Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Huşumu itirəndə üzümə soyuq su töküb, yenidən döyürdülər

Kəmalə Bənənyarlı polisin ona necə işgəncə verdiyini məhkəmədə danışdı

Kəmalə Bənənyarlı polisin ona necə işgəncə verdiyini məhkəmədə danışdıFont Ölçüsü
“Başıma yumruqla vururdular. Huşumu itirəndə üzümə soyuq su töküb, yenidən döyürdülər. Əli Kərimlinin əleyhinə ifadə verməyə məcbur edirdilər”

Əsabəli Mustafayev: “ Yeni Azərbaycanın tarixində bir qadına qarşı belə qəddarlıq müşahidə olunmayıb”

Mayın 16-da Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki saxlanma məntəqəsində inzibati cəza çəkən AXCP üzvü Kəmalə Bənənyarlının apellyasiya şikayətinə baxılıb.

Kəmalə Bənənyarlının vəkili Əsabəli Mustafayev çıxışında bildirib ki, yeni Azərbaycanın tarixində bir qadına qarşı bu qədər qəddarlıq müşahidə olunmayıb və baş verənlər ölkədə humanizm prinsiplərinin olmadığını göstərir: “Kəmalə Bənənyarlı NİDA-çı gənclərə oxunan ədalətsiz hökmə etirazın bildirib və “Azadlıq” şüarı səsləndirib. Əvvəla, bu təşkil olunmuş mitinq deyil, hansısa zorakılığa yol verilməyib. Digər tərəfdən, hətta belə olsa da, bir qadına, bir vətəndaşa qarşı polisin belə münasibəti biabırçılıqdır. Azərbaycan Avropa Şurasının Nazirlər komitəsinə sədrlik edir.

Kəmalə Bənənyarlı saxlanılan zaman işgəncəyə məruz qalıb, vəkillə təmin olunmayıb, himayəsində azyaşlı uşağın olması nəzərə alınmayıb, polis bölməsində ac saxlanılıb. Bütün bunlar azmış kimi, əvvəlcə məhkəmə onun barəsnidə 20 sutka həbs qərarı versə də, yazılı mətndə həbsin müddəti 30 sutka göstərilib. Bu qədər nifrətin səbəbi nədir? Axı həmin maddə ilə cərimə də təbiq oluna bilərdi. Biz məhkəmədən xahiş edirik, Kəmalə Bənənyarlıya qarşı baş vermiş ədalətsizliyə münasibət bildirsin və ən azı onun həbs müddətini azaltsın”.



Daha sonra Kəmalə Bənənyarlı çıxış edərək bildirdi ki, onunla əsir kimi davranılıb və Əli Kərimli əleyhinə ifadə vermədiyi üçün döyülüb: “Mənim bu işgəncələrə məruz qalmağımın səbəbi, qondarma protokola qol çəkməməyimdir. Əvvəla qeyd edim ki, bu hakimiyyət mənim yalnız qadınlıq ləyaqətimi deyil, insanlıq ləyaqətimi də tapdayıb. Mən məhkəmə qərarına etiraz edərək, “Azadlıq” şüarı səsləndirmişəm. Məni vəhşicəsinə polis maşınına mindirdilər. Sonra polis bölməsinə gətirib döydülər. Üzümə soyuq su tökürdülər. Sonra başıma yumruqla zərbələr endirirdilər. Huşumu itirəndə, yenidən üzümə su vurub, işgəncə verirdilər. Deyirdilər protokola imza at ki, Əli Kərimli hər ay sənə 400-500 manat pul verir. Mən isə imtina edirdim. İmtina etdiyimə görə üzümə tüpürürdülər. Deyirdilər ki, sən də Leyla Yunus kimi vətən xainisən. Mən baş düşə bilmirəm ki, nə etmişəm. Ölkə neftini talan edən mən deyiləm, offşorlardakı milyardlarla pul da mənim deyil. Mənə 30 sutka həbs cəzası verilməsi, həm də ona görədir ki, başımdakı, ağzımdakı yaralar sağalsın. Çünki, ağır işgəncələrdən sonra ağzım cırılmışdı, dodağım partlamışdı, başım şiş idi. İndi hər gün mənə iynə vururlar, təcridxanaya hər gün təcili yardım çağırılır. İnanın ki, əsir düşmüş düşmənlə də belə davranmazlar. Mənimlə görüşə gələn DİN-in zabiti də ancaq Əli Kərimli haqqında soruşurdu. Həmin şəxsə bildirdim ki, siz mənə verilən işgəncələr haqqında soruşmalısınız, bir qolum işləmir, bununla maraqlanmalısınız. Bir sözlə mənə verilən ittihamlar əsassızdır və məhkəmə mənim haqqımda çıxarılan hökmü ləğv etməlidir” - deyə Kəmalə Bənənyarlı bildirib.

Hakim Vaqif Mursaqulov isə müşavirə otağından qayıdaraq, Kəmalə Bənənyarlının İXM-nin 298.2 maddəsilə təqsirli olduğunu bildirdi və Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxladı.
Eyni vaxtda Müsavat partiyasının divan üzvü Tural Abbaslının da apellyasiya şikayətinə baxılıb və Nəsimi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Onlardan T. Abbaslı 15, K. Bənənyarlı isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib./azadlıq/
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17