki, S.Qafarov 2003-cü ildə Müdafiə Nazirliyində mühüm vəzifələrdən birinə təyin edilib: “Seyran Qafarov ordunun döyüş hazırlığı, silah-sursat, şəxsi heyətlə bağlı olan bir sahəyə vəzifəyə gətirildi. Şəxsən mən o dövrdə buna etirazımı bildirmişdim.
Narazılıqlar çoxaldığı üçün bir müddət sonra onu həmin işdən kənarlaşdırıb Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinə şöbə rəisi qoydular. 2004-cü ildə mən ordudan tərxis olunandan sonra Seyran Qafarovun anasının erməni olduğu məsələsini ictimailəşdirdim. Seyran Qafarov özü də 2004-cü ildə ”Ayna-Zerkalo» qəzetinin müxbiri Cəsur Sümərinliyə müsahibəsində etiraf etmişdi ki, həqiqətən də anası ermənidir. Həmin müsahibəni bu gün tapmaq asandır.
Seyran Qafarov polkovnikdir və hazırda Ali Hərbi Akademiyada vəzifə tutur. Bir neçə gün öncə Rusiyaya qaçdığı barədə xəbərlər yayılan general Bağır Fətullayevin rəhbərlik elədiyi şöbədə işləyir. Bağır Fətullayevlə Seyran Qafarov həmyerlidirlər. İsa Sadıqovun dediyi həqiqətdir ki, Xocalı soyqırımı olanda həmin bu Seyran Qafarov Zaqafqaziya Hərbi Dairəsinin Əməliyyat İdarəsində xidmət edib. 366-cı motoatıcı alayın Xocalıya qarşı əməliyyata hazırlaşmasından onun məlumatının olmaması mümkün deyildi. Sabah müharibə yenidən alovlansa bu cür adamlar Azərbaycana zərbə vuracaq potensial təhlükədirlər».
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24