Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Laçının işğalından 22 il ötür...

Biz hələ də LAZIMI gözləyirik...

1992-ci il mayın 16-17-ə keçən gecə Ermənistan ordusunun başladığı hücumla Azərbaycan Laçını itirdi.
Düz 22 ildir ki, Azərbaycan tarixinə iz salmış oğulların yurdu olan, Xosrov bəy və Sultan bəy Sultanovlar kimi dövlət xadimləri bəxş etmiş bir rayonumuz düşmən tapdağı altındadır. O Sultanovlar ki, 1918-ci ildə qərbdən və şərqdən edilən erməni hücumlarına duruş gətirərək bütün Zəngəzuru Azərbaycanın nəzarəti altında saxlaya bilmişdilər.
Bəs belə igid oğulların beşiyi olan bir rayon necə oldu ki, 1992-ci ildə düşmən tapdağı altına keçdi? Səbəb nə idi?

Səbəbi jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin həmin günlərdə lentlərə köçürülmüş reportajlarında açıqca görmək olur. Həmin günlərdə bütünlükdə Laçın rayonu böyük bir yas çadırına bənzəyirdi. Bir türk elatının köçdən qabaq qurduğu yas çadırına. Adətən türklər mayın 17-də arandan dağa köçürlər, amma bu dəfə hər şey tərsinə idi, dağdan arana köçürdülər.
Çingiz Mustafayevin lentlərə köçürdüyü hərbçilər də tərsinə davranırdılar. Əvvəl hər şeyin bitdiyini düşünüb yas çadırının sahibləri kimi oturub baş sağlığı gözləyirdilər. Sonradan komandirlərinin Rusiya tarixindən çəkdiyi bir çox misalları yada salıb döyüşə hazırlaşdılar, amma bunun da faydası olmadı. Əhali də tam tərsinə davranırdı. Adətən, çətin məqamlarda arvad-uşağı qorxusuz yerə çıxararlar və əli silah tutan kişilər isə evi qoruyar. Amma kadrlarda Çingiz Mustafayevlə söhbət edən Qarıqışlaq sakini olan ağsaqqal qoyunları arana apardığını, evi isə arvadının qoruduğunu iddia edirdi. “Torpağı versək, kişi deyilik” deyən ağsaqqal özü-özünə inanmırdı.
Əcaba, görəsən, həmin günlərdə hər kəsi tərsinə davranmağa məcbur edən səbəb nə imiş? Sən demə, 1992-ci il mayın 12-də Azərbaycan Nazirlər Soveti Laçından əhalinin çıxarılması ilə bağlı 243 saylı qərar veribmiş. Həm də hansısa sirli əllər mayın 11-də rayona əhalini köçürmək üçün maşın karvanı göndəribmiş. Yəni məsələ aydın oldu. 1988-ci il dekabrın əvvəlində Göyçədən əhalini də Azərbaycan Nazirlər Soveti çıxarmışdı və bunun üçün mahalın mərkəzindəki əsas düyün kənd olan Şişqayaya 500-ə yaxın iri yük maşını göndərmişdi. Həmin maşınları Göyçəyə Nazirlər Soveti sədrinin bir müavini gətirmişdi. Həmin üzdəniraq məmur Qərbi Azərbaycan torpaqlarının Moskvanın diqtəsi ilə ermənilərə təhvil verilməsində əsas rol oynamışdı. O vaxt Nazirlər Sovetində Moskvaya işləyən gizli burokratik-oliqarxiya vardı və o oliqarxiya həmin günlərdə baş verən Yaqub Məmmədov - Ayaz Mütəllibov qaçdı-tutdusundan istifadə edərək Laçını tar-mar etmişdi.
Məhz satqın bürokratik-oliqarxiyanın əməyinin bəhrəsidir ki, indi 60 mindən artıq laçınlı 59 şəhər və rayonda qaçqın həyatı yaşayır. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye və 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar və 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif və 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.
Sultan bəy və Xosrov bəy kimi qəhrəmanların yurdunun belə ucuz qiymətə düşmənə təhvil verilməsinə görə başın sağ olsun, Vətən! Başın sağ olsun ki, bir də baş qaldıra biləsən və 3 min illik Laçın, Qubadlı, Gorus, Qafan və İstisu dağlarına bir də baxa biləsən./ans/
1639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15