Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Repressiyalara Əliyev göstəriş verir

Milli Şura siyasi məhbuslarla bağlı forum keçirdi

«Cəmiyyətə repressiyaların məqsədinə çata bilməməsi mesajını verməliyik. Hakimiyyət də başa düşməlidir ki, bu çarə deyil»

Milli Şura ölkədə repressiyaların güclənməsi, siyasi məhbusların sayının durmadan artmasını nəzərə alaraq vətəndaş cəmiyyətinin geniş təmsilçiliyi ilə Siyasi Məhbuslar Forumu təşkil edib. Ötən gün Reportyorarın Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) ofisində başlanan tədbirdə ölkənin tanınmış ictimai - siyasi xadimləri təmsil olunublar.ÿTədbirdə eyni zamanda gənclər təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti fəalları, hüquqşünaslar və hüquq müdafiəçiləri, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin jurnalistlər iştirak edirlər.

Tədbirin məqsədi hazırda ölkədəki mövcud duruma diqqəti cəlb etməkdir. Eyni zamanda tədbirin amacı demokratik qüvvələrin və vətəndaş cəmiyyətinin bir araya gələrək yürüdülən siyasəti cavablandırması, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında toplumun hələ tükənmədiyini, həbslərə və digər təzyiqlərə susmadığını nümayiş etdirmək, siyasi məhbusların müdafiəsi üçün yeni ideya və təşəbbüslərə zəmin yaratmaq, siyasi məhbus ailələrinin ağır maddi durumuna diqqəti cəlb etmək, beynəlxalq təşkilatların təmsilçilərinin siyasi məhbuslar mövzusuna diqqətlərini bir daha cəlb etməkdir.

“Ölkənin birinci şəxsinin göstərişi varsa, heç kim məsuliyyət hiss etmir”

Tədbiri giriş sözü ilə açan Milli Şura sədri Cəmil Həsənli bildirib ki, repressiyalar ölkənin birinci şəxsinin göstərişilə həyata keçirilir: “Ölkənin birinci şəxsinin göstərişi varsa, heç kim məsuliyyət hiss etmir. Hüquqa zidd olsa da insanları həbsə atırlar. Hesab edirəm ki, mətbuat, vətəndaşlar bu məsələni diqqətdə saxlamalıdır. Siyasi məhbus ailələrinin yanında olmaq lazımdır. Bu gün Azərbaycanda 140-dan çox siyasi məhbus var. Ən maraqlı budur ki, onların yarısı narkotik ittihamı ilə həbs olunub. Bu insanlar hakimiyyətin qəzəbinə düçar olublar. Gəncləri, jurnalistləri, hüquqşünasları qondarma ittihamlarla zərərsizləşdirirlər. Ancaq, bütün diktaturalar kimi Ilham Əliyev rejimi də tarixin arxivinə gedəcək”.

AXCP sədri Əli Kərimli bildirib ki, sona qədər mübarizəni davam etdirmək və beynəlxalq aləmə çağırışlar etmək lazımdır: “Biz bütövlükdə Azərbaycan cəmiyyəti olaraq Kəmalə Bənənyarlıya qarşı baş verənlərə elə reaksiya göstərməliyik ki, hökumət belə addım atmağa bir də cəhd göstərməsin. Hüquqi baxımdan mümkün prosedurlardan istifadə olunacaq. Amma biz cəmiyyət olaraq toparlanmalıyıq və imza toplamaqla, yazmaqla, sosial şəbəkələrdə kampaniya aparmaqla elə bir şərait yartmalıyıq ki, hakimiyyət qırmızı xətti keçməyin asan olmadığını bilsin. Bu tədbirlə əlaqədər demək istəyirəm ki, Azərbaycan cəmiyyəti növbəti dəfə sınağa çəkilir. Demokratik yaşam haqqını bütün millətlər mübarizə ilə əldə edib. Heç bir xalq bunu asanlıqla əldə etməyib. Bəlkə bizdə belə bir illüziya var ki, asan yolla, məhrumiyyətlər yaşamadan, çətinlik çəkmədən demokratiyaya qovuşacağıq. Amma belə deyil. 140 nəfər siyasi məhbus Azərbaycan üçün böyük rəqəmdir. Biz toplum olaraq baş verənlərdən məyus olmamalı, təslim olmamalıyıq. Baş verənlər susmaq üçün əsas olmamalıdır. Dünyada ildən-ilə avtoritar rejimlər çökür. Bu sıra MDB məkanına keçir və bu qarşısıalınmaz prosesdir. Azərbaycan hökuməti isə həmişə səhv nəticə çıxarır. Diktatorların aqibətindən ibrət götürmür. Çıxış yolunu repressiyalarda görür. Hakimiyyət başa düşməlidir ki, bu çarə deyil. Insanları sosial şəbəkədəki fəaliyyətinə görə həbs etsələr də, senzura yarada bilmirlər. Əksinə, gənclər sosial şəbəkələrdə daha da aktivləşir, siyasi partiyalara axın edir. Biz cəmiyyətə repressiyaların məqsədinə çata bilməməsi mesajını verməliyik. Nə qədər ağır olsa da, susmamaq, mübarizə aparmaq, böyümək, şəbəkələşmək lazımdır. Biz Azərbaycan şərtləri daxilində hüquqi baxımdan əlimizdən gələni edirik. Ancaq beynəlxalq siyasi müdafiəni yaxşı həyata keçirmirik. Mən ölkədə demokratiyanın bərqərar olmasında beynəlxalq aləmdən ciddi dəstək gözəmirəm. Amma siyasi məhbus məsələsində beynəlxalq ictimai rəyi səfərbər edə bilərik. Məsələn ”tvitter"də apardığımız “azadet” kampaniyasına ABŞ senatoru qoşuldu, “susma” kampaniyası haqda CNN kimi kanal məlumat verdi. Bizə diqqət var, sadəcə az iş görürük. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasındakı sədrlik dönəminə fürsət kimi baxmalıyıq. Nə qədər paradoksal olsa da, Azərbaycan dünyanın diqqət mərkəzində olacaq. Biz bundan istifadə etməliyik. Dünyanın diqqətini Azərbaycandakı vəziyyətə çəkməli, müxtəlif kampaniyalar təşkil etməliyik. Digər tərəfdən təklif edərdim ki, hüquq müdafiəçilərindən ibarət geniş bir nümayəndə heyəti təşkil edilsin və ATƏT-in yaz sessiyasında Azərbaycanla bağlı mühüm məsələlər diqqət mərkəzinə çatıdırılsın. Azərbaycan xalqına divan tutulursa, beynəlxalq təşkilatlar buna susmamalıdır. Azərbaycanın demokratikləşməsinə tərəf olan hər bir beynəlxalq vəzifəli şəxsdən izahat istəmək lazımıdır.

Ukrayna məsələsindən sonra Azərbaycanın enerji resusrslarına təlabat yaranıb və Ilham Əliyev hesab edir ki, Qərb üçün insan haqları xırda məsələdir. Ona görə də repressiyanı gücləndirir və yaranmış vəziyyətdən istifadə edir. Ona görə də biz çağırış etməliyik və həmin beynəlxalq təşkilatlar sübut etməldilər ki, insan haqları onlar üçün alternativsizdir. Bu 140 siyasi məhbus, həm də repressiyaya məruz qalmış 140 ailə deməkdir. Ailələr başsız qalıb, ailəni dolandıracaq adamlar həbs olunub. Biz bu ailələrə kömək etməliyik".

“Bu adamların günahı ədalətli cəmiyyətdə yaşamaq istəmələridir”

Vəkil Elton Quliyev isə diqqəti NIDA-çılar barədə hökmə çəkib: “Azərbaycan Respublikası adından verilən bu sənəddə yazılanları sözlə ifadə etmək mümkün deyil. Azərbaycan adından belə bir hökmün çıxarılması biabırçılıqdır. Biz ədalətə nail olmaq üçün Avropa Məhkəməsinə getməliyik. Ölkə daxilində hansısa ədalətli hökm çıxarılacağına inanmırıq, amma Avropa Məhkəməsinə getmək üçün biz ölkədaxili bütün məhkəmə instansiyalarını keçməliyik. Azərbaycan məhkəmələrində baş verənlər hüquq müstəvisindən kənardadı, ittihamlar quramadı. Bu adamların günahı ədalətli cəmiyyətdə yaşamaq istəmələridir”.

Hüquq müdafiəçisi Leyla Yunus Azərbaycan hakimiyyətinin artıq heç bir sərhəd tanımadan etirazçıları susdurmağa başladığını bildirib: “Bu gündən Azərbaycan AŞPA-da sədrliyə başlayır. Amma bu gün ölkədə 140 siyasi və vicdan məhbusu var. Onlar susdurulmaq, fəaliyyətlərini dayandırmaq üçün həbsdədir. Azərbaycanda insan haqları, söz azadlığının vəziyyəti nə qədər pis olsa da, mən hər zaman qürur duymuşam ki, Özbəkistan və digər ölkələrdən fərqli olaraq Azərbaycanda qadınlarla daha ehtiyatlıdırlar. Amma Kəmalə Bənəniyarlı hadisəsi hakimiyyətin qadın-kişi fərqi qoymadan hər kəsi susdurmağı qarşıya məqsəd qoyduğu məlum oldu. Kəmalənin vəziyyəti çox pisdir, o fiziki zorakılığa məruz qalıb. Onunla kimsənin, eləcə də həkimlərin görüşünə icazə verilmir”.

Hüquq müdafiəçisi Rəsul Cəfərli AŞ PA-ya vaxtaşırı Azərbaycanla bağlı məlumatlar göndərilməsini təklif edib: “Bu gündən AŞPA sədrliyi Azərbaycana keçir. Sədrliyin ümumi emaili var, biz ora Azərbaycandakı vəziyyətlə bağlı məlumat göndərməliyik. Fakslar göndərməliyik. Onlardan bu məsələni diqqətdə saxlamalarını tələb etməliyik. Azərbaycanda hüquqi müstəvidə ciddi pozuntular var və bu da ölkədə siyasi məhbusların sayının artmasına gətirib çıxarır. Siyasi məhbuslarla bağlı vahid siyahı tərtib olunmalıdır və AŞPA-nın yay sessiyasında təqdim edilməlidir”.

REAL Hərəkatının Idarə Heyətinin üzvü Azər Qasımov: “Çox əfsuslar olsun biz belə bir mövzuları müzakirə edirik. Bu cür ağrılı mövzuları müzakirə etmək məcburiyyətindəyik. Bu hakimiyyət 20 ildir repressiya ilə məşğul olub. Ilham Əliyev ona görə repressiya edir ki, ölkə üçün heç nə etmədiyini gizlədə bilsin və onun daha çox qazanmasına mane olanlardan azad olsun”

“Azərbaycan cəmiyyətində susmaq özünü doğrultmur”

Tanınmış publisist Mehriban Vəzir ölkədə işgəncələr pik həddə çatıb: “Ölkəmizdə işgəncələr baş alıb gedir. Hamımız bir kiçik otağa toplanmışıq, nəfəsliyimiz də yoxdur. Bizim hamımıza işgəncə olunur və bu hər dəqiqə müşahidə olunur. Işsizlik, az məvacib də işgəncədir. Kəmalə Bənənyarlının məsələsi çox özəldir. Bu qadına çox işgəncə verilib. Onun sonrakı taleyi necə olacaq bilinmir. Mən onun məktubunu oxudum. Yadıma 1937-ci ilin repressiyaları düşdü. 37-ci ildən sonra yenə Azərbaycanda qadına qarşı belə repressiya həyata keçirilir. Bu biabırçılıqdır və bütün hədləri aşmaqdır.

Tanınmış vəkil Aslan Ismayılov deyib ki, ədalətsiz hökm çıxaran hakimlərə qarşı ciddi ictimai qınaq olmalıdır: “Mən NIDA-çılara hökm verən hakimlərin fotolarını ”facebook"da paylaşdım, sonradan mənə nə qədər müraciətlər oldu ki, fotoları çıxarım. Məndə olan məlumata görə, tezliklə bütün hakimlərin fotoları saytlardan çıxarılacaq. Bu o deməkdir ki, verilən hökm onlar üçün də adi deyil. Çünki onların uşaqları, yaxınları, dostları var “facebook”da. Istəmirlər ki, belə bir hökm çıxaran kimi daha çox tanınsınlar. Ədalətsiz hökm çıxaran hakimlər ictimai qınaqla qarşılanmalıdır".

Araşdırmaçı jurnalist Xədicə Ismayıl bildirib ki, siyasi məhbusları dirəniş göstərməlidir: “Bəziləri düşünürlər ki, passiv münasibət sərgiləməklə hər şey rahat keçəcək, onların övladlarına az cəza veriləcək. Azərbaycan cəmiyyətində bu özünü doğrultmur. Mən demirəm ki, dirəniş göstərsələr hər şey düzələcək. Hər halda bu adamlar vaxtında vicdan məhbusu elan edilə bilər, hesabatlara düşmək imkanları olar və nəhayət əfvə düşmək imkanları yaranar. Susmaq kömək etmir. Mən öz təcrübəmdə, Leyla xanımın təcrübəsində göstərə bilərəm ki, geri çəkilmək lazım deyil. Eyni zamanda siyasi məhbuslara dəstək olmaq lazımdır. Biz siyasi məhbuslarla bağlı kampaniya başlamışıq və dəstək üçün yığılan pulların şəffaflığı tam təmin olunur”.

“Məhkəməyə gələnlərin sayı çox olmalıdır”

Vəkil Əsabəli Mustafayev də Kəmalə Bənənyarlı ilə bağlı baş verənlərdən danışıb: “Kəmalə Bənənyarlının məsələsi hamını narahat edir. Çalışırıq ki, bu haqda ictimaiyyətə mütəmadi məlumat verək. Biz həm Kəmalə xanımın həm də Tural Abbaslının apelyasiya şikayəti vermişik. Kəmalə xanımın işgənclərə məruz qalması məsələsindən şikayət vermişik və günahkarların məsuliyyətə cəlb olunmasını tələb etmişik. Adətən həbs olunanları ya Səbailə, ya da Nəsimi Rayon Polis Idarəsinə aparırlar. Nəsimi polis şöbəsində dəfələrlə işgəncə faktları üzə çıxıb və bununla bağlı məhkəməyə müraciət etmişik. Bu şikayətlərin bəziləri Avropa məhkəməsinə verilib. Hesab edirəm ki, belə müzakirələr daha geniş olmalıdır. Siyasi məhbusların sayının artmasi, repressiyanın güclənməsinin nəticəsidir. Bu gün vəkillərin sayı azdır, ictimai-siyasi qurumlar güclü olmalıdır, mexanizmlər hazırlanmalıdır. Məhkəməyə gələnlərin sayı çox olmalıdır. Ən ağrılı məsələlərdən biri də siyasi məhbusların beynəlxalq aləmdə tanınmamasıdır. Bütün vasitərlərdən istifadə edib, həqiqəti çatdırmağa ehtiyac var”.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimoğlu bildirib ki, repressiya yalnız siyasi və ictimai təşkilatların üzləşdiyi problem deyil: “Bu hamımızın problemidir. Biz bu mövzunu daha tez-tez müzakirə etməliyik. Çünki, bu məsələlər müzakirə edilmədikcə unudulur. Azərbaycan vətəndaşları azad yaşamaq istədikləri üçün həbs olunur. Gəncləri xuliqan adı ilə şərləyib tutduqları kimi, inanclı insanları da başqa ittihamlarla həbs edirlər. Mən hələ görməmişəm ki, Azərbaycanda hansısa inanclı şəxs, silahlı etirazdan danışsın, zorakılıq mesajı versin. Təbii ki, bütün kəsimlərin nümayəndələri həqiqəti dedikləri üçün, ədalətsizlikləri tənqid etdiklərinə görə həbs edilir. Bu gün Leyla Yunusa qarşı baş verənlər də onun fəaliyyəti və bu mübarizəsində tərəddüd etməməsi üçündür. Biz bu yeni mərhələni keçəcəyik. Kimə qarşı ”Əcinnə ovu" başlayırsa, ayağa qalxıb dəstək olmaq lazımdır"./azadlıq/
1506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...