Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Azərbaycan futbolunda transfer mafiyası var

Əcnəbilərlə bağlanan 300-700 min dollarlıq müqavilələrdəki məbləğin 30 faizi bu qrupa çatır

Dünya futbolunda oyunçuların hesabına qaz vurub qazan dolduran bir zümrə var. Onların adına menecerlər deyilir. İndi futbolda klub rəsmiləri ilə bazarlığı futbolçular yox, menecerlər aparır.

Müasir futbolda oyunçuların qiymətinin fantastik şəkildə artırılmasında menecerlərin də danılmaz “xidmətləri” var. Çünki onların çörəyi bundan çıxır. Futbolçu nə qədər baha qiymətə transfer olunarsa, menecer də bir o qədər çox qazanacaq.

Bekar əcnəbilər və klub rəhbərlərinin marağı...

Peşəkar menecerlik fəaliyyəti Azərbaycan futboluna aid edilməməlidir. Çox sadə səbəbə görə - Azərbaycanda futbolçu transferləri həyata keçirilmir. Yəni hansısa bir klub digər klubla müqaviləsi olan futbolçuya elçi düşmür. Bizdə yalnız azad agent statusunda olan futbolçularla müqavilə bağlamağa üstünlük verirlir.



Amma bu, o demək deyil ki, Azərbaycanda futbol menecerliyi ilə məşğul olanlar yoxdur. Var. Özü də onlar da kifayət qədər qazanc əldə edirlər. Azərbaycanlı menecerlər klubsuz qalan əcnəbi futbolçularla əlaqə yaradır, onu klublara təklif edirlər.

Azərbaycanda əcnəbilərlə müqavilə bağlanarkən onlara bir il üçün 300-700 min dollar arası pul ödənildiyini nəzərə alsaq, yerli menecerlər heç də pis qazanmırlar. Belə ki, menecerlər futbolçulardan müqavilədəki məbləğin ən azı 30 faizini tələb edirlər. Belə olan təqdirdə ən ucuz əcnəbi futbolçunun transferindən təxminən 100 min dollar irəli düşmək olur.

Menecerlər bekar əcnəbi futbolçu tapmaqla yanaşı klub rəhbərləri ilə də yaxşı əlaqədə olmalıdırlar. Onların da maraqları təmin olunmalıdır ki, təklif olunan futbolçuları komandaya götürsünlər. Maraqlar təmin olunan yerdə futbolçunun səviyyəsi elə də önəmli deyil.

Maraqlar üst-üstə düşərsə, hətta futbol oynamağı yadırğamış əcnəbi oyunçu da komandaya götürülür. Onun üçün pul ödənilir, menecer də haqqını alır. Futbol oynamağı yadırğamış əcnəbi də bir il ehtiyat oyunçular skamyasında gün keçirib Azərbaycanı külli miqdarda vəsaitlə tərk edir.

Qaydaya görə, indi Azərbaycan çempionatında hər bir komandanın start heyətində 7 legioner meydana çıxa bilər. Təxminən 3-4 legionerin də ehtiyat oyunçu kimi alındığını nəzərə alsaq, hər bir komanda 10-11 legioner transfer edir. Demək olar ki, bütün komandalar bu imkandan yararlanırlar. İndi Azərbaycanda heyətində legioner olmayan futbolçu yoxdur.

Transfer mafiyasının “xaç atası”

Ortada böyük püllar varsa, deməli, bu sahədə böyük oyunlar, böyük maxinasiyalar da var. Bu da Azərbaycan futbolunda transfer mafiyasının fomalaşmasına gətirib çıxarıb.

Virtualaz.org saytı Azərbaycanın transfer mafiyası ilə bağlı ilginc məlumatlar əldə edib. Öncə onu qeyd edək ki, Azərbaycan cəmiyyətinin bütün sahələrinə xas olan monopoliya amili futbol təsərrüfatına da sirayət edib. Yəni transfer mafiyası bir qrupdan ibarətdir. Hazırda Azərbaycanda gercəkləşən bütün transferlərin 80 faizinə bu qrup nəzarət edir. Qrupun “xaç atası” isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdir. Onun qrupuna çox adam daxil deyil. Musayevin yaxın qohumu olan qardaşların - Əhməd Nəbizadə və Polad Nəbizadənin adamlarından ibarət olan bu qrup əcnəbi futbolçuların transferini həyata keçirməklə yanaşı yerli futbolçuların da keçidinə nəzarət edir.

R.Musayev amili klubların əksəriyyətini bu qrupla əməkdaşlığa vadar edir. Bu qrupla əməkdaşlıq etməyən komandalar çempionatda daim sıxılır, hakim haqsızlığı ilə üz-üzə qalır. Menecerliklə məşğul olan digər şəxslər də bu qrupun hegemonluğunu qəbul ediblər. Onlar əllərində olan futbolçuları hansısa Azərbaycan klubuna təklif etmək üçün mütləq Ramin Musayevin qrupunun razılığını almalıdır. Yəni transfer gəlirindən onların faizi mütləq ödənilməlidir.

Qeyd edək ki, futbolçu transferləri ildə iki dəfə - qışda və yayda həyata keçirilir. Fikir vermisinizsə, Azərbaycan klubları həm qışda, həm də yayda xeyli transfer gerçəkləşdirirlər. Yayda aldıqları futbolçunu qışda, qışda aldıqlarını yayda qovurlar.

Bu da transfer mafiyasının diqtəsinə bağlıdır. Məhz onların təkidi ilə belə edilir ki, daha çox çirkli vəsait yuyulsun, daha çox pul qazanılsın.

Araşdırmalar nəticəsində üzə çıxardığımız fakt budur ki, bir il ərzində Azərbaycanın transfer bazarında menecerlərin gəliri 5 milyon dollardan yuxarı olur. Bu vəsaitin 4 milyon dolları Ramin Musayevin qrupunun nəzarətinə keçir.

Bu qrupla əməkdaşlıq etməyən komandaların sıxışdırıldığını qeyd etdik. Azərbaycan futbolunda Musayevin himayə etdiyi qrupla əməkdaşlıq etməyən komandalardan biri də “Xəzər Lənkəran”dır. Əvəzində bu komanda daim hakim səhvlərindən əziyyət çəkir. Sanballı büdcəyə və əla infrastruktura sahib olmasına rəğmən uğur əldə edə bilmir. Səbəb aydındır: Azərbaycan futbolunda uğur meydanda yox, AFFA-nın divarları arasında əldə edilir.

10 illik yubileyində qarşısına çempionluq məqsədi qoyan, ünlü Con Toşakı baş məşqçi postuna gətirən “ağ-yaşıllar” hazırda turnir cədvəlinin aşağı pilləsində qərarlaşıb. Bu, transfer mafiyasına boyun əyməməyin nəticəsidir.

Buna bariz bir nümunə deyək. Mirça Rednik “Xəzər Lənkəran”a gələrkən özü ilə olduqca səviyyəli legionerlər gətirmişdi. Rumın çalışdırıcı elə bir komanda formalaşdırmışdı ki, onun qarşısını hakim səhvləri ilə də almaq olmurdu. Belə məqamda Ramin Musayevin qrupu həmin futbolçuları şirnikləndirci vədlərlə yoldan çıxardı. Onlara “Xəzər Lənkəran”da aldıqlarından iki qat artıq pul təklif edildi. Nəticə nə oldu? Uinston Parks “Bakı”ya, Julius Vobay “Neftçi”yə transfer olundu. Beləcə, Rednikin formalaşdırdığı möhtəşəm “Xəzər Lənkəran” çökdürüldü.

Deyilənlərə görə, Ramin Musayev cənub klubunun rəhbərliynə “bizim transfer siyasətimizi qəbul edin, uğur təmin olunsun” mesajını da göndərib.

AFFA prezidenti Rövnəq Abdullayevdən hər cür dəstək alan Ramin Musayev Azərbaycan futbolunda transfer mafiyası-monopoliya yaradıb. Klublar hələ ki, bu mafiya qarşısında duruş gətirə bilmirlər. Ya onların hökmranlığını qəbul etməlisən, ya da külli miqdarda xərclənən vəsaitə rəğmən turnir cədvəlinin “zirzəmisi”ndə qərarlaşmalısan. Təzyiq üçün də hər cür rıçaq var...
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber