Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

“Bunlar sanki ana südü yox, canavar südü əmiblər...”

Pərviz Həşimli: «Mən bu səkkiz ayda başqalarının əzablarından həzz alan şərəfsizlər, vicdansızlar gördüm»

Ötən ilin sentyabrında həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün hökm elan olunacaq. Xatırladaq ki, prokuror Pərviz Həşimliyə 9 il həbs cəzası istəyib.

“Vicdanla qərar verin, nəzərə alın ki, vəzifə müvəqqətidir”

Dünənki məhkəmə iclasında bu iş üzrə ittiham olunan Təvəkkül Qurbanovun vəkili çıxış edərək, müvəkkilinə 10 ay həbs cəzası verilməsini xahiş etdi. Ardınca prokuror və Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov replika hüququndan istifadə etdi.

“Hamının içində bir vicdan hissi var. Vicdanınızla düşünüb qərar verin ki, Pərviz bu cinayəti eləyib, yoxsa yox. Nəzərə alın ki, hər şey, o cümlədən vəzifə, hətta həyatın özü də müvəqqətidir”, - deyə vəkil vurğuladı.

Qandallı son söz

Pərviz Həşimli son sözünü tribunada demək istəsə də, hakim Novruz Kərimov icazə vermədi. O, məhkəmədə son sözünü əlləri qandallı vəziyyətdə söyləmək məcburiyyətində qaldı. Pərviz son sözünə prokurorun çıxışına münasibət bildirməklə başladı:

“Adamların bu dərəcədə şərəfsiz ola biləcəyini təsəvvür etmirdim”

“Biz məcburi köçkün kimi, Gəncədə yataqxanada məskunlaşanda Zakir Qaralov o şəhərin prokuroru idi. Günlərin birində bizim qaldığımız yataqxanaya gəldi və öyrəndi ki, hüquq fakültəsinə qəbul olunmuşam. Ətrafındakılara tapşırıq verdi ki, mənə lazım olan dərs kitablarını alıb versinlər. Həqiqədən verdilər də. Amma mənim hüquq kitablarında oxuduqlarımla bu prokurorun əməlləri qətiyyən bir-birinə uyğun gəlmir. Hər şeyin, hətta qanunsuzluğun da bir həddi olar.

Mən gördüklərimdən dəhşətə gəlirəm, adamların bu dərəcədə şərəfsiz olduğunu təsəvvür eləmirdim. 8 aydır atamı-anamı görmürəm. Amma əvəzində bu səkkiz ayda başqalarının əzablarından, məhrumiyyətlərindən həzz alan şərəfsizlər, vicdansızlar gördüm. Bu cür alçaqlığı hər adam bacarmaz. Prokuror da daxil olmaqla, mənim nəzərimdə bu cür əməllərin sahibi sanki ana südü yox, canavar südü əmiblər..."

***

Bu yerdə Novruz Kərimov müdaxilə edərək, Pərviz Həşimliyə bir daha bənzər fikirlər səsləndirəcəyi halda, onun çıxışını dayandıracağı haqda xəbərdarlıq etdi.

Bundan sonra Pərviz son sözünü davam etdirdi:

“Həbsimə bu cür reaksiya olmasaydı, məni öldürəcəkdilər”

“Bura Ağır Cinayətlər Məhkəməsidir. Burada terrorçular, başkəsənlər, başqalarının etibarından sui-istifadə edən dələduzlar və s. ağır cinayət törətmiş adamlar mühakimə olunur. Siz hakimlərdən tələb edirəm, mənə bu cür cinayətkar gözü ilə baxmayın. Mən günahsızlığımı, cinayət törətmədiyimi sübut etdim. Əsl cinayətkarlar MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev, onun müavini Ilqar Əliyev, müstəntiq Elşən Murtuzovdur. Bu adamların məni niyə şərləyib həbs elədiklərini bilirəm və məhkəmədəki ifadələrimdə də demişəm. Onlar öz düşmənləri hesab elədikləri adamların qisasını məndən alırdılar. Əgər həbsimə bu dərəcədə yerli və beynəlxalq reaksiyalar olmasaydı, məni MTN-də öldürəcəkdilər. Mən bu insanların necə qansız olduğunu gördüm.

“Müəyyən adamları ”vurmaq" üçün prezidentə yalan məlumat veriblər"

Mən həbs olunan gün səhərə qədər evlərinə getmədilər. Elçin Quliyev əlini Ilham Əliyevin divardakı portretinə uzadıb dedi ki, sənin həbsin üçün razılıq almışıq. Mən yaxşı başa düşürdüm ki, seçkiyə 20 gün qalmışdı, müəyyən adamları “vurmaq” üçün prezidentə yalan məlumatlar veriblər. Mən onların vədlərinə “hə” deyib razılaşsaydım, hər şey başqa cür olacaqdı.

Başıma gətirilənlər barədə bəlkə də susardım, məhkəmədə danışmazdım. Amma məni 20 gün vəkilsiz, təkadamlıq kamerada, fiziki və psixoloji işgəncələr altında saxlayanların əməllərini necə danışmayım? Mənə qarşı bu cür davrananların necə qansız və vicdansız olduğunu necə deməyim? Ilqar Əliyev sətiraltı ifadələrlə mənə elə sözlər deyirdi ki, ürəyimə dağ çəkirdi. Həbs olunduğum gün mən onların əlində ola-ola maskalıları evimə göndərdilər. Evimə silahlı hücum təşkil etdilər. Beş yaşlı uşaq onlara yalvarıb ki, “nə olar, bizi öldürməyin”. Həyat yoldaşım dünyaya gətirəcəyi övladımızı itirdi. Inanmıram ki, həbsimə razılıq verənlər 5 yaşlı uşağın, hamilə qadının üstünə silah çəkilib qorxudulmasına da razılıq vermiş olsun.

“Nağıyev qardaşlarına qarşı kin-küdurətlərini mənə tökürdülər”

Dünyada elə bir normal ölkə yoxdur ki, orada dövlət vətəndaşını şərləsin. Təsəvvür edin, bir nazirliyin ali zabit heyətinin generalları vətəndaşın üzünə deyir ki, gördün, sənin torbanı necə tikdik, başına oyun açdıq. Bir gün Ilqar Əliyev mənə dedi ki, “sən bu dövləti niyə sevmirsən, biz bu dövlətə xidmət edirik”. Mən dövlətimi sevirəm. Onlarınsa dövlətə xidmət anlayışını qətiyyən anlaya bilmirəm. Dövlətə xidmət həftədə bir adamın evinə, maşınına silah qoyub tutmaqdır? Hər bir şərlənən insanın ən azı 100 nəfər qohumunu, ətrafını dövlətə nifrət etdirmək deyilmi bu? Mən əslində cinayətkarların necə olduğunu gördüm, anladım. MTN-də dəhşətli işgəncələr baş verir, insanları məhv eləyirlər. Azərbaycan prezidenti bayram günlərində xalqa müraciətində vətəndaşlara “bacılarım-qardaşlarım” deyə müraciət edir. Həmin o bacı-qardaşlara divan tuturlar. Il ərzində minlərlə vətəndaşı dövlətdən narazı salırlar.

O qədər əzazildilər ki, şərləyib həbs etdikləri insanı ailəsilə də təhdid edirlər. Həbsimin 3-cü ayında ailəmin yaşadığı evə yenidən maskalıları yolladılar. Psixoloji durumumun ağır olduğunu nəzərə alaraq, yaxınlarım, vəkillərim bunu mənə deməmişdi. Ancaq MTN-də Antiterror Mərkəzinin tez-tez yanıma gələn bir əməkdaşı psixoloji işgəncə vermək üçün bunu mənə söylədi. O zaman hansı hisslər yaşadığımı bir Allah bilir. Bir gün Ilqar Əliyevdən niyə belə elədiklərini soruşdum. Bildirdi ki, biz araşdırmışıq, onu Əli Nağıyev təşkil edib. Nağıyev qardaşlarına qarşı kin-küdurətlərini mənə tökürdülər. Söhbətlərin birində həm Elçin Quliyevdən, həm də Ilqar Əliyevdən soruşdum ki, 5 yaşlı qızımı, anamı, ailəmi gözüyaşlı qoymaqla Allahdan qorxmursunuzmu? Cavabları belə oldu: “Əli Nağıyev bizim dostumuzu həbs elədi, onun da sənin kimi 5 yaşlı uşağı vardı. Biz adama göstəririk ki, hər şeyin əvəzi ödənilir”. Bununla belə, Nağıyev qardaşlarını vəfasızlıqda günahlandırdılar. Bildirdilər ki, ötən aylar ərzində ailənin problemlərilə maraqlanmayıblar. Eyni sözləri Cavid Qurbanov barədə də dedilər. Cavabında dedim ki, bunun özü onların mənim qarşımda gözükölgəli olmadıqlarının isbatıdır. Özlərinə əmindilər.

