Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

“Sovetski”dəki gizli niyyətlər üzə çıxır...

Oliqarx-məmurlar tarixi binaları ələ keçirmək istəyir?

Hökumətin bəzi tarixi abidələri özəlləşdirmək niyyəti çox şübhəlidir. Xüsusilə, tarixi abidələrlə zəngin “Sovetski” ərazisinin sökülməsi planı ərəfəsində bu niyyətin ortaya atılması şübhələri artırır...

Məlum olduğu kimi, bu günlərdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında Azərbaycanda bəzi tarixi abidələrin özəlləşdirilməsinin nəzərdə tutulduğunu bildirib. V.Əliyevin sözlərinə görə, bəzi yerli əhəmiyyətli abidələrin, məsələn, evlərin, ofislərin özəlləşdirilməsi nəzərdə tutulur.

Diqqət yetirin, məhz yerli əhəmiyyətli abidələr - evlər, ofislər?!

Yəqin bunun nə demək olduğunu, ilk növbədə, “Sovetski”də tarixi abidələr sayılan binalarda - evlərdə yaşayan sakinlər və ofislərdə fəaliyyət göstərən təşkilatlar anlayar... Bəli, bir daha aydın olur ki, oliqarx-məmurlar “Sovetski”dəki məcburi köçürmələrdə maraqlıdırlar; onlar sözügedən ərazidə sadə və kasıb insanların yaşadıqları tarixi binaları ələ keçirib, bu binaların istismarından mənfəət əldə etmək istəyirlər.

Hələ “Sovetski”dəki məlum etiraz aksiyaları zamanı, burada tarixi-memarlıq binalarından birinin sakini deyirdi ki, onun 2 mərtəbəli evini əlindən alıb, mehmanxanaya çevirəcəklər... Həqiqətən də bu cür evlərin söküləcəyi inandırıcı deyil. Indi isə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisinin açıqlaması bu şübhələrin əsassız olmadığını təsdiqlədi.

Hökumətin “Sovetski”dəki planları həyata keçsə, oradakı tarixi binalarda yerləşən mədəni-maarif müəssisələri və ictimai təşkilatlar da öz ofislərindən məcburən köçürüləcəklər. Sonradan oliqarx-məmurlar bu binaları özəlləşdirib öz biznes məqsədləri üçün istifadə edəcəklər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, “Sovetski” ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi, eləcə də inzibati bina mövcuddur.

Bu ərazidə 3 obyekt isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır: Təzə Pir məscidi, Azərbaycan Memarlar Ittifaqının binası və Hacı Sultan Əli məscidi.

Lakin bu siyahı dəqiq olmaya bilər. Çünki iki ay öncə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə bildirmişdi ki, “Sovetski”dəki tarixi binalarla bağlı məsələlərə aidiyyəti orqanlarla birlikdə baxılır və siyahılar tərtib olunur.

Mütəxəssis rəyinə görə, tarixi və mədəniyyət abidələrinin qorunub saxlanması birbaşa dövlətin vəzifəsi və borcudur. Məhz bu sahəni dövlət öz monopoliyasında saxlamalıdır. Elə özəlləşdirmə haqqında qanun qəbul olunanda da həmin abidələrin özəlləşdiriləcək obyektlərin siyahısına daxil edilməməsi bir məqsəd kimi qarşıya qoyulmuşdu. Odur ki, hökumətin bəzi tarixi abidələri özəlləşdirmək qərarını yanlış və səhv adlandırmaq lazımdır: “Bu, tarixi abidələrin, muzeylərin, mənəvi-mədəni obyektlərin dağılmasına rəvac verən bir qərar olacaq”./azadlıq/
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı