Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

“Fərahim İlqaroğlunu Aynar Məmmədov döydürüb, bunu gizlədə bilməyəcəklər”

Əməkdaşımızı döyən Feyruz Termişinin rəisi Tural Bayramovdan sifariş aldığını polisdə etiraf etməsi protokolda rəsmiləşdirilməyib; Məmmədovlar idmançının həbs edilməməsi üçün ciddi təzyiq göstərirlər; Rauf Arifoğlu Məmmədovlar klanını ifşa etdi...

“Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlu ona qarşı sui-qəsd faktı ilə bağlı mayın 15-də işi aparan Daxili İşlər Nazirliyinə (DİN) çağırılıb. Jurnalist vəkili Elçin Sadıqovla birlikdə DİN-ə gedib və orada işi araşdıran müstəntiq Mikayıl Qüdrətovla görüşüb.


Görüşdən sonra vəkil E.Sadıqovun “Yeni Müsavat”a verdiyi məlumata görə, jurnalistlə DİN-də əlavə istintaq hərəkəti aparılıb. E.Sadıqov bildirdi ki, jurnalistin əvvəlcə işini araşdıran Nizami Rayon Polis İdarəsində (RPİ) verdiyi ilkin ifadələri və üzləşdirmə protokolu ilə tanış olublar: 

“Üzləşdirmə protokolu qısa tərtib olunub. Protokolla tanışlıq zamanı məlum oldu ki, Fərahim Qasımovu döyən Feyruz Termişinin verdiyi ifadələr düzgün yazılmayıb. Termişi bildirmişdi ki, ona Fərahimi döyməyi Tural Bayramov sifariş verib. 

Həmçinin bu işdə onunla əlbir olan şəxsin də olduğunu söyləmişdi. Ancaq onun bu ifadələri Nizami Rayon Polis İdarəsində protokola qeyd edilməyib. Yəni döyən şəxs sifarişçinin kimliyini açıqlasa da, protokolda rəsmiləşdirilməyib. Biz müstəntiqə dedik ki, Termişinin Tural Bayramovdan sifariş aldığını polisdə etiraf etməsi protokolda qeyd edilməlidir". 

Vəkil əlavə olaraq dedi ki, Termişinin bu ifadəsi protokola qeyd edilmədiyi üçün Tural Bayramov da həbs edilməyib: “Həmçinin jurnalistin döyülməsindəTermişi ilə birlikdə olan digər şəxs də tutulmayıb. Biz daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət etməyi planlaşdırırıq”. 

Tural Bayramovu qoruyurlar


Göründüyü kimi, F.Termişinin üzləşdirmə zamanı verdiyi ən vacib ifadəsi - yəni əməkdaşımızın döyülməsini kimdən sifariş aldığını etiraf etməsi protokolda rəsmiləşdirilməyib. Nəticə göz qabağında - bu günlər ərzində nəinki T.Bayramov saxlanmayıb, hətta sui-qəsddə iştirak edən digər şəxs də məsuliyyətə cəlb edilməyib. 
Halbuki mayın 14-də general Məhərrəm Əliyevə yaxın olduğu deyilən aznews.az saytı F.İlqaroğlunun döyülməsini sifariş verən Kikboksinq Federasiyasının idmançısı Tural Bayramovun həbsi xəbərini yaymışdı. 

Saytın verdiyi məlumatda qeyd olunurdu ki, idmançı Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulub, hətta onun buraxılması üçün külli miqdarda pul müqabilində razılaşma olub. Sayt iddia edirdi ki, daxili işlər nazirinin müavinlərindən birinin son anda müdaxiləsindən sonra T.Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil verilib və onun saxlanılmasının tam məxfi qalması tapşırılıb. Amma saytın yazdığı vaxtdan indiyə qədər DİN-dən T.Bayramovun saxlanması barədə rəsmi açıqlama yoxdur. “Yeni Müsavat”ın baş redaktoru həmin vaxt verdiyi bir açıqlama ilə bu anlaşılmazlığa bir növ aydınlıq gətirmişdi: “Tural Bayramovu saxlayıblar. Lakin ona başqa bir maddə ilə inzibati cəza -  20 sutka veriblər”. 

Bu da lap əvvəlki ehtimallarımızı bir qədər də gücləndirir. Yəni müxbirimizi döyməyi sifariş verən idmançı ən yüksək səviyyədə qorunur və istintaqa ciddi müdaxilələr olunur. Çünki T.Bayramovun saxlandığı halda istintaqa bir cümləsi yetər ki, jurnalisti döyməyi sifariş verənin əsl kimliyi üzə çıxsın və həmin şəxs qeyd-şərtsiz həbs olunmalıdır. 
Bu təzyiqlərin arxasında isə əvvəl gündən səslənən ehtimal - nəqliyyat naziri Ziya Məmmədov və deputat qardaşı Elton Məmmədovun dayanması getdikcə doğrulmağa başlayır. Əməkdaşımızın deputat oğlu Aynar Məmmədovun avtoxuliqanlıq hərəkəti haqda davamlı yazması, “Yeni Müsavat”ın ardıcıl Məmmədovlar ailəsinin fəaliyyətini sərt tənqid etməsi işin içindən onların çıxdığına güman yaradır. Qəzetimizin baş redaktoru isə yazır ki, F. İlqaroğluna sui-qəsdin Aynar Məmmədov tərəfindən sifariş edildiyinə artıq əmindir.     
Üstəlik, T.Bayramovun deputatın oğlu Aynar və Elnur Məmmədovlarla dost olması, birgə çəkdirdiyi şəkillər bu istiqamətdəki şübhələri daha da gücləndirir. 
Əgər idmançı öz təşəbbüsü ilə əməkdaşımızı döymək istəsəydi (hərçənd buna bir səbəb də yoxdur, nə tanışdırlar, nə konflikt var - E.S.) çoxdan həbs edilmişdi. Demək ki, istintaqa təsir etməyə və Bayramovu təhvil verməməyə cəhd göstərilir. Müxbirimiz aprelin 25-də hücuma məruz qalıb, artıq hadisədən 21 gün keçir və Məmmədovlar tərəfindən hər hansı reaksiya yoxdur. Belə görünür ki, onlar işi bağlamağa, T.Bayramovu istintaqdan gizlətməyə çalışırlar. Əks halda, bu, iqtidardakı güclü bir klanın sonuna gətirib çıxara bilər. 

Nazir qardaşı oğlunu danlayıb?


Elə yeri gəlmişkən, jurnalistə qarşı sui-qəsdin Aynar Məmmədovun yalnız özfəaliyyəti olduğu versiyası gün keçdikcə təsdiqlənmək üzrədir. Çünki Aynar ailənin başına böyük dərd açıb. O, deputat atası ilə bərabər ilk növbədə, nəqliyyat naziri olan əmisi Ziya Məmmədov və əmisi oğlu, “Garant Holdinq”in rəhbəri Anar Məmmədovu da işə salıb. 
Məmmədovlar istəməzdi ki, belə vaxtsız-vədəsiz zamanda jurnalist onların əli ilə döyülsün və bütün şimşəklər onların üzərinə yönəlsin. Redaksiyamıza gələn xəbərlərdə də belə iddia olunur ki, Ziya və Anar Məmmədovlar Aynara qarşı möhkəm qəzəblidir. Xəbərdə qeyd olunur ki, deputat oğlu bütün işləri üzünə-gözünə bulaşdırıb. Məhz bir aydan çoxdur bu ailəyə qarşı yönələn tənqidlər və kampaniyanın baiskarı kimi Aynarı görürlər. Deputat oğlu gah instagramda paylaşdığı şəkilləri, gah avtoxuliqanlıq hərəkəti ilə gündəmə gəlir, gah da jurnalisti döyməyi sifariş verməkdə adı hallanır.  

Hələ instagramdakı şəkillərinə görə nazir əmisi tərəfindən danlanan A.Məmmədov, görünür, hərəkətlərinə çəki-düzən vermək istəməyib. Bununla da həm nazir əmisinin, həm də Amerikada diaspora işləri ilə məşğul olan əmisi oğlunun fəaliyyətini yerdən yerə vurur. Məlumatlı mənbə iddia edir ki, nazir bir müddət əvvəl ətrafını bir araya toplayıb, ona problem yaratdıqlarını diqqətə çatdırıb, növbəti xətanın bağışlanmaz olacağını xəbərdarlıq edib. Amma... 

Anar Məmmədovun ABŞ-dakı layihəsinə zərbə


Amma Aynar Məmmədov əməllərini davam etdirib, əməkdaşımızın döyülməsində sifarişçi kimi adının çəkilməsi isə naziri medianın birbaşa diqqət mərkəzində saxlayıb. Eyni zamanda yenicə qalmaqallı hadisələrin girdabından çıxan və zədələnmiş reputasiyasını bərpa etməyə çalışan nazir oğlu Anar Məmmədov ilin-günün bu vaxtında əmisi oğluna görə problemlə üzləşib. 

Mayın 28-də Respublika Günü münasibətilə Amerikada təntənəli tədbirlər təşkil etməyi, konqresmenləri ziyafətə dəvət etməyi planlaşdıran nazir oğlunun bu layihəsinə Aynar Məmmədov kölgə salır. Çünki istər-istəməz Məmmədovlar barəsində davamlı olaraq məqalələr dərc olunur, ailənin adı hallanır, iqtidarın daxilində bu klana qarşı olan qüvvələr tərəfindən proses körüklənir, onların nəzarətindəki xəbər portallarında tirajlanır. Ölkə rəhbərliyinin gözündə yüksəlməyə çalışan, artıq diaspora işlərində bacarığını sınayan A.Məmmədovun ABŞ-dakı bu proyekti zərbə altında qalıb. 

Mənbə iddia edir ki, nazir oğlu deputat əmisinin övladına qarşı qəzəblidir. Çünki ictimaiyyət Aynar Məmmədovu şəxsinə görə deyil, deputat atasına, nazir əmisinə görə tanıyır. Ayrılıqda Aynar ismi cəmiyyətə heç nə demir. Bu mənada deputat övladının atasının və bütövlükdə ailənin başına açdığı problemlər göz qabağındadır. 


Rauf Arifoğlu: “Bir müxalifətçinin oğlu hansısa nazirin oğlunu döydürsə idi, nə olardı...”
“Yeni Müsavat” qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlu deyir ki, onlar bu məsələdə dövlətdən ədalət gözləyirlər: “Əgər bir müxalifətçinin oğlu nazir Ziya Məmmədovun, ya da onun deputat qardaşının oğlu Aynarı döydürsəydi, nə baş verərdi? Həmin müxalifətçinin oğlunu həbs etməkdə tərəddüd göstərilərdimi? İşi ört-basdır edərdilərmi? Bax, mən dövlətdən bunun cavabı nədirsə, həmin cavabın bir istintaq hərəkəti kimi Aynar Məmmədova tətbiq olunmasını gözləyirəm. Fərahimi Aynar döydürüb, bu cinayəti  sifariş edib  və əməlinin qarşılığını almalıdır. Kimsə bunu gizlədə bilməyəcək. Fərahimin atası nazir deyil; lakin bu dəfə onun atası həm də dövlət özü olsun və gərəkəni etsin”. /musavat/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45