Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Laçından son məlumat və görüntülər Foto

Bu günlərdə biz Bakıda beynəlxalq velosiped yarışı keçirdiyimiz bir vaxtda ermənilər Şuşanın “azad” olunması münasibətilə, mayın 7-9-da İrəvandan başlayıb, Laçından və Şuşadan keçərək Xankəndidə bitən velosiped yürüşü keçirirdilər. Mayın 9-da səhər saat 9-da erməni velosipedçiləri Laçından keçməli və başqa bölgələrdən gəlmək istəyən yürüşçü soydaşları da onlara qoşulmalı idi. 22 il bundan əvvəl mayın 9-da isə bizim çoxumuzun arvad-uşağı Laçından çıxmışdı...
22 ilin acı gerçəkliyini dərk etmək lazımdır. Biz bu gün nə Şuşada, nə Laçında, nə Kəlbəcərdə, nə Ağdamdayıq... O yerlərdə ermənilərdir. O yurdlarımızı necə azad etmək barədə düşünmək lazımdır.
Son 22 il ərzində erməni işğalı nəticəsində Laçın rayonuna dəymiş maddi ziyan, tarixi abidələrimizin vəziyyəti və s. barədə çox yazılıb. İndi sizə faktiki erməniləşmiş Laçın şəhərinin bugünkü gerçək vəziyyəti barədə danışmağa çalışacağıq.
Son məlumatlara görə, ermənilərin birlikdə “Kaşatax rayonu” adlandırdıqları Azərbaycanın Laçın, Qubadlı, Zəngilan bölgələri ərazisində 11 mindən çox, “Berdzor” adlandırdıqları rayon mərkəzi - Laçında isə bəzi məlumatlara görə, 3000-ə yaxın, digər mənbələrə görə isə 4500 nəfərə yaxın erməni məskunlaşıb. Rayon mərkəzində Suriyadan qaçmış bir neçə erməni ailəsi də yaşayır. Evlərin 85 faizi bərpa edilib. 2 orta məktəb və bir uşaq bağçası var. 2012-ci il məlumatına görə, bir məktəbdə 150, o birində isə 120 uşaq təhsil alır. Qeyd edək ki, Laçındakı erməni məktəblərində rus dilinin öyrədilməsinə xüsusi önəm verirlər. 2012-ci ilin martında burada təntənəli Rus Sözü günləri keçirilmişdir. Görünür, bu da işğalçıların əsas himayədarı olan Rusiyaya daha bir sadiqlik və mütilik nümunəsidir...
2000-ci ildə 2 saylı məktəbin ərazisində incəsənət və idman məktəbi də açılıb. Orada müxtəlif dərnəklərdə 5-15 yaşlı 250 uşaq məşğul olur. 2010-cu ildə “Hayastan” ümumermənistan fondu məktəbə 10 mln. dram vəsait ayırıb. Həmin pula idman avadanlığı və “Mercedes Sprinter” avtomobili alınıb. Ermənilərin Laçında 10 minə yaxın kitab fondu olan kitabxanası da fəaliyyət göstərir. İrəvan universiteti kitabxanaya minlərlə nüsxə kitab bağışlayıb. Laçında sovet dövründə inşa edilmiş 1941-1945-ci il savaşı qəhrəmanlarının xatirəsinə ucaldılmış məşhur abidəni düşmənlərimiz Qarabağ savaşında ölmüş soydaşlarının anım yerinə çeviriblər. Şəhərdə yeni xəstəxana və müasir texnologiyalarla təmin edilmiş diş klinikası da tikilib. Bu gün Laçında erməniləri şəhərin bu başından o başına iki avtobus pulsuz daşıyır. 2011-ci ildə şəhərin su təchizat sistemi yenilənib. 1115 m-lik boru xətti təmir edilib və yeni 27 km-lik şəbəkə qurulub. 2009-cu ildən bəri Laçında 3 kiçik su elektrik stansiyası tikilib. Artıq şəhərdə qaz problemi də yoxdur. Bu ildən xalça sexi fəaliyyətə başlayacaq.
Laçında Sülh küçəsində “Artsaxbank”ın filialı yerləşir. Maraqlıdır ki, Dağlıq Qarabağ ətrafında işğal edilmiş digər bölgələrimizdə məskunlaşan ermənilərə aldıqları torpağı yalnız 25 il müddətinə özəlləşdirməyə icazə verirlərsə, Laçında yaşayanlar mülklərini və yaşayış sahələrini ömürlük özəlləşdirə bilərlər... Bu, bir daha sübut edir ki, düşmənin öz xoşu ilə tarixi yurdumuzdan çıxmaq niyyəti yoxdur...
2004-cü ildə Laçında ermənilər “Berdzor” adlı futbol klubu da yaradıblar. Ermənilər Laçının yaşıllaşmasına da diqqət edirlər. İrəvan universitetinin tələbələri demək olar ki, hər il Laçına gəlib yüzlərlə ağac əkməyi ənənəyə çeviriblər.
Laçında bu gün ermənilər xarici qonaqları da qarşılayırlar. 2014-cü il aprelin 21-də məşhur “Baharın 17 anı” filminin musiqilərini bəstələmiş erməni mənşəli bəstəkar Mikayel Tarıverdiyevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində bəstəkarın xanımı Vera Tarıverdiyeva və rus şairi Viktor Konoplyov Laçında olub və 2 saylı orta məktəbdə təntənəli mərasimdə iştirak ediblər.
Əlbəttə, bu gün bizim Bakıdakı həyatımıza nisbətdə ermənilərin Laçındakı yaşayış səviyyəsinə istehza edə bilərik... Hazırda ermənilərdən Laçını tərk edənlər və ya buna çalışanlar da var. Amma çətin şəraitdə olsa da, bu gün Laçında və digər işğal altındakı bölgələrimizdə biz yox, məhz ermənilər yaşayır. Təqdim edilən foto və videoyazılara diqqətlə baxın. O dağlar, o zirvələr, o yaylaqlar, o meşələr, o çəmənlər, o bulaqlar bizimkidir. Biz hər gün, hər saat düşməni qovub, o yerləri azad etmək barədə düşünməliyik.

Sultan Laçın


1785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.