Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Doğrudanmı şir yatıb?

Bəzən Azərbaycan xalqını yatmış şirə bənzədirlər. Həm də xüsusi ağır olaylar dövründə bu “yatmış şir” daha çox yada düşür. Məsələn, ictimai fəalların günahsız həbsi zamanı, mitinqlərdə insanlar döyüləndə, kiminsə evi uçurulanda və s. Təbii ki, elə vaxtlar olur ki, hətta soyuqqanlı təhlillərdə də “yatmış şir” diskursuna yer verilir. Analitiklər, siyasilər, yazarlar üçün, bu, proseslərin nəticəsini izah etməyə yaxşı bir dəlildir. “Şir yatıb, ona görə də alınmır...”

Bu söhbəti niyə yada saldım? Heç vaxt xalqımızı şir adlandırmamışam, adlandıranlara da etiraz etmirəm. Xalqın yatmış şirə bənzədilməsi də eynən məni narahat etmir. Zatən xalqı tərifləməkdə də, tənqid etməkdə də sərbəstik. Amma mənə elə gəlir ki, “şir yatıb” diskursu bir çox hallarda bizi məsuliyyətdən və mətləbdən xeyli uzaqlaşdırır.

Özlüyündə maraqlı bir fikirdir, kifayət qədər də cəlbedicidir. Yeri gəlsə, bu fikir yatmışları oyatmağa çağırış da ola bilər. Lakin ölkədə vəziyyətin uzun müddət dəyişməməsi səbəbindən “yatmış şir” məsələsi bizdə lətifəyə və kompleksə çevrilir. Məsələn, son dövrlərin gülməcəsinə çevrilən bir fikir də var ki, biz şiri oyadırıq, gedib başqa yerdə yatır.

Təbii ki, Əliyevlər rejimi həddən artıq çox uzandı. O qədər uzandı ki, dünyanın harasındasa bir toplum etiraza qalxanda “Bizdən başqa hamı qalxdı” deyirik. Normalda bu müddət ərzində bir xalq ən azı iki belə avtoritar rejimi yıxmalı idi. Tarixilik baxımından götürdükdə isə, bu rejimin yaranmasına imkan verməli deyildik. Biz Heydər Əliyevin avtoritarlığa meyl etməsinin qarşısını almalı idik, onda indiki rejim də güclənib monarxiya forması almaz, hakimiyyət atadan oğula keçməzdi. Yəni “təkcə biz qalxa bilmirik” deməklə gerçək mənfi təsiri olan yanlış bir fikrə düşmüşük.

Əslində, şir yatmayıb, yatızdırılıb. Əl-qolu bağlı şəkildə. Bir qismi sadəcə nadanlıqla, bir qismi pul-para ilə, bir qismi qorxudularaq yatızdırılıb. Yəni susdurulub. Dəyişikliyə bəs etməyən az bir qismi “yatırtmaq” üçün isə böyük çaba göstərirlər. Çox sayda insan hazırda həbsxanada “yatızdırılır”. Polis basqıları, xəfiyyə izlənmələri, təhqir, böhtan, döyülmək, həbs və hətta ölüm sonuncuların real gözləntisinə çevrilib. Kəmalə Bənənyarlının dünən həbsdən yazdığı məktubunu oxuduq - hətta zərif bir qadına qarşı ən amansız hərəkətləri etməkdən çəkinmirlər.

Əslində, şir yatmayıb - əl-qolu bağlıdır. Xalqlar əl-qolunu zəncirdən açdıqda şirə dönür, indiki halda isə onun susması bizim söhbət və müzakirə mövzumuz olar. Və biz bu susmağı yatmaq da saya bilərik, yaralarına sarılmaq da. Yəni buna görə qınaya da bilərik, acıya da.

Amma iki məsələni birdəfəlik bilməliyik...

Birincisi, bizim xalq da öz haqqı üçün ayağa qalxacaq və zatən onun mübarizə aparan avanqardı mövcuddur. Mübarizənin yükünü çiyninə götürəcək gənclik formalaşır. Hətta yatmış şir diskursuna qayıtsaq belə, bilməliyik ki, nə qədər çox yatsa da, oyanmayan şir olmur!

Daha bir məsələ, özümüzün məsuliyyətimizdir. Başqalarını qınamaqda davam edə bilərik, xalqı yatmağa görə atəşə tuta bilərik. Amma düşüncəmiz özümüzü də təftiş etməlidir. Biz özümüz oyanmışıqmı? Biz oyanmaqla nə edirik? Ən yüngül vəzifələrdən qaçmırıq ki? Mübarizə aparanlara dəstək dururuqmu? Başqalarına əngəl törətmirik ki?

Heç nə edə bilməsək belə, həqiqəti deyə bilirikmi? Susmuruq ki?!

Doğru çıxış yolu yatanı oyada bilməyəndə, onun yanına uzanıb yatmaq deyil...

Şahvələd Şobanoğlu/azadlıq
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı