Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Vidadi İsgəndərli hakimiyyətə "od püskürdü"

Vidadi İsgəndərli hakimiyyətəVidadi İsgəndərli terrorla hədələnməsinin arxasında Ziya Məmmədovun və Elton Məmmədovun dayandığına şübhə etmir

“Həbs olunan şəxsi də, indi istintaqda nələr baş verdiyini də məndən israrla gizlətməyə çalışırlar. Mənə dedilər ki, şikayətim üzrə saxlanan Emil Məmmədov adlı şəxsdir. Vaxtilə gün.az saytında işləyib. O, istintaqda boynuna alıb ki, 1 ildir facebook sosial şəbəkəsindəki profilimin inboxuna məktublar yazaraq məni terrorla hədələyib. İstintaqa ifadəsində Emil Məmmədov deyib ki, guya bu hədələri edərkən sərxoş olub.

Bu işdə daha bir nəfər var-onun adı məndən gizli saxlanır. İstintaq məni əmin etməyə çalışır ki, Emil Məmmədov ruhi xəstə və alkoqolikdir, ona görə də məsələnin dərininə getməyim”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında hüquq müdafiəçisi Vidadi İsgəndərli onun şikayəti əsasında Göyçay Rayon Polis İdarəsində açılan cinayət işindən danışarkən deyib.

V.İsgəndərli bildirib ki, indiyə qədər ortaya çıxan faktlar bu şəxsi, ya da şəxsləri nəqliyyat naziri Ziya Məmmədovun müdafiə etdiyini sübut edir: “Mən bilirəm ki, Emil Göyçay Rayon İcra Hakimiyyəti rəhbərliyinə yaxın adamdı. Onun nəqliyyat naziri Ziya Məmmədovun şəbəkəsinə daxil olduğunu çoxsaylı faktlar təsdiq edir. O, inboxuma yazdığı hədə məktublarında bunu dəfələrlə etiraf edib, bildirib ki, Göyçay haqqında, Ziya Məmmədov haqqında nəsə yazsam evimə bomba qoyacaq. Həmin yazışmaların tam mətnini istintaqa vermişəm. Emil Məmmədov həmin yazışmalarda açıq mətnlə özünü Ziya Məmmədovun adamı adlandırır”.

Vidadi İsgəndərli deyir ki, Ziya Məmmədov və yaxınlarının təzyiqi ilə indi məsələni Göyçay səviyyəsində saxlamağa və orada da özlərinə sərf edən şəkildə çözməyə çalışırlar: “Emil Məmmədovun həbs edilməməsi, ümumiyyətlə, məsələnin üstünün bağlanması üçün Prezident Aparatından, Baş Prokurorluqdan Nəqliyyat Nazirliyinə qədər Məmmədovlara yaxın xeyli şəxs Göyçayın icra başçısına, polis idarəsinin rəisinə zəng vurub təzyiq göstərməyə çalışır. İstintaqda Emilin terror hədələri ilə dolu məktubları sərxoş olarkən yazdığını bildirməsi də bu basqının nəticəsidir. Onu bir neçə sutkalıq cəza ilə xilas etməyə çalışırlar. Ancaq Emil Məmmədovun yüksək səviyyədə himayə olunan böyük bir cinayət şəbəkəsinin sadəcə bir elementi olduğuna heç bir şübhəm yoxdur. İndi məsələyə belə don geyindirməyə çalışırlar ki, guya bu insan ağıldankəm, sərxoş adamdı. Ağıldankəm gün.az-da necə müxbir işləyib, bütün ili sərxoş olub? Mən bu sualları Göyçay Polis İdarəsinin rəisi ilə görüşümdə də verdim. Böyük mübahisələrimiz oldu. Dedim ki, əlimdə faktlar var, Emil Məmmədov bir ilə yaxındır məni terrorla hədələyir, ailə üzvlərimi təhqir edib. Əmin olsunlar ki, bu məsələdə axıra qədər gedəcəm”.

Vidadi İsgəndərli indi ailəsinin və yaxınlarının həyatı üçün də narahatdır: “Emil Məmmədovun həbsindən sonra bu cinayət şəbəkəsinin daha da aqressivləşməsindən narahatam. Arxalarında böyük güc olduğu aşkardır. İstintaqa təzyiq üçün ən müxtəlif yollara əl atılır. Bu səbəbdən daxili işlər və milli təhlükəsizlik nazirlərinə müraciət edərək özümün və yaxınlarımın təhlükəsizliyinə təminat istəmişəm. Məktubda tələb etmişəm ki, Emil Məmmədovun həbsindən sonra məsələnin süni şəkildə uzadılmasının qarşısı alınsın, dərhal respublika səviyyəsində cinayət işi başlansın, şəbəkə tam ifşa olunsun. Əgər cinayət faktı Bakıda baş veribsə, mən Bakıda öz evimdə olarkən telefonuma hədə zəngi gəlibsə, evimin yaxınlığında idmançı görkəmli 6-7 şübhəli şəxs görmüşəmsə, hansı məntiqlə bu iş Göyçayda araşdırılır? Bu şəxsin bütün yazışmalarında terror hədəsi var. Mənim övladımın şəklini facebooka qoyub müxtəlif profillərdən təhqir şərhləri yazıb. Nə oldu elə bu bütün bu cinayətləri sərxoş ikən gördü? Terrorla bağlı cinayətlərin istintaqını Milli Təhlükəsizik Nazirliyi aparır. Nədən bu məsələdə istisna olmalıdır ki? Bu şəxs muzdla işləyir. Özü mənə yazıb ki, hər ay məni hədələdiyinə görə 3500 manat pul alır. Onun maliyyə qaynağı, sifarişçilər hamısı tapılıb üzə çıxarılmalıdır”.

Vidadi İsgəndərli deyir ki, məsələ ilə bağlı yaxın günlərdə dövlət başçısı İlham Əliyevə müraciət edəcək: "Azərbaycanda məmurların özləri üçün qoçu dəstələri saxlamasının qarşısı alınmalıdır. “Yeni Müsavat”ın müxbiri Fərahim İlqaroğlunun döyülməsində də oxşar məqamlar çoxdur. Məndən dəfələrlə xahiş elədilər ki, ölkədə böyük səs-küy yaratdığına görə üzərinə getməyib. Ancaq mən bu xahişlərin heç birini qəbul etmədim. Məqsədim odur ki, Azərbaycanda ictimai fəal insanlara qarşı məmur özbaşınalığına son qoyulsun. Ölkədə jurnalist döyülür, hüquq müdafiəçisi döyülür, ancaq cəza çəkən olmur. Bu yolverilməzdir. Mən rüşvət və korrupsiya ilə mübarizə aparıram, nazirlərin yol verdiyi korrupsiya faktlarını aşkarlayıram.

Əgər Azərbaycanda doğrudan da korrupsiyaya qarşı mübarizə gedirsə, mən nə üçün cəzalandırılmalıyam? Məndə olan bilgiyə görə, mən sonuncu dəfə həbs olunanda prezidentə məruzə edilmişdi ki, guya Göyçayda İsmayıllı hadisələrini təkrarlamağa çalışıram. Mənim həbs edilməyimlə bağlı təşəbbüs də olmuşdu. O zaman prezident məsələ ilə maraqlanmış və ortaya çıxmışdı ki, qızımın şəklinin facebooka qoyub təhqiramiz şərh yazmaqla məni provokasiyaya çəkib Göyçaya aparıblar. Prezident demişdi ki, heç kimin övladını təhqir etmək olmaz. Bu siyasi qərardan sonra məni cəmi bir neçə gün həbsdə saxlayıb azad etdilər. Ancaq görünür, aşkarladığım korrupsiyaya görə bəlli dairələr məni tamamilə zərərsizləşdirmək fikirlərindən əl çəkməyiblər. Bu məsələnin arxasında kimlər dayanırsa, onlar aşkara çıxarılmalıdır.

Emil Məmmədovun evində axtarış aparılmalıdır, onun bilgisayarı, telefonu yoxlanmalıdır, onun bu sifarişi Ziya Məmmədovun oğlundan, ya Elton Quliyevin oğlundan aldığı müəyyən edilməlidir. Əgər ortada qanunsuzluq, cinayət varsa, bu işin sifarişçiləri də, icraçıları da qanun qarşısında cavab verməlidir. Prezidentə məktubumda da yazacağam ki, məni, ailə üzvlərimi terrorla hədələyən cinayətkar dəstə ifşa edilməli, bu, qanunsuz işlərlə məşğul olanlara görk olmalıdır. Biz hüquq dövlətində, demokratik ölkədə yaşayırıqsa, başqa cür ola bilməz".

Vidadi İsgəndərli deyir ki, istintaq qarşısında nəqliyyat naziri Ziya Məmmədov və onun deputat qardaşı Elton Məmmədov bu məsələyə qarışmamaları üçün şərt qoyub: "İstintaqa bildirdim ki, əgər nazir və onun qardaşı bu işdə maraqlı deyillərsə, cinayət işinin başlamasına əngəl olmasınlar, istintaq getsin, məsələ məhkəməyə çıxarılsın. Ancaq görürəm ki, onlar basqını azaltmaq fikrində deyillər".

İnsan haqları müdafiəçisi şikayəti üzrə həbs olunan Emil Məmmədovun sosial şəbəkələrdə yayılan və müxtəlif zamanlarda Azərbaycan məmurları ilə çəkdirdiyi şəkilləri də təqdim edib.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber