Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Milli Şura sədrindən hakimiyyətə sərt ittiham

“...Kəmalənın sızlayan yaraları sağalacaq, lakin həmin sızıltıların ləkəsi bu hakimiyyətin korrupsiyaya bulaşmış cəmdəyində əbədi tüpürcək yerinə çevriləcəkdir”

Milli Şura sədri Cəmil Həsənli hakimiyyətin Kəmalə Bənənyarlıya qarşı insanlıqdan kənar hərəkətinə “facebook” statusunda münasibət bildirib.

“May ayının 6-da N!DA-çı gənclərə oxunan qanunsuz hökmə etiraz edən Kəmalə Bənənyarlının həbsi və Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması, döyülüb təhqir edilməsi dövlət və millət adını həqarətdir.

Bu gün hakimiyyətin əsas media ruporlarından biri olan keçmiş “vicdan məhbusu” Azərbaycanı Şimali Koreyaya bənzədənlərə cavab olaraq yazmışdı: sizi ki parçalayıb itlərin qarşısına atmırlar. Doğrudur, bizdə adamı parçalayıb itlərin qarşısına atmırlar, böyük sənətkar Nəsibə xanım demişkən, “qara kopəyə əziyyət vermirlər”, amma son illərdə insanlıq haqqı istəyənlərin üzərinə Pxenyan köpəklərindən də betər gəlirlər. Əks təqdirdə, insanlıqdan zərrə qədər payı olan, içində vətən, millət və din adına bir şey gəzdirən, ən azı peşə namusu olan birisi iki uşaq anasına əl qaldırmazdı.

Mən Kəmaləni ötən ilin payızından tanıyıram, seçki mitinqlərində öz fəallığı ilə seçilirdi. Bu mitinqlərin birindən sonra onun başının üzərində dalğalandırdığı Azərbaycan bayrağını uca tutması, yekəpər polisin həqarətlərindən üçrəngli bayrağı qoruması əslində namus məsələsi idi. Bu mücadilə, kölgəsinə sığındığımız bayrağın bir ana, bir qadın tərəfindən öz namusu kimi qorunması, müqəddəsləşdirilməsi idi. Hələ o zaman mən bu fədakar xanımın azadlıq ruhuna, bayrağa boyanmış millət sevgisinə baş əydim. Görünür, bu hakimiyyət insanlıq adına olan hər şeyi unudur və bilmir ki, polis işgəncəsindən Kəmalənın sızlayan yaraları sağalacaq, lakin həmin sızıltıların ləkəsi bu hakimiyyətin korrupsiyaya bulaşmış cəmdəyində əbədi tüpürcək yerinə çevriləcəkdir”./azadlıq/
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber