Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

«10 il ərzində Gül bayramlarına 150 milyon xərclənib»

Ekspertlər güllərə sərf olunan vəsaitin regionların inkişafına yönləndirilməsini daha məqsədəuyğun sayırNatiq Cəfərli: «Bbu vəsaitlə minlərlə tələbənin xaricdə təhsil almasına nali olmaq mümkün idi»
Azərbaycan "Gül bayram"ı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə 2004-cü ildən qeyd edir. Mərasimlər əvvəllər Dənizkənarı Milli Parkda, sonradan isə Milli Bankın qarşısındakı Heydər Əliyev parkında keçirilməyə başladı. Bayram eks-prezident Heydər Əliyevin anadan olduğu gün qeyd edilir - mayın 10-da. Hər il bu bayram münasibəti ilə Azərbaycana xarici ölkələrdən, xüsusən də Hollandiyadan cürbəcür güllər gətirilir. Park həmin güllərlə bəzədilir. İki-üç gün güclü mühafizədən sonra gülləri BHİŞ-in zibil maşınlarına yığıb aparırlar. Rəsmi mənbələrdən bayrama nə qədər xərcləndiyi barədə məlumat tapmaq qeyri-mümkündür. Bircə şey məlumdur: hər il bu bayrama 10 milyondan artıq gül sərf edilir. "Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir", - deyir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov: "Həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir. Xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir. Gül bayramı üçün Azərbaycanın sarı mətbuatında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini sarı mətbuatda göstərmək istəyirlər" (apa).
İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, "Gül bayramı"na 2004-2013-cü illər ərzində ən az 150 milyon manat vəsait xərclənib".

"Güllərə bu qədər vəsaitin ayrılması rasional düşüncənin məhsulu deyil"

İqtisadçı ekspert Natiq Cəfərli hansısa ölkənin gülləri pulsuz göndərdiyinə inanmır. Onun sözlərinə görə, keçən ilki büdcə və rəsmi açıqlamalarda "Gül bayramı"na 30 milyon manat xərcləndiyi deyilir. Bu il üçünsə ümumi bir rəqəm yoxdur. Vəsaitin məbləği ilə bağlı nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də digər yetkili qurumlar bir açıqlama verib: "Görünən odur ki, bu il gətirilən güllər heç də keçən ilkindən az deyil. Düşünürəm ki, azı keçən ilki qədər vəsait xərclənib. Hacıbala Abutalıbovun açıqlamasında maraqlı bir məqam var idi ki, bayram üçün müxtəlif Avropa ölkələrindən, hətta Ekvadordan belə güllər gətirilib. Təkcə, nəqliyyat xərcləri belə böyük məbləğin yaranmasına səbəb olur".
Natiq Cəfərliyə görə, xaricdən gətirilən güllərə bu qədər vəsaitin ayrılması rasional düşüncənin məhsulu deyil. Əgər belə bir bayramın hər il keçirilməsi nəzərdə tutulubsa, hökümət bir proqram hazırlaya bilərdi: "Yerli fermerlərə əvvəlcədən müəyyən məbləğlər verməklə sifarişlər etmək olardı. Belə olan halda məbləğin böyük bir hissəsi yerli fermerlərin istehsalının, qazanclarının artımına sərf olunardı. Bu addım atılsaydı Bakı ətrafı kəndlərdə, rayonlarda güllə məşğul olan fermer təsərrüfatları yarana bilərdi".

150 milyon manata nələr etmək olardı?

Natiq Cəfərli deyir ki, "Gül bayramı"na xərclənən vəsait ilə daha vacib məsələləri həll etmək olardı. "Bir tələbənin xaricidə beş illik təhsili 40 min manata başa gəlir. Minlərlə tələbənin bu vəsait hesabına xaricdə təhsil alması mümkün ola bilərdi. Bundan əlavə, Bakıda 10000-ə yaxın həkim çalışır. Bu həkimlərin aylıq maaşı təqribən 35-40 milyon manat civarındadır. Ən azından həkimlərin maaşını 2-3 dəfə artırmaq olardı. Əgər hökümət bu bayramın keçirilməsində israrlıdırsa, bunun qazancının yerli insanlara, fermerlərə çatdırılması haqqında düşünməlidir. Ən azından, gələn il üçün belə bir addım atılsa, yerli fermerlər bu bayramdan bir xeyir görə, qazanc əldə edə bilərdilər".

Azərbaycanda Gül bayramı (Fotosessiya)

"30 milyon böyük rəqəmdir"

İqtisadçı ekspert Zöhrab İsmayıla görə 30 milyon manat özü də böyük rəqəmdir. Bu vəsaitlə hansısa rayonun problemini bütünlükdə həll etmək olardı: "Büdcədən vəsait ayrılsa da bütün işləri iş adamlarına gördürürlər. Adı da olur könüllük. Hesab edirəm ki, güllərə sərf olunan bu vəsaitləri hər il bir regiona yönəltmək olar. Göyçayın, Sabirabadın, Şəkinin və başqa rayonların kəndlərinin çoxunda hələ də qaz yoxdur. Kəndlərimizin yolları faciəli vəziyyətdədir, 100-lərlə Azərbaycan kəndində içməli su problemi var".
"Bu gün Bakıda keçirilən Gül bayramı ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyon gül gətirilib", - bunu da Hacıbala Abutalıbov deyib. Ötən il "Bizim Yol" qəzetinin xarici ölkələrdən Azərbaycana gətirilən güllərlə bağlı araşdırmasında Türkiyənin Qida Tarım ve Hayvancılık Bakanlığının 2011-ci ildə Azərbaycana ixracatının 5.873.587, 2012-ci ildə isə 5.048.431 ABŞ dolları civarında olduğu faktı ortaya çıxarılıb. O da bəllidir ki, Azərbaycana güllər təkcə Türkiyədən gətirilmir.
Sonda bu qədər xərc çəkilərək gətirilən güllər iki gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin iritutumlu zibil maşınlarına yüklənərək aparıldı. Bəs, xərclənən vəsaitdən ölkəyə nə qaldı?/bizimyol/


2484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi