Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

Susmuş və ya susdurulmuş İsmayıllı

Ölkənin bu cənnət məkanında insanlar cəhənnəm əzabı çəkir

Azərbaycanın cənnət məkanlarından biri olan İsmayıllıda təbiətin gözəlliyindən fərqli olaraq əhalinin durumu cəhənnəmi xatırladır. 2013-cü ilin yanvar ayındakı məlum olaylardan sonra rayonun icra başçısı Nizami Ələkbərov vəzifəsindən azad edildi. Onun yerinə İsmayıllıdan olan professor Mirdaməd Sadıqov gətirildi.

Düşünülürdü ki, rayona yerli bir nəfərin başçı qoyulması mövcud problemləri aradan qaldıracaq. Lakin Mirdaməd Sadıqovun bu müddət ərzindəki fəaliyyəti bunun tam əksini sübut edir. Sakinlərin sözlərinə görə, M.Sadıqov sadəcə təyinatının ilk aylarında vətəndaşlarla görüş keçirib, onları narahat edən məsələləri dinləyib: “Keçmiş icra başçısı Nizami Ələkbərovun memarı olduğu problemlərin bir çoxu həll olunmamış qalır. Rayonun bəzi kəndlərində yollar hələ də bərbad vəziyyətdədir. Rayonun mərkəzinə gedib-gəlməkdə çətinlik çəkirik. Qış aylarında şərait daha da dözülməz olur.

Yağış, qar yağan kimi hər tərəf palçığa bürünür. Uşaqlar məktəbə gedə bilmirlər. Təcili yardım maşınları yollar pis olduğuna görə çağırış ünvanlarına vaxtında çatmırlar. Başçı özünü göstərmək üçün fevral və mart aylarında bir neçə dəfə sakinlərlə görüş keçirdi. Vəd verdi ki, problemlər zamanla həllini tapacaq. Amma rayon rəhbəri bizə verdiyi sözü tutmadı. Rayondakı sosial problemlərin böyük hissəsi hələ də qalır”.

Yerli camaat işsizlikdən əziyyət çəkir

Sakinlər deyir ki, rayonda çox ciddi işsizlik problemi var: “Gənclərin böyük hissəsi işsizdir. Normal əməkhaqqısı olan iş yerləri azdır. Rayondakı məmurların yaxın çevrəsində təmsil olunan şəxslər ən yaxşı işlərdə çalışırlar. Guya turistik rayonumuz var. Hə, nə olsun? Bunun bizə daha çox ziyanı dəyir. Tursitik yer olduğu üçün iş yerləri kimi məmurların ağlına ancaq restoran, kafe və hotellər gəlir. Onların da işçilərinin sayı azdır. Zavod deyil ki, minlərlə işçisi olsun. Üstəlik, restoran və kafelərdə əmək haqqı az olur. Rayonun Aşağıbaş kəndi ərazisində velosiped zavodu tikilir. Bəlkə bu bir qədər işsizliyin qarşısını ala bilər”.

“Çarə tapmaq üçün getdiyimiz xəstəxanada yeni xəstəlik tapa bilərik”

Sakinlər rayon xəstəxanasının da bərbad vəziyyətdə olduğunu deyirlər: “Xəstəxanamız yararsız vəziyyətdədir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanası iki ildir ki, əsaslı təmir üçün bağlanıb. Xəstəxana müvəqqəti olaraq uşaq poliklinikasında fəaliyyət göstərir. Uşaq poliklinikası sovetlər dönəmində tikilib və bu günə qədər orada əsaslı təmir aparılmayıb. Bina çox şəraitsiz və qəzalı vəziyyətdədir. Dedilər ki, Gül bayramında yeni xəstəxananın açılışı olacaq və bütün heyət həmin ünvana köçəcək. Amma hələ də açılış olmayıb. Dərmanları özümüz alırıq. Xəstəxana binası köhnədir, nəmişlikdir. Sağlamlıq tapmaq üçün getdiyimiz xəstəxanada yeni xəstəlik tapa bilərik”.

Lahıcda diş həkimi belə tapılmır

İsmayıllıya gedib, tarixi Lahıc qəsəbəsi ilə maraqlanmamaq olmazdı. Qəsəbə sakinləri bizi görən kimi problemlərindən danışmağa başladılar: “Bu qədər tarixə malik bir qəsəbədə yaşayasan, amma dişin ağrıyan zaman bircə həkim belə tapmayasan. Belə şey olar? Qəsəbədə bircə həkim var. O da çox yaşlıdır. Bizim tarixi abidələrimiz kimi. Bundan əlavə, qəsəbədə yaşamağa adam qalmayıb. İşsizlik baş alıb gedir. Hərə bir yana qaçır. Başqa çarəmiz yoxdur. Gəlirimiz turistlərdən asılıdır. Onlar da yayda gəlirlər. İşıqlarımız tez-tez sönür”.

İnsanlar susurlar..

2013-cü ilin yanvarında İsmayıllıda minlərlə insanın qatıldığı etirazlar ölkənin gündəmini zəbt etmişdi. O hay-küylü etirazların ardından gələn həbslər rayondakı durumu dəyişib. İnsanlar həmin etirazlar haqqında danışmaqdan çəkinir, qısa cavablarla söhbəti dəyişməyə çalışırlar. Hətta səfərimizi başa vurduqdan sonra şəhərə dönüşümüzdə mindiyimiz taksi sürücüsü belə həmin hadisələrdən danışmaq istəmirdi.

Yandırılmış “Çıraq” hoteli yaşayış binasına çevrilib

Kütləvi etiraz aksiyaları zamanı yandırılan, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus məşhur “Çıraq” hotelinin yerində yeni çoxmərtəbəli yaşayış binası tikilib. Amma hələ ki təmir işləri tamamlanmayıb. Bundan sonra həmin binanın adını 40 dəfə də dəyişsələr fərq etməyəcək. O binanın adı zülmə, haqsızlığa boyun əyməyən insanların etirazları zamanı yandırılmış “Çıraq” hoteli kimi qalacaq. /musavat/
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21