Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Şuşanı kim verdi

Dünən Şuşanın işğal günü idi, əslində bunun özü də qeyri-dəqiqdir, bəzi versiyalara görə biz bu qədim şəhərimizi 9 mayda itirmişik, faşizm üzərində qələbə bayramına kölgə düşməsin deyə işğalı 8 mayın adına yazmışıq. Mahiyyətcə böyük fərqi yoxdur, guya bizim tariximizdə hansı rəqəm tam doğrudur? Heç nəyə axıracan etibar eləmək olmur.
Ancaq Şuşanın işğalı elə bir hadisədir ki, onun haqqında tək dünən yox, bütün il boyu fikirləşmək olar, şəxsən mən 20 ildən artıqdır fikirləşirəm və heç cür ağlıma sığışdıra bilmirəm ki, biz təbiətin hazır bir müdafiə qalası şəklinə saldığı o cür şəhəri necə olub itirmişik. Şuşanı necə vermişik - qısa və çoxmənalı şəkildə yazaq, daha aydın olsun. Yəni biz bir millət olaraq bu qədərmi fərsiz, qorxaq, mənasız olmuşuq?

Əgər başağrısı deyilsə, gəldiyim bəzi qənaətləri sizinlə bölüşüm. Qısa müddətə - 3 min işarəlik yazını oxumaq nə şeydir? Ondan sonra hərəmiz öz alverimizə gedərik.
Məncə Şuşanı bizim verməyimizin birinci səbəbi laqeydlik olub. Məsələn, siyasi həyatımızın qaynar hadisələrindən biri - NİDA Vətəndaş Hərəkatı üzərində məhkəmə təzə bitib, rejimin cəllad hakimləri 8 gəncin hər birini orta hesabla 8 illiyə zindan cəzasına layiq görüb. O gənclər əsgər ölümlərinə, Azərbaycandakı ədalətsizliklərə etiraz etdikləri üçün tutulublar. Bəs görək cəmiyyətin nə qədər hissəsi onlara diqqətlə yanaşır? Təəssüf ki, az hissəsi. Diqqət böyük olsa, rejim bizi təkləyib tutmaz, bir-bir əzməz.

O səbəbdən də, bu gün Rəşadət Axundovu rejimin qandallamasına necə susub baxırıqsa, Şuşanı da belə vermişik. Heç bir fərqi yoxdur, çünki şəhərləri yaradan, yaşadan, ona milli ruh verən elə o şəhərlərdə yaşayan insanlardır.

1992-ci ilin mayında Şuşa işğal ediləndə azərbaycanlıların çoxu bunu televizordan öyrəndi. Halbuki, şəhərin müdafiəsinə getməliydilər. Hərdən savaş xronikalarında 91-92-ci illərin erməni döyüşçülərinə baxın - demək olar hamısı 40-50, daha artıq yaşlı adamlardır. Bizdə isə o yaş qrupu savaş vaxtı gizlənmişdi. Əlbəttə, istisnalar vardı, amma azlıq durumu dəyişdirmir. Orta yaşlı bir insan uşağına çörək qazanmaq bəhanəsi ilə aradan çıxmışdı. Gənclər Bakıda diskotekalarda o vaxtın Üzeyir Mehdizadələrini dinləyirdilər. Qadınlar süni yaşmaqlarını bağlayıb guya işğaldan abır-həya edirdilər. Orta statistik azərbaycanlı Şuşanı taleyin ümidinə buraxmışdı, o səbəbdən Şuşanı verdik getdi. Elə o laqeydliyin səbəbindən də indi ancaq 8 mayda və bir də hansısa düşük kafeyə ad qoymaq lazım gələndə yadımıza düşür.

Bir də günahı kiminsə belinə şəlləmək kimi murdar adətimiz var. Gənclərin keçənilki aksiyalarına ağız büzənlər, şər atanlar mənə bilirsinizmi hansı tipləri xatırladır? “Şuşanı Rəhim Qazıyev verdi” deyən zəvzəkləri. Nə gözəl bəhanədir... Hə də, bu Rəhim getdi, Şuşanı verdi, başına da güllə çaxmadı... Ax səni, yaramaz! Mən özüm o vaxt hardaydım? Əşi, nə dəxli var? Mən Şuşa getsə başıma güllə vurmağa and içməmişdim! Yenə soruşursan harda idim? Cəhənnəmin dibində idim, sənə nə var harda idim?! Ə, bını basın maşına, bu nə qələt eləyir!?

Bəli. Şuşanı Rəhim Qazıyev verdi. NİDA-çıları Zakir Qaralov tutub. Laçını Arif Paşayev verib. Füzulini Zamin Hacı verib. İsmayıllını Füzuli Ələkbərovun oğlu söymüşdü. Şəkini Elman Fəttah satır, almaq istəyən varsa nömrəsini verim.

Bəs adına “Azərbaycan xalqı” deyilən o amorf məfhum hardadır? Mən sizə deyim hardadır: onun vacib işləri vardır, dəvə yağlama zavodu açır...

Zamin Hacı/musavat
1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55