Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Dərnəgüldəki “qərib ada”

Əməkdaşımız plana düşən evlərini qoruyub saxlayan Hüseynovlar ailəsinin dramından yazır

“Ata olaraq uşaqlarım üçün mübariz insan olduğumu göstərmişəm. Məncə, bu mənim həyatda ən böyük qazancımdır. İnanıram ki, uşaqlarım üçün verdiyim bu həyat dərsi onların gələcəkdə haqsızlığa qarşı dözümlü və mübarizə aparan bir insan kimi yetişməsinə böyük təkan verəcək”. Bu fikirləri “Yeni Müsavat”a 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları ilə bağlı Dərnəgül şossesinin genişləndirilməsinə görə evi plana düşən Əliəkbər Hüseynov deyib.

Evinin üzərində yazdığı “Evdə yaşayır var” yazısını tez-tez silsələr də o, yenidən bərpa edib. Məqsədi isə tamam başqadır. Əliəkbər Hüseynov deyir ki, evdə olmayanda daxmasının buldozerin qabağına veriləcəyindən qorxur: “Dəfələrlə belə hallarla üzləşmişəm. Artıq 1 ildən çoxdur işdən çıxıb evimin müdafiəsi ilə məşğulam. Ailəmiz evimizi qala kimi qoruyub saxlayır”.

Əliəkbər kişi ilə bayırda söhbətimiz qısa oldu. Bizi evinə dəvət edir. Deyir jurnalist gərək gördüyünü yazsın: “Sonra deməyin Əliəkbər kişi bizi aldatdı. Mən indiyədək sözümə və çörəyimə haram qatmamışam”.

“Pul verilir deyib, polis bölməsinə aparırlar”

Əliəkbər Hüseynov deyir ki, 1 ildir ki, işıq, qaz, su olmadan bu evdə yaşamaq məcburiyyətinə qalıblar: “Hər günümə şükür etdim. Bu müddətdə yolun çəkilişi ilə məşğul olan istər Nəqliyyat Nazirliyinin, istərsə də rayon icra hakimiyyətinin nümayəndələrini təzyiqi ilə üzləşdim. Evimi gəmiyə, özümü gəmi kapitanına bənzədirəm. Gəmi batsa belə, onu son tərk edəcək şəxs mən olmalıyam”.

Ə.Hüseynov söhbət zamanı bildirdi ki, az öncə məhkəmədən gəliblər: “Nəqliyyat Nazirliyinin ”Azeryolservis" ASC tərəfindən məhkəməyə verilmişik. Tələb edirlər ki, evimizdən çıxaq. Mən nəyə görə öz mülkümü tərk etməliyəm? Haqqımı tələb edirəm və hesab edirəm ki, haqqımı tələb etməklə kiminsə hüququnu pozmuram. Hər bir azərbaycanlı kimi mən də ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinin tərəfdarıyam. Amma bu abadlıq işləri məni kimi kasıbın evini uçurmağın hesabına aparılmamalıdır. Prezidentin qəti göstərişi var ki, respublika əhəmiyyətli projektlər üçün vətəndaşların evi sökülürsə, onlara evlərinin hər kvadratı üçün 1500 manat kompensasiya ödənilməlidir. Mən artıq heç nə istəmirəm. Evimi düzgün ölçüb, dəyərləndirməsini aparsınlar. Amma görün bunlar hansı ucuz variantlara əl atırlar? İki gündən bir gəlib qapımızı döyüb deyirlər ki, gözünüz aydın, pul verilir. Bizi icra hakimiyyəti adı ilə aparıb saatlarla polis bölməsində saxlayırlar. Yaxşı ki, ora tək gedirəm. Həyat yoldaşım və uşaqlar evdə qalır. Yoxsa iki saniyənin içində evimizi yerlə-yeksan edərlər".

“Evim iki dəfə yanıb”

Ə. Hüseynov deyir ki, həyat yoldaşı, iki azyaşlı oğlu və qaynı ilə yaşadığı bu ev iki dəfə yanıb: “İnanın, bir-iki qohumdan başqa heç kəsdən yardım görmədim. Ailəmiz dalbadal faciə ilə üzləşdi. Evin yarıdan çoxu yandı. Sonra mən işləyib evin bir hissəsini yüngül təmir etdirdim. İndi icra hakimiyyətindən gələnlər deyir ki, sənin yanmış evinin sənədləri yoxdur. Mən bunları 1 ildir başa sala bilmirəm ki, bütün sənədlərim yanğın zamanı külə dönüb. İndi heç bir şəraiti olmayan evdə, toz-torpağın içində yaşamaq məcburiyyətində qalmışam. Bəzən olur ki, ağır tonnajlı yük maşınlarını qəsdən evin yaxınlığından sürürlər ki, daxmama ziyan vursunlar. Axşam olan kimi ağır texnikanı evin qarşısında saxlayırlar”.
“Evimin qarşısında polisdən canlı sədd çəkdilər”

Ə.Hüseynov deyir ki, yazmadığı, müraciət etmədiyi dövlət müəssisəsi qalmayıb: “Sonuncu dəfə cənab prezidentimiz burdan keçəndə evimin qarşısında polisdən canlı sədd çəkdilər. Səbəbini soruşdum, dedilər ki, guya mən özümü prezidentin maşınının altına atmaq istəyirəm. Amma qətiyyən belə şey olmayıb. Prezident burda görülən işlərlə maraqlanmağa gələndə istədim ki, heç olmasa köməkçisinə yaxınlaşıb, yazdığım məktubu ona təqdim edim. Amma polislər mənə imkan vermədilər. Ailə üzvlərimə hədə-qorxu gəldilər ki, evdən çıxsanız hamınızı tutub polis idarəsinə aparacağıq”.

“Belə yaşayış olmaz...”

Əliəkbər Hüseynovun həyat yoldaşı Mehriban Hüseynova da ağır şəraitdə yaşamaqdan şikayətləndi: “Ərim, uşaqlar və mən xəstəlik tapmışıq. İnanın, bir azdan biz hansısa xəstəlikdən öləcəyik. Evin yanından bir maşın keçən kimi sanki zəlzələ baş verir. Ev silkələnir, pəncərələrin şüşələri qırıq olduğundan toz-torpaq evə daxil olur. Hər gün uşaqları məktəbə aparıb gətirirəm. Qorxa-qorxa gedib-gəlirəm. Yoldaşım evə görə çölə çıxa bilmir. Neyləyək? Qorxuruq. Deyirik ki, birdən evdə olmadığımızdan istifadə edib sökərlər. Nə dərdimizlə maraqlanan var, nə də ki, bizə kömək edən. Gecə-gündüz bizə qüvvət versin deyə, Allaha yalvarırıq. Belə yaşayış olmaz”.

Hüseynovlar ailəsi sonda bildirirlər ki, hüquqları bərpa olunmayana kimi mübarizə aparacaqlar: “İstədiyimiz ədalətli kompensasiyadır. Başqa heç nə...”/musavat/

















1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04