“40 gün övladımın şəklini mənə vermədilər”

Azərbaycanda hər kəs bilir ki, MTN adıçəkilən şəxslərlə uzun zamandır konflikt yaşayır. Məni həbs eləməklə də onları “vurmaq” istədilər. Mən isə Allahın verdiyi güc, iradə sayəsində dayandım. Başqalarına böhtan atsaydım, o zaman mənə böhtan atan Təvəkkül kimi şərəfsizin bir tayı da mən olardım. Tələblərini yerinə yetirmədiyimə görə mənə 8 ayda qan uddurdular. Övladımın şəklini 40 gündən sonra mənə verdilər.

Ən dəhşətlisi budur ki, istintaqa nəzarət edən prokurorlar MTN-nin qarşısında acizdir. Hüquqlarıma edilən qəsdə, işgəncələrə susurlar, araşdırmırlar.

“Allahdan qorxun, ədalətli olun!”

Məhkəmədə vəkillərimin qaldırdıqları vəsatətlərin hamısı qanunlara, Konvensiyaya uyğun tərtib olunmuşdu. Lakin onların hamısını rədd etdiniz. Çünki təmin etsəydiniz, MTN-nin yüksək vəzifəli şəxslərinin cinayət törətdiyi sübuta yetirilmiş olacaqdı. Təkcə iki vəsatətin təmin olunması kifayət idi ki, mənə bəraət verilsin. Bunlardan birincisi evimin təhlükəsizlik kamerasının yaddaşına baxış keçirmək idi. Əgər baxış keçirsəydiniz, evimə silahların MTN əməkdaşları tərəfindən qoyulduğunu, onların ailəmə hücum etdiyini görərdiniz. Ikincisi də həbsim günü Iran-Azərbaycan sərhədini keçən Iran vətəndaşlarının şəxsiyyətinin müəyyənləşdirilməsi idi. O zaman görərdiniz ki, həmin gün nə Irandan silah gətirən olub, nə Təvəkküllə görüşən olub, nə də o, mənə silah verib. Siz mobil operatorlardan arayış alsaydınız, görərdiniz ki, indiyə qədər nə məndən Irana zəng gedib, nə də Irandan mənə zəng gəlib. Eyni zamanda, məlum olardı ki, məndən bu şərəfsizə (Təvəkkül Qurbanovu nəzərdə tutur-red.) bircə dəfə də zəng getməyib, o özü manyak olub, yaxamdan əl çəkmirdi. Yapışmışdı ki, gəl görüşək, sənə sovqat göndərim, sənə qonaqlıq verim. Heyf ki, qorxdunuz, çəkindiniz. Heyf ki, Azərbaycan məhkəmələri müstəqil deyil. Qanunlara hörmət etmirsiniz, heç olmasa, vicdanınızın səsinə qulaq asın. Allahdan qorxun, ədalətli olun.

“Onlar üçün insani hisslər yoxdur, bu əxlaqsızların yolunu getməyin”

Mən bu məhkəmənin zirzəmisində əsl cinayətkarlar gördüm. Bir mənzili 5 atama satıb, insanların min bir əziyyətlə qazandığını mənimsəyənlərin rüşvət verib azadlığa çıxanları da tanıdım, MTN tərəfindən şərlənərək günahsız yerə həbs olunanları da gördüm. Etmədiyi cinayətləri boynuna qoymaq üçün MTN-də qabırğaları, qolları, biləkləri sındırılan adamları tanıdım, onlarla danışdım. Belələrindən biri ilə bağlı cinayət işi siz Novruz Kərimovun icraatındadır. Allahdan qorxun, MTN-dəki bir qrup adamın cinayətinə şərik olmayın. Onlar üçün insani hisslər yoxdur. Onlar başqalarının əzablarından həzz alırlar. Onlar üçün anaları, körpə uşaqları gözüyaşlı qoymaq adi haldır. Siz bu əxlaqsızların yolunu getməyin.

Ilham Əliyevə müraciət

Azərbaycanda müstəqil məhkəmə sistemi olsaydı, dövlət başçısına müraciət etməyə ehtiyac qalmazdı. Amma məhkəmə yoxdur. Ona görə də dostlarım məni qınamasın.

Cənab prezident! Siz müşavirələrdə məmurlara milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı tövsiyə edirsiniz. Əmin olun, MTN üçün belə dəyərlər yoxdur. Əks halda, məni qardaşımın toyundan 3 gün əvvəl həbs eləməzdilər. Toy günü mənim anam gözü yaşlı olub. Bu da mənim üçün ən böyük cəzadır. Hbəsim günü 20-30 nəfər maskalının pəncərələrimi sındırıb evimə, ailəmə hücum edib. Bu zaman 5 yaşlı uşaq əllərini köksündə çarpazlayaraq, “bizi öldürməyin” deyə yalvarıb və bunu təsəvvür etmək mənim üçün çox ağır cəzadır. O hücum nəticəsində övladımızı itirməyimdən ağır cəza ola bilərmi? Qardaşımın 3-4 bankdan götürülən kreditlər hesabına qohumlarla şərik tikdirdiyi kafe həbsim günü yerlə-yeksan edildi. 20 ildir məktəb direktoru olan atamı həbsimdən sonra işdən azad elədilər. Səkkiz aydır günəş şüasına həsrətəm. Bütün bunlar çox ağır cəzalardır. Əmin olun ki, ötən 8 ayda MTN məni kifayət qədər, hətta artıqlamasıyla ağır şəkildə cəzalandırıb.

Çıxışınızda “bəzi hallarda ədalət pozulur, buna dözmək olmaz” deyirdiniz. Sizdən mənə qarşı bu ədalətsizliyə, MTN rəhbərliyinin ailəmə qarşı törətdiyi cinayətə də dözümsüz olmağınızı xahiş edirəm.

“Məhkəməyə Quran gətirirdim, əlimdən aldılar”

Sonda isə bir daha siz hakimlərə müraciət edirəm, ədalətli olun, vicdanlı olun. Dediyim kimi, bilirəm, qanunlara əhəmiyyət vermirsiz, ona görə də məhkəməyə gələndə Quran gətirmək istəyirdim, lakin əlimdən aldılar.

Sonda bir məsələni də qeyd edim ki, məni şərləmək üçün istifadə elədikləri Təvəkkül Qurbanova MTN-də hər bir şərait yaradıblar.

“MTN-dən nəyi yazıb veriblər, onu da oxuyur...”

Daha sonra Təvəkkül Qurbanov son sözünü səsləndirdi. Onun çıxışı zamanı ünvanına “şərəfsiz”, “alçaq”, “üzəduran” və s. bu qəbildən ifadələr səsləndirildi. Bir tərəfdən səs-küy, digər tərəfdən də o, son sözünü əlindəki vərəqdən asta səslə oxuduğundan nə dediyi anlaşılmırdı. Yalnız bu cümlələri başa düşmək mümkün oldu: “Pərviz Cavid Qurbanov kimi hörmətli deputatın adını hallandırmaqla onu ləkələməyə çalışır. Pərviz Həşimli Əli Kərimlinin qabından çörək yeyən adamdır, görəsən, onun Nağıyev qardaşları ilə dostluğu necə yaranıb?”

Bu yerdə hakim Təvəkkül Qurbanovdan məhkəmədə araşdırılmış sübutlar üzrə danışmağı tələb etdi. Bu zaman məhkəmə prosesini izləyənlər arasında olan Nurəddin Məmmədli yerindən belə bir replika verdi: “O neyləsin, MTN-dən nəyi yazıb əlinə veriblər, o da onu oxuyur da...”/azadlıq/

1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber