Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2014

Ölülərin şəxsiyyət vəsiqəsi

Mən həmişə “şəxsiyyət” ifadəsinə xüsusi həssaslıqla yanaşmışam. Düşünmüşəm ki, bir insanın “şəxsiyyət” adlandırılması üçün, həmin insanın xeyli şəxsi üstünlükləri olmalıdır. Yaltaq, yalançı, acgöz, rüşvətxor, saxtakar adamların “şəxsiyyət” adlandırılması məni həmişə məyus edib.

Bədbəxtlikdən, bizim ölkədə hamıya “şəxsiyyət vəsiqəsi” verirlər. Bəli, Kəmalə Bənənyarlıya yumruq vuran polis zabitinin də, NIDA-çılara hökm oxuyan hakimin də, məhkəmələrdə üzə duran yalançı şahidlərin də “şəxsiyyət vəsiqəsi” var. Daha dəhşətlisi budur ki, belə “şəxsiyyət”lərin bəziləri hətta “Şərəf”, “Şöhrət” ordeni də gəzdirirlər.

Mahatma Qandi “Özünü tapmağın ən yaxşı üsulu- başqa insanlara xidmət etməyi dayandırmaqdı” deyirdi.

Görünür, insan mənliyini başqasının sərəncamına verəndə, özünü itirir və şəxsiyyətsizləşir. Bu ölkədə xeyli müddətdir ki, özün itirmiş adamlar, ləyaqətli insanların evindən silah, cibindən narkotik, ürəyindən “ermənipərəstlik” arzusu tapırlar.

Bəli, bizim taleyimiz özünü itirmiş adamların “tapıntı”sından asılıdır.

Belə adamlar ən çox öz ailələrinə xəyanət etmiş olurlar. Çünki, bir uşağın atasının, bir qadının ərinin, bir nəvənin babasının yaltaq, şərəfsiz olması həmin ailə üçün böyük xəcalətdir.

Ədalətsiz sifariş verən və bu sifarişi yerinə yetirən kəslər, təkcə bir müxalifətçini həbs etdirmiş olmur, həm də özünü yaxşı ər, ata, baba olmaqdan məhrum etmiş olur. Bir sözlə, bu ölkədə ləyaqətli insanların şərlənərək həbs olunması, həm də bu “layihə”ni həyata keçirənlərin iflasıdır.

Oskar Uayld isə “Özün özün ol, başqa rollar çoxdan tutulmuşdur” deyir. Özü ola bilməyənlərin, öz rolunu oynayanlara qənim kəsildiyi ölkədə yaşayırıq. 20 ildən çoxdur ki, özü ola bilməyənlər, bizi özlərinə oxşatmaq istəyirlər.

Bu adamlar bizə sübut etməyə çalışırlar ki, bizim də “şəxsiyyət vəsiqə”miz var, biz sizdən də yaxşı yaşayırıq, bizim arzularımız dərhal həyata keçir və bizlər sizlərə ağalıq edirik. Deməli, dördayaqlı kimi yaşayıb, ikiayaqlı olmaq mümkündür. Deməli, insan kimi doğulub, vəhşi kimi yaşamağı seçmək olar.

Bu ölkədə hamı seçim qarşısındadır. Ya öz seçimini özün etməlisən, ya da səni seçməklərinə razı olmalısan. Ya, insan kimi yaşamağı ən böyük mükafat kimi qəbul etməli, ya da özünü tanımayanların mükafatına boyun əyməlisən.

Bizim xalq olaraq sərgilədiyimiz mövqe “az olana qane olmaq” deyil. Az verilənə tabe olmaqdır. Cibimizdə “şəxsiyyət vəsiqəsi” gəzdirsək də, ölkəmiz üçün yararlı şəxsiyyət olmağa imkan verilmir və biz buna cəhd etmirik.

Biz sübut etməliyik ki, bu “vampirlər klubu”nun üzvləri bizim kimi “şəxsiyyət vəsiqəsi” daşısalar da, bizim kimi şəxsiyyət ola bilməzlər. Bu çirkabın içində könülü tamaşaçıya çevrilməyin özü də, şəxsiyyətin naqisləşməsinə xidmət edir. Vampirlərin dişi sənin ətinə batandan sonra, sən də insan qanı axtaracaqsan.

Bir sözlə “şəxsiyyət vəsiqəsi” almazdan öncə, insanlığa vəsiqə almaq lazımdır. Insanlıq vəsiqəsi alan adam, nə qadından zorla yalan ifadə almağa, nə də 5-10 manat qarşılığında yaltaqlanmağa meyl eləməz. Şəxsiyyətinə qətlə yetirmiş adamlar, cəmiyyətdə gəzən ölülərdi. Belə “ölü” lərin yaxşı pulu da, vəzifəsi də ola bilər. Buna aldanıb ölməyə həvəslənməyin. Çünki, ikinci ölümünüzdə “Allah rəhmət eləsin” deyən olmayacaq.

Şərin vəsiqəsin daşıyanlardan uzaq olun. Şərə şəxsiyyəti ilə meydan oxuyanlardan isə, vəsiqə alamğa çalışın.

İlham Hüseyn/azadlıq
1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı