Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Şahin Sultanovla intriqa aparırdılar

Cəsur Sümərənli: «Şahin Sultanovun həyat yoldaşının səsləndirdiyi fikirlərdə həqiqət payı var»

Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Şahin Sultanovun həbsindən sonra xeyli maraqlı məlumatlar yayılmağa başladı. Şahin Sultanovun həyat yoldaşı Iradə Sultanovanın “Azadlıq”a açıqlamasında da maraqlı məqamlar üzə çıxdı. Belə ki, Iradə Sultanova həyat yoldaşının günahsız həbs olunduğunu və xüsusi hazırlanmış oyunun qurbanı olduğunu bildirir:

“Şahin Sultanovu sındırmağa çalışırlar, amma bu heç cür alınmayacaq. O yalnız donanmanın inkişafı üçün çalışırdı. O, rütbəni, vəzifəni pulla almayıb. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Hərbi Dəniz Qüvvələrinə komissiya gəldi. Şahini işləməyə qoymadılar, göndərdilər məzuniyyətə. Sonra general Çingiz Məmmədov ona zəng elədi və dedi ki, bəlkə təqaüdə çıxasan. Təsəvvür edin, Çingiz Məmmədovun özünün təqaüdə çıxmaq vaxtıdır, mənim yoldaşımın vaxtına isə hələ 4 il var. Pensiya söhbətindən sonra dedilər ki, əgər çıxmasan, başqa cür olacaq. Gör sənin başına nə oyun gətirəcəyik. Çingiz Məmmədov kimdir ki, Şahin Sultanova zəng vurub ona belə təzyiq edir. Əlbəttə ki, Çingiz Məmmədov da bunu Zakir Həsənovun göstərişilə edib. Şahin onlara deyirdi ki, mənimlə işləmək istəmirsinizsə, gözləyin, komissiya işini bitirsin, aktı mənə təqdim edin, sonra çıxaram. Amma bunlar razı olmadılar və Şahinin başına belə oyun açdılar. Bunlar hamısı Zakir Həsənov nazir təyin olunandan sonra baş verdi. O nazir olanda əllərində siyahı var idi. Həmin siyahıda işdən çıxarılacaq adamların adı vardı. Şahinin də adı siyahıya salınmışdı. Mən çox şeyi indi demək istəmirəm”- deyə Iradə Sultanova bildirib.

“Doktrina” JHAM-ın rəhbəri Cəsur Sümərənli bildirdi ki, Iradə Sultanovanın fikirlərində həqiqət var və bütün məqamlar araşdırılmalıdır: “Səfər Əbiyevin dövründə generallar arasında çox ciddi münaqişələr var idi. Bu münaqişələr zaman-zaman mətbuata çıxırdı və Iradə Sultanovanın açıqlaması bu həqiqətləri bir daha təsdiqləyir. Çingiz Məmmədovla bir sıra generallar, o cümlədən Şahin Sultanov arasında insidentlərin olmasına dair məlumatlar var idi. Yaxın günlərdə Çingiz Məmmədovun da vəzifədən uzaqlaşdırılması gözləniləndi. Hesab edirəm ki, proseslər irəlilədikcə daha çox hərbi qulluqçular, yüksək səviyyəli generallar həbs olunacaq. Bizim üçün də maraqlıdır ki, daha çox adam danışsın və həqiqətlər üzə çıxsın. Doğurdan da Səfər Əbiyevin dövründə silahlı qüvvələrdə korrupsiyanın səviyyəsi görünməyən həddə idi. Müdafiə sektorunda kütləvi yeyinti faktları ilə bağlı məlumatlar var idi. Yəni ayrılan vəsaitin çox az hissəsi silahlı qüvvələrə sərf edilib. Ona görə də bu mənimsəmələri kimlər həyata keçiribsə, məsuliyyətə cəlb olunmalıdır. Şahin Sultanovun həyat yoldaşının səsləndirdiyi fikirlərin həqiqət olduğuna inanıram”.

Səslənən fikirlərlə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirdilər ki, deyilənlərə şərh vermək istəmirlər. Bizə isə məsləhət gördülər ki, Hərbi Məhkəmədən informasiya alaq./azadlıq/
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27