Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Kəmalə Bənənyarlıdan Əli Kərimlinin əleyhinə ifadə alınmağa çalışılıb

Vəkil Əsabəli Mustafayev paytaxt polisinin Binəqədidəki məntəqəsində inzibati cəza çəkən AXCP üzvü Kəmalə Bənənyarlı ilə görüşüb. Qeyd edək ki, Kəmalə Bənənyarlı mayın 6-da Bakıda lokal etiraz aksiyasında tutulub. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Vəkil Əsabəli Mustafayev açıqlamasında bildirib ki, Kəmalə Bənənyarlının vəziyyəti heç də yaxşı deyil: “Kəmalə xanım Nəsimi Rayon Polis İdarəsində saxlandığı vaxt çox ciddi təhqirlərə və işgəncələrə məruz qalıb. İdarədə vəzifəli şəxslər onu döyüb və təhqir ediblər. Döyülmə yerlərinin izləri indi də qalır. Hazırda Kəmalə xanımın başında şiş var. Mayın 7-də Binəqədi saxlanma məntəqəsinə daxil olarkən onu müayinədən keçirib qeydiyyata alıblar. İndi də halı yaxşı deyil. Mayın 8-də ona tibbi yardım göstərilib. Başına çoxlu zərbə vurulduğu üçün onda ürək bulanmaları əmələ gəlib. Nəsimi Rayon Polis İdarəsində onu döyən şəxslərin adları bizə məlumdur. Biz bu məsələ ilə bağlı müvafiq orqanlara şikayətlər təqdim edəcəyik. Ona görə də əvvəlcədən həmin şəxslərin adalarını açıqlamaq istəmirik. Kəmalə Bənənyarlının Binəqədi saxlanma məntəqəsinin əməkdaşlarından hər hansı şikayəti yoxdur”.

Vəkilin sözlərinə görə, Kəmalə Bənənyarlı xüsusi hazırlanmış protokolu imzalamaqdan imtina etdiyi üçün dəfələrlə döyülüb: “Protokola əsasən, Kəmalə xanım etiraf etməli idi ki, AXCP sədri Əli Kərimli hər ay onu belə aksiyalarda və siyasi tədbirlərdə iştirak etməsi üçün maliyyələşdirir. Daha sonra Kəmalə xanım heç bir belə siyasi fəaliyyətdə olmaması barədə iltizama qol çəkməli idi. Bu deyilənləri etsəydi, onu sərbəst buraxacaqdılar. Amma o, protokolu imzalamaqdan imtina etdiyi üçün yenidən döyülüb. Kəmalə xanımı Fransadan və Amerikadan maliyyələşmələri ilə bağlı da sorğu-sual ediblər. Ondan xaricdən maliyyə almalarını etiraf etməsi istənilib. Etiraf bundan ibarət olmalı idi ki, Əli Kərimli həmin maliyyəni bu işlərə xərcləyir, hər ay 400-500 manat da Kəmalə Bənənyarlıya verir, Kəmalə xanım da o pulun müqabilində bu tipli aksiyalar təşkil edir. Daha sonra ondan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla tanış olub-olmadığını soruşublar. Verdikləri suala cavab gözləmədən özləri israrla Kəmalə xanıma da “Leyla Yunus kimi vətən xaini olduğunu” deyiblər. Bildiriblər ki, sizlər Amerikadan, Fransadan pul almaqla ölkədə dövlət çevrilişi etmək, iğtişaş törətmək niyyəti güdürsünüz”.

Əsabəli Mustafayev Kəmalə Bənənyarlının məhkəmə prosesinin çox acınacaqlı formada keçdiyini söyləyib: “Hakim əvvəlcə ona 20 sutka inzibati həbs cəzası verildiyi qərarını elan edib. Amma sonradan Kəmalə xanımın bu qərara reaksiyası hakimin xoşuna gəlməyib. Hakimin qərarını yazılı şəkildə alanda məlum olub ki, sənəddə 30 sutka yazılıb.

Ümumiyyətlə xeyli prosedur və hüquq pozuntusu baş verib. Belə ki, 15 sutka həbs cəzası alan Müsavat Partiyasının üzvü Tural Abbaslının da tutulma və polis idarəsində saxlanma anı eyni olub. 22-ci polis bölməsində 14 nəfər heç bir zəruri əşyalar olmayan otaqda stol-stulun üstündə gecələyib və bölmədə pis rəftara məruz qalıblar. Vəkillə təmin olunma, qohumlarla əlaqə saxlama məsələlərində çox ciddi qanun pozuntuları ilə üzləşiblər. Bundan başqa, məhkəmənin yol verdiyi pozuntular var. Bütün bu pozuntular haqda həm Bakı Apellyasiya Məhkəməsinə, həm də Baş Prokurorluğa şikayət hazırlayırıq. Şikayətlər gələn həftə veriləcək.

Nəsimi Rayon Polis İdarəsi müxalifət nümayəndələrinə qarşı pis rəftarı ilə məşhurdur. Dəfələrlə bu məsələ ilə bağlı Baş Prokurorluğa şikayət etmişik. Amma prokurorluq hər dəfə bizim şikayətin təsdiq olunmadığını bildirib. İdarənin də əməkdaşları bundan ürəklənib öz əməllərini davam etdirirlər”.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11
Akademik Nizami S