Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

Yaltaqlara “dur” deyən bloggerin məhkəməsi yekunlaşır

Gənc fəal Əbdül Əbilovu şərləyənlər növbəti dəfə ifşa olundu

“Facebook”dakı tənqidçi “Yaltaqlara ”dur" deyək" səhifəsinin admini Əbdül Əbilovun işi üzrə məhkəmə yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə keçirilən dünənki iclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olundu. Amma bundan əvvəl məhkəmədə ittiham tərəfinin iddialarını, o cümlədən Əbdülü həbs edən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi (“bandotdel”) əməkdaşlarının dediklərini alt-üst edən şahid ifadəsi dinlənildi. Polislər iddia edirlər ki, saxlayıb üzərindən narkotik tapıblar. Guya, bundan sonra Əbdül deyib ki, evdə də narkotik var, gedib birlikdə götürüblər və onu idarəyə aparıblar, özü də qandalsız.

Dünənki məhkəmə iclasında şahid qismində ifadə verən Habil Ismayılov Əbdül Əbilovun ailəsilə birlikdə kirayə yaşadığı evin bloku ilə üzbəüzdə yerləşən mağazada işləyir. O bildirdi ki, hadisə baş verən gün həyətə bir maşın gəlib, içindən də bir neçə nəfər mülki geyimli şəxs düşüb. Əbdül onun işlədiyi mağazaya daxil olandan dərhal sonra ardınca həmin mülki geyimlilər girib: “Soruşdular ki, Əbdül sənsən? O da cavab verdi ki, bəli. Dedilər ki, səninlə işimiz var, çölə çıx. Heç yarım dəqiqə çəkmədi ki, mən də ardınca çıxdım. Gördüm ki, Əbdülün əllərini qandallayıblar. Aralarında nisbətən yaşlısı vardı, göstərişi də o verirdi. Ona yaxınlaşıb soruşdum ki, nə məsələdir? Çox aqressiv cavab verdi. Dedi ki, sənlik deyil, işinlə məşğul ol. Əbdülü götürüb apardılar. Ramilin Əbdülün qaynı olduğunu bilirdim, amma nömrəsini bilmirdim. Tez Təşkilata (Əbdüllə birlikdə işləmiş, həmin mağazaya mütəmadi gəlib-gedən Təşkilat Abdullayev-red.) zəng eləyib xəbər verdim, o da Ramilə dedi. Sonra onlar birlikdə yaxınlıqdakı polis bölməsinə getdilər ki, Əbdülün yerini öyrənsinlər, amma öyrənə bilməmişdilər. Bir az sonra həyətə yenə iki maşın gəldi, Əbdülü əlləri qandallı vəziyyətdə düşürüb, evlərinə qaldırdılar. Bir qədər keçəndən sonra, həm Əbdülü, həm də Ramili əlləri qandallı vəziyyətdə düşüb apardılar. Təxminən axşam saat 10 radələrində Ramil gəlib çıxdı. Uşaqlar xəbər gətirdilər ki, onların ikisini də ”bandotdel"ə aparıblarmış, Ramildən izahat alıb buraxıblar".

Ötən məhkəmə iclasında Təşkilat Abdullayev, eləcə də Habil Ismayılovun qardaşı Mahir Ismayılov bənzər ifadə vermişdilər. Mahir Abdullayev bildirmişdi ki, o, mağazaya qardaşının yanına gələndə Habil ona Əbdülü polislərin qandallayıb apardığını deyib. Az sonra isə Əbdülü qandallı vəziyyətdə yenidən gətirib evlərinə qaldırıblar, az sonra düşürüb yenə aparıblar.

Dünənki məhkəmə iclasında prokuror Habil Ismayılovdan qardaşının birinci dəfə Əbdülü apararkən hadisə yerində olub-olmadığını soruşdu. O isə cavabında bildirdi ki, birinci dəfə aparanda yox idi, amma Əbdülü yenidən həyətə gətirib evlərinə qaldıranda və təkrar aparanda qardaşı da, Təşkilat Abdullayev də həyətdə idi. Bu məsələdə hər iki şahidin ifadəsi üst-üstə düşürdü.

Şahid dindirildikdən sonra Əbdül Əbilovun vəkili Xalid Bağırov iş üzrə hal şahidi qismində tanınmış Anar Şahverdiyevin cinayət işinin materiallarında olan imzalarının ekspertizadan keçirilməsi barədə vəsatət qaldırdı. Çünki onun adı hal şahidi kimi keçsə də, Əbdül bildirir ki, onların evində axtarışda həmin şəxs iştirak etməyib. Ona görə də ekspertiza iş materiallarında olan imzaların həmin şəxsə məxsus olub-olmadığını yoxlamalıdır.

Prokuror vəsatətin əleyhinə çıxdı. Elə məhkəmənin vəsatətlə bağlı qərarı da prokurorun mövqeyinə uyğun oldu - vəsatət təmin olunmadı.

Bundan sonra hakim Əhməd Quliyev məhkəmə istintaqının tamamlandığını elan etdi. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istədi. Məhkəmə mayın 22-də prokurorun çıxışı ilə davam edəcək./azadlıq/
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56