Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2014

“Polis bölməsində qadının döyülməsi Azərbaycan kişisinin əxlaqına sığmır”

Son zamanlarda Azərbaycanda siyasi repressiyaların güclənməsi, siyasi fəalların təqiblərə, təzyiqlərə, işgəncələrə məruz qalmaları adi hal alıb. Gənclərin xüsusilə, NİDA-çıların şərlənərək həbs edilməsi, onlara üst-üstə 59 il hökm oxunması, buna etiraz edənlərin saxlanılaraq inzibati həbs cəzasına məhkum edilmələri son günlərin ən aktual mövzularındandır.
Əsas gündəmdə olan bu məsələlərə hüquq müdafiəçisi Novella Cəfəroğlu aydınlıq gətirdi.
Novella xanım hüquq müdafiəçisi olaraq NİDA-çılara oxunan hökmün onlara ağır təsir bağışladığını söylədi: “Açığı NİDA-çılara oxunan hökmdə biz 2-3 il iş gözləyirdik. Belə olduqda bizim üçün də onları həbsxanadan çıxartmaq asan olardı. Doğrudan ağır təsir bağışladı. Amma hakim öz adamlarına bəraət qazandırmaqla, Gülər Əhmədovanı azad etməsi ilə düşünürəm ki, humanist addım atıb. Çünki Gülərin azyaşlı övladı var. Hesab edirəm ki, bu addımlar NİDA-çılara da şamil olunmalıdır. İlk növbədə bu, milli barışıq olar. Çünki onlar da kiminsə övladlarıdır. Hakimiyyət tərəfindən belə bir addımı gözləyirəm. İyun ayında biz Avropa Şurasında sədrliyə gedəcəyik. Artıq biz prezidentə siyasi məhbusların siyahısını göndərmişik. Siyahıya məhkəmələri bitən, hətta məhkəmələri davam edən Anar Məmmədxanlı kimi insanların da adlarını salmışıq. Məqsədimiz Avropa Şurasında prezidentimiz çıxış edəndə ona siyasi məhbuslar barədə sual verilməməsidir. Danışanda məhz Qarabağdan danışsın. Əminəm ki, siyasi məhbuslar azad olunandan sonra ölkəmizdə abı-hava dəyişəcək. Etiraf etmək lazımdır ki, ölkəmizdə müsbət dəyişiklər var. Amma siyasi məhbus addımı ən öndə olacaq. Biz çox istərdik ki, 28 maya qədər bu məsələlər həllini tapsın. Buna çox ümid edirik. Çünki əfv əsasən bayramlarda olur. Bu baxımdan 28 maya ümidliyik”.
Müsahibimiz son günlər “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirovun və hüquq müdafiəçisi Leyla Yunusun ətrafında baş verənlərə də münasibət bildirib: “Rauf Mirqədirov və Leyla Yunus barədə prezidentə müraciət etmişik ki, bu işlə bağlı düzgün araşdırma aparılsın. Başlanan istintaqda “erməni məsələsi”ni ortaya atıblar. Neçə illərdir ki, mən də daxil olmaqla, çox insanlar ermənilərlə birlikdə bəzi məsələlərdə birgə fəaliyyət göstərmişik. Çünki bunlar demişdilər ki, sülh yolu ilə torpaqlarımızın işğaldan azad olunmasına nail olacağıq. Bu baxımdan “erməni məsələsi”ni ortaya atmaq düzgün deyil”.
Novella Cəfəroğlu Leyla Yunusla bağlı başlanan istintaqa Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın da cəlb olunmasına münasibət bildirdi: “Mətanət xanımla bağlı normal araşdırma aparıblar. Biz orada olub, baş verənləri bütünlüklə müşahidə etmişik. Onun həyat yoldaşı da araşdırmadan razılığını dilə gətirdi. Belə araşdırmadan qorxmaq lazım deyil. Biz bilirik ki, Mətanət xanımın suçu yoxdur. O, ayrı məsələlərlə bağlı ölkəni tərk edib”.
Novella xanım son zamanlarda Azərbaycanda qadınlara qarşı zorakılığın artmasından da danışdı: “Azərbaycanda qadınları həmişə döyüblər. Bu hal 1993-cü ildən daha çox müşahidə olunur. Təbii ki, bu, yolverilməzdir. Amma gender bərabərliyi deyirsiniz. Onda kişilərlə bərabər qadınların da döyülməsi təbiidir. Əslində istər kişi, istərsə də, qadın olsun, döyülməməlidir. Amma bütün bunlar dünyanın hər yerində var. Son aksiyada Kəmalə Bənənyarlının polisdə işgəncələrə məruz qalması bir sözlə dəhşətdir. Bu hallar ölkəmizdə daha çox 90-cı illərdə olurdu. Amma son zamanlarda ilk dəfə olaraq, şahidi oldum. Qadını polis bölməsində döymək heç bir Azərbaycan kişisinin əxlaqına sığmır. Eşitdiyimizə görə, Kəmalə xanım bölmədə söyüş söyüb. Əgər belədirsə, həmin polis onun barəsində şikayət hazırlaya və ona 2-3 il iş verdirə bilərdi. Amma döyməklə cəza çəkən polis işçisi olacaq. Kəmalə xanım azadlığa buraxılmalı və həmin polis məsuliyyətə cəlb olunmalıdır”.
Müsahibimiz Binəqədi Təcridxanasına gedib, həbs edilən fəallarla görüşəcəyini də dedi: “Bu günlərdə Tiflisə səfərimiz var. Oradan qayıdan kimi, ilk növbədə təcridxanaya baş çəkəcəyik. Bizim ora getməyimizə icazə verilmir, amma yenə gedəcəyik. Görüş vaxtının 15 günə uzadılması tam qanunsuzluqdur. Ombudsmana müraciət edib, bu yolla bu məsələni həll edəcəyik”./musavat/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı