Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Nə edək bu zehniyyətlə?

AzTV-yə baxıb, şükr edirlər ki, nə yaxşı Heydər Əliyev imkan verməyib, yoxsa ermənilər hamımızı kürüyüb, Xəzərə tökəcəkmiş

Hər il Heydər Əliyevin ad günü üçün keçirilən "Gül bayramı"ndan və İlham Əliyevin ad gününə hazırlanan nəhəng tortun kəsilməsindən sonra bəzi vətəndaşlarımız tort qırıntıları və atılası güllər uğrunda necə deyərlər, az qalırlar özlərini öldürsünlər. İstədiklərini əldə edəndə isə onların üzündə qəribə bir sevinc hissi yaranır. AXCP sədri Əli Kərimli növbəti facebook qeydini bu cür vətəndaşlarımıza, daha doğrusu onları belə vəziyyətə salan mühitə həsr edib:

Çoxları bu adamlardan şikayətçidir. İlham Əliyevin ad günündən sonra 12 tonluq, 50+ metrlik tortun qırıntıları uğrunda, Heydər Əliyevin ad günündən sonra isə “Gül” bayramında istifadə edilmiş güllər uğrunda qırğın edən soydaşlarımızdan gedir söhbət. Onlar ölkədən çıxarılmış 48 milyarddan da, talan edilən digər milyardlardan da xəbərsizdilər. AzTV-yə baxıb, şükr edirlər ki, nə yaxşı Heydər Əliyev imkan verməyib, yoxsa ermənilər hamımızı kürüyüb, Xəzərə tökəcəkmiş.

Nə edək bu zehniyyətlə? Bilirəm ki, çoxunuz bu adamlara qəzəblisiniz. Hətta bəziləriniz düşünürsnüz ki, belə soydaşlarımız imkan vermir millət bu zülmdən qurtulsun və s. Amma məncə, bu adamlar barəsində belə düşünmək yanlışdır.



Əvvəla, bu vəziyyətə salındıqları üçün bu adamlara qəzəblənmək yox, acımaq lazımdır. Adamları alternativ informasiyalardan, yanaşmalardan məhrum ediblər. Sizin əksəriyyətinizdən fərqli olaraq mən Sovet dövrünü də xatırlayıram. Və hələ də təəccüblənirəm ki, o zaman adamları necə kütləvi şəkildə sadəlövh edə bilmişdilər? Necə insanları minimum həyat səviyyəsi ilə barışdırmışdılar? Müasir dövrdə də düşünmək imkanı kütləvi şəkildə əlindən alınmış xalqlar var. Diktaturaların tam və qəti qələbə qazandığı Şimali Koreya, Türkmənistan və bu qəbildən olan dövlətlərin cəmiyyətlərinə baxın. Həmin cəmiyyətlərdə heç də hamı rejimə yalnız qorxduğu üçün loyal deyil, həm də ona görə hökumətlərindən razıdırlar ki, (təəccüblənməyin, az deyil belələri) sadəcə indi yaşadıqlarından müsbət mənada fərqli bir cəmiyyət təsəvvür etmirlər.

Əlbəttə, bizdə vəziyyət xeyli yaxşıdır. Qəzetlər, “Azərbaycan saatı” televiyiya proqramı və daha çox da internet, xüsusilə sosial şəbəkələr vasitəsilə bir neçə milyon azərbaycanlı ölkədə real baş verənlərdən az-çox xəbər tutur. Tənqidi, alternativ baxışlardan məlumatlıdır. Məhz həmin bir neçə milyon informasiyalı və az-çox mövqeli insanların hesabına hakimiyyət seçkilərdə həqiqi uğur qazana bilmir.

Amma etiraf etmək lazımdır ki, hələ də qəzet oxumayan, internetdən istifadə etməyən, üstəlik məlumatlı ailə üzvü də olmayan xeyli həmvətənimiz var. Həmin insanlar üçün hökumətin tam nəzarət etdiyi televiziyalar yeganə informasiya mənbəyidir. Biz həmin adamların acınacaqlı vəziyyətini başa düşməliyik. Onlarla birbaşa təmas yaratmağa çalışmalıyıq. Daha çox sayda insanın mövcud informasiya resurslarından istifadəsini təbliğ etməliyik, yeni informasiya resursları yaratmalıyıq.

Hə, bir də unutmayaq: dünya təcrübəsi sübut edir ki, böyük demokratik dəyişikliklərə imza atmış xalqlar buna əhalinin yalnız 2-3 faizinin aktiv mübarizəsi ilə nail ola biliblər. Bizim ölkəmiz üçün də bu düstur keçərlidir. Xalqımızın 2-3 faizinin demokratiya uğrunda ardıcıl, dinc mübarizəyə qərar verməsi yetərlidir.
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